Tağızadə Ş.

 

Ömrün naxışları

 

       Onun hər bir xalçada öz imzası var. Doğrudur, rəssamlardan fərqli olaraq xalçaçılar öz əsərlərində adlarını yazmırlar. Lakin onların yaradıcılığına, dəst-xətlərinə bələd olanlar ilk baxışdan bilirlər ki, bu ilmələr kimə məxsusdur. Bu gün sənətindən söhbət açdığımız Afaq xanım Kərimova düz 25 ildir ki, sehirli barmaqları ilə əsl möcüzə yaradır. Onun xalçaları dünyanın neçə-neçə ölkəsində nümayiş olunub, saysız-hesabsız sərgilərdə əlinin izi olan sənət əsərləri -xalçaları tərifə layiq görülüb, sənətkarlar tərəfindən yüksək qiymətləndirilib.Mövzu palitrasına gəldikdə onu demək lazımdır ki, Afaq Kərimovanın işlədiyi xalçalar rəngarəngdir. Rəssamın işlədiyi bütün əsərlər - istər dahilərin, dövlət xadimlərinin portretləri, istərsə görkəmli ədəbiyyat incəsənət adamlarının süjetli orijinal xalçaları həmişə böyük rezonans doğurur. Onun xalçalarını nəzərdən keçirdikcə oradakı saysız-hesabsız miniatürlərə heyran olmaya bilmirsən. Biri digərini tamamlayan, ancaq təkrar olunmayan yüzlərlə, minlərlə miniatür süjetlər sanki adamı ovsunlayır, bu sənət dünyasından ayrıla bilmirsən.
2007-ci ilin təqvimini vərəqləyərkən gözəl bir foto işi nəzərimi cəlb etdi. Şəmkirdə açılmış Heydər Əliyev adına muzey mərkəzində nümayiş etdirilən böyük ölçülü qələmkar əsərdə ulu öndər Heydər Əliyevin orijinal
portreti təsvir edilib. Bu, rəssamın yeni işidir. Məhz Heydər Əliyev muzeyi üçün sifariş edilmişdir. Əsərə diqqət etdikcə öncə ümummilli liderimizin kəlamını oxuyuruq: "Mənim əsərlərim şeir deyil, roman deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım saraylar, yaşayış evləri, məktəb binaları, yollar, körpülər, su kəmərləridir".
Ulu öndərin bu sözləri ilə açılan batikin ana xəttinin mərkəzində təsvir edilən qollu-budaqlı ağac bizi sanki mədəniyyətimizin keçmişinə aparır. Burada xalqımızın misilsiz sərvəti olan "Kitabi-Dədə Qorqud"dan söz açılır. Nizami, Füzuli dühası ilə bağlı görüntülər diqqətimizi çəkirE Bütün bunlar elə bil ağac kötüyünə qarışmışdır. Heydər Əliyevin işıqlı siması fonunda işlənmiş bu kötüyün güllü-çiçəkli qol-budaqları arasında bizlər üçün yaratdıqları -Respublika sarayı, Cavid məqbərəsi, kondisionerlər zavodu, Gülüstan sarayı digər möhtəşəm binalar, heykəltəraşlıq kompleksləri Azərbaycanın bütöv bir siluetini xatırladır. Ulu öndərin portreti isə sözünün qeyri-adiliyi ilə seçilir.
Batikin yuxarı hissəsində "Dədə Qorqud" boylarından götürülmüş "Haqq yandıran çırağın daim yansın" alqışları da yerinə düşmüşdür. Rəssam Afaq Kərimovanın bu silsiləsindən olan böyük ölçülü batikləri Yevlaxda, Lənkəranda digər rayonlarda açılmış Heydər Əliyev muzeylərinin əsas eksponatları arasındadır.
