Mükərrəmoğlu M.

 

Vaşinqtondakı Tekstil Muzeyinin təcrübəsindən bəhrələnmək olar

 

Bu günlərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Röya Tağıyeva Vaşinqtonun Tekstil Muzeyində olmuşdur. Səfərin məqsədi və bütövlükdə Muzey Günü ilə bağlı suallarımızı Röya xanım cavablandırır.
— Röya xanım, Vaşinqtona səfəriniz necə keçdi? Ümumiyyətlə, nə idi bu səfərin məqsədi?
— Bizim muzeylə Vaşinqtonun Tekstil Muzeyi arasında 2006-cı ildə yaranan əməkdaşlıq çərçivəsində “Tekstil toplularında istifadə üçün təlimatlar toplusunun təşkili” layihəsi hazırlanmış və həyata keçirilmək üzrədir. Beynəlxalq Muzeylərarası Əməkdaşlıq Proqramı çərçivəsində ərsəyə gətirilən bu layihəni Amerika Muzeylər Assosiasiyası və Azərbaycandakı ABŞ səfirliyinin mədəni əlaqələr şöbəsi dəstəkləyir və ona sponsorluq edir. Layihənin məqsədi veb-sayt formasında tekstil kolleksiyalarına malik muzeylər üçün kolleksiyaların qorunması, saxlanılması və menecment sahəsində faydalı vasitəyə çevriləcək iki hissədən ibarət bələdçinin yaradılmasıdır.
— Layihənin reallaşması üçün hansı praktik işlər görülüb?
— Layihənin birinci dövrünün nəzərdə tutulan planı üzrə 2006-cı ilin iyun ayında Tekstil Muzeyinin bir nəfər əməkdaşı Bakıda olmuş və bir ay ərzində bəşəriyyətin ən əsas mədəni irs növlərindən olan tekstil məmulatlarının və xalçalarının qorunması və mühafizəsi üzrə təcrübə mübadiləsi aparılmışdır. Layihənin ikinci dövrünün planına uyğun olaraq əldə olunan təcrübə əsasında veb-saytda yer alacaq bələdçini tamamlamaq və eləcə də kolleksiyaların nümayişi, qorunması, idarə olunması üsulları ilə tanış olmaq üçün 2007-ci il aprelin 26-dan mayın 12-nə kimi mən Vaşinqton Tekstil Muzeyinə ezamiyyə olundum. Səfər çərçivəsində biz Nyu-Yorkun “Metropoliten” muzeyində də olduq. Mənim üçün çox sevindirici idi ki, muzey eksponatları arasında xüsusi olaraq “Azərbaycan xalçası” bölməsi var idi və burada xeyli Azərbaycan xalçası nümayiş olunurdu. XVI əsrdən qalma Əzəxalı xalçaları onların arasında idi. Ermənilər bu xalçanı öz adlarına çıxarmağa çalışsalar da burada həmin xalçalar “Azərbaycan xalçası” bölməsində yerləşdirilmişdir. “Metropoliten” muzeyinin mühafizə, bərpa və s. işləri ilə tanış oldum. Bilirsiniz ki, cənab Prezidentin sərəncamına uyğun olaraq, Azərbaycanda yeni xalça muzeyi binası inşa ediləcək və bu mənada biz xarici muzeylərin də strukturuna, muzeylərin daxili tərtibatına xüsusi fikir verib öyrənirik. Yeni bina, söz yox ki, müasir standartlara uyğun olmalıdır. Əlbəttə, Tekstil Muzeyində görüşlər çox səmərəli oldu. Biz onların bayramında da iştirak etdik. Çox maraqlı idi. Artıq yeni layihənin hazırlanması üçün kifayət qədər material vardır. Bizim hazırlayacağımız təlimat muzeylər üçün çox əhəmiyyətli xarakter daşıyacaq.
— Röya xanım, qarşıdan Muzeylər Günü gəlir. Bu istiqamətdə hansı tədbirlər hazırlanır?
— Mən bu başdan deyim ki, Azərbaycanda muzey işinin inkişafına dövlətimiz xüsusi qayğı göstərir. Bu yaxınlarda möhtərəm Prezidentimiz ölkədə muzey işinin inkişafı ilə bağlı xüsusi sərəncam imzalamışdır. Tarix Muzeyi, İncəsənət Muzeyi əsaslı təmir olunacaq, bizim muzey üçün yeni bina tikiləcək.
Qaldı Muzeylər Gününün qeyd olunmasına, bu da bizim bayramımızdır. Hər il Beynəlxalq Muzeylər Günü bütün muzeylərimizdə xüsusi tədbirlər keçirilir. Ancaq bu il biz mayın 19-da daha böyük tədbirlər silsiləsi keçirəcəyik. “Muzeylər və universal irs” devizi ilə keçirilən “Muzeylər gecəsi” adlı tədbirlər olacaq ki, bunun da təşəbbüsçüsü Fransa Respublikasının Mədəniyyət və Kommunikasiya Nazirliyidir. Bu tədbirlərin məqsədi muzeylərə geniş tamaşaçı auditoriyasının cəlb edilməsi, muzeylərin əhali tərəfindən canlı və cazibəli mədəniyyət ocağı kimi qəbul olunmasıdır. Bu il biz də həmin layihəni həyata keçirəcəyik. Dövlət Muzey Mərkəzi binasında keçirilən “Yallı rəqsi etməyi öyrənirik”, “Xalça motivləri əsasında moda nümayişi proqramı” və digər tədbirlər nəzərdə tutulur.
Bizim istədiyimiz budur ki, adət-ənənələrimiz nəsillərdən-nəsillərə keçsin, mədəni irsimiz qorunub saxlanılsın.
Muzeylərin bu sahədəki xidmətləri isə əvəzsizdir.

 

Xalq qəzeti.-2007.-17 may.-S.7