Hacızadə B.

 

Sənətə, sənətkara verilən qiymət

 

Adı milli mətbuat tariximizə qızıl hərflərlə yazılmış "Molla Nəsrəddin" jurnalında dərc olunmuş karikaturalar həmişə olduğu kimi, yenə həvəslə baxılır, maraqla qarşılanır. Unudulmaz rəssamlar Oskar Şmerlinqin, İozef Rotterin, Əzim Əzimzadənin, Qəzənfər Xalıqovun, Xəlil Musayevin başqalarının yaradıcılq ənənələri bu gün davam etdirilir.
Ötən ildən "Biz karikatura" adlı yeni jurnal nəşrə başlayıb.
Məqsədimiz ömürlərini bu sənətin inkişafına həsr edən rəssamların həyat yaradıcılıqlarını xatırlatmaq, ilk addımlarını atan gəncləri təbliğ etmək, tanıtmaqdır. Ölkəmizdə yeni qurum - Azərbaycan Karikaturaçılar Cəmiyyəti yaratmışıq. Qısa zaman ərzində Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının üzvlüyünə qəbul olunmuşuq. Cəmiyyətimiz dünyanın bir çox ölkələrində keçirilən müsabiqələrdə, sərgi festivallarda uğurla iştirak edir. Ayrı-ayrı rəssamlarımız müxtəlif mükafatlara, təltiflərə layiq görülüb.
Dövlətimiz karikaturaçı rəssamlara daim qayğı göstərir. Yaxın günlərdə sözə, sənətə, sənətkara illər boyu dəyərli qiymət vermiş ulu öndər Heydər Əliyevin xeyirxah ideyalarını yüksək səviyyədə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə əməkdar incəsənt xadimi fəxri adına layiq görülmüşəm. Xoş xəbəri eşidəndə fərəhləndim. Sevincimi dost-tanışlarımla, həmkarlarımla bölüşdüm. Bir daha əmin oldum ki, ölkəmizdə baş verən bütün yeniliklər, inkişaf cənab Prezidentin daim diqqətindədir. Müdrik, uzaqgörən, həssas qəlbli rəhbərimizin xeyirxahlığını ömrüm boyu unutmaram.
Hörmətli redaksiya! Xahiş edirəm ki, yüksək fəxri ada layiq görülməyimə sərəncam vermiş möhtərəm Prezidentimizə mənim minnətdarlığımı çatdırasınız. Bundan sonra da var gücümlə çalışacağam ki, etimadı doğruldum, klassik karikatura sənəti ənənəsinə layiq əsərlər yaradım.

Azərbaycan.-2007.-19 may.-S.2.