Bu günlərdə istedadlı rəssam yaradıcılığının 25 illiyini qeyd etməyə hazırlaşır. Hələ tələbə ikən müəllimi, mahir xalça ustası Lətif Kərimova həsr etdiyi qeyri-adi portret xalçası ilk dəfə Bakıda keçirilən beynəlxalq xalça simpoziumunda göstərilmiş, qonaqları heyran etmişdi. Sırf ornamentlərlə işlənmiş bu xalça ona böyük uğur gətirmişdir. Elə tələbəlik illərindən başlayaraq o, respublika əhəmiyyətli tədbirlərdə öz xalçaları ilə çıxış etimşdir.Təsadüfi deyil ki, bu gün Nizami adına Ədəbiyyat, R.Müstafayev adına Azərbaycan Dövlət İncəsənət muzeylərinin, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Hüseyn Cavid ev-muzeylərində, Yesenin muzeyində onun süjetli xalçaları, batikləri ekspozisiyalarda müvəffəqiyyətlə nümayiş etdirilir. Almaniyada, Fransada Türkiyədə, İspaniyadakı muzeylərdə açılmış sərgilərdə onun özünəməxsusluğu ilə seçilən, fərqli xalçaları, batikləri, qeyri-adi materiallardan hazırlanmış bənzərsiz sənət əsərləri barədə gözəl fikirlər söylənilmişdir.
"Kitabi-Dədə Qorqud" xalqımızın yüzilliklərə söykənən tarixi salnaməsidir. Dastanın boylarında cərəyan edən hadisələr milli soykökümüzün araşdırılmasında, kimliyimizin dərk edilməsində qiymətli mənbə, düşmənlərimizin önündə ən qüdrətli mənəviyyat qalxanımızdır. İlk dəfə olaraq bu əsər bütünlüklə ilmələrə hopmuşdur. Dövlət sifarişi ilə hazırlanan "Kitabi-Dədə Qorqud" triptixinin müəllifi Afaq Kərimovanın özünün dediyi kimi, əsərdə məqsəd qədim Oğuz eli ilə bu günümüz arasında vəhdət yaratmaqdır.
Dövlət sifarişi ilə hazırlanmış "Azərbaycan" xalçası isə həm Səməd Vurğunun 100 illiyinə gözəl töhfədir, həm bizim bu günümüzlə səsləşən əsərdir. Qarabağ mövzusunda yaratdığı bir-birindən gözəl süjetli portret xalçaları, xüsusilə Xan qızı Natəvana həsr etdiyi bir neçə süjetli xalçası müəllifinə böyük şöhrət gətirmişdir.
Görkəmli dramaturq Hüseyn Cavid onun yadigarları - ömür-gün yoldaşı Müşkinaz xanım, oğlu - istedadlı bəstəkar, həyatdan çox erkən köçmüş şair Ərtoğrul Afaq xanımın çoxsüjetli xalçalarında əbədiləşmişdir. Rəssamın işi bununla bitmir. Hüseyn Cavidin ev-muzeyindən sifariş alan rəssam muzeyin bədii tərtibatı dizaynını vermiş, orijinal ab-hava yaratmışdır. Bu da təsadüfi deyil, Afaq xanım uzun illər boyu böyük şairin yaradıcılığını öyrənmiş, onun yaşayıb-yaratdığı dövrü, mühiti tədqiq etmiş yalnız bundan sonra ev-muzeyin tərtibatını, eyni vaxtda - Ərtoğrula Turan xanıma həsr etdiyi əsərlərini işləmişdir.
Rəssamın yaradıcılığını izləyərkən onun Üzeyir Hacıbəyov ev-muzeyi üçün hazırladığı "Cıdır düzündə" əsəri diqqəti çəkir. Azərbaycançılığa həsr edilən bu əsərin cazibəsindən heç cür ayrıla bilmirsən.
Afaq Kərimova yaradıcılığının 25 illiyi münasibətilə özünün fərdi sərgisinə hazırlaşır. Ekspozisiyada haqqında söhbət açdığımız xalçalarla yanaşı, onun ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi bir-birindən fərqli ilmələrə hopmuş, təbii dəri üzərində qızılı şəbəkələrlə, yağlı boya ilə işlənmiş gözəl sənət nümunələri nümayiş etdiriləcəkdir.

Azərbaycan.-2007.-22 may.-S.8.