Məmmədova G

 

Süni təbiət, yoxsa mədəniyyət?

 

Bir vaxtlar dilimizə neologizm adı ilə daxil olan bir sıra sözlər var idi ki, artıq həmin sözlər köhnəlib, daha doğrusu heç istifadə də olunmur. Amma bunun əvəzində dilimizə vaxtaşırı yeni sözlər daxil olur ki, həmin sözlər də yəqin bir vaxt öz yeniliyini itirəcək.

İndi bəhs edəcəyim mövzu isə kulturologiya ilə bağlıdır. Əslində bu söz də dilimizə yeni daxil olmuş kimi də qəbul edilə bilər. Kulturologiya bir elm olaraq Azərbaycanda 90-cı illərdən yaranmağa və formalaşmağa başladı. Nə dərəcədə formalaşa bildi. Bu istiqamətdə bir qədər sonra.

Kulturalogiyanın bir elm kimi mövcud olmasının tarixi 1949-cu ilə, vətəni isə Amerikaya bağlıdır.

Tanınmış kulturoloq alim Fuad Məmmədov Azərbaycanda kulturologiyanın əsasının onun rəhbərlik etdiyi «Simurq-Azərbaycan» mədəniyyət mərkəzi tərəfindən qoyulduğunu bu mərkəzin isə 1989-90-cı illərdə yaradıldığını deyir. Mən kulturologiyanın sadə bir elm kimi görünməsi barədə fikirlərimi Fuad müəllimlə bölüşmək istəyəndə o, bu elmin asan və sadə göründüyü qədər də çətin və mürəkkəb olduğunu dedi. Öncə onu söylədi ki, kulturologiya bir çox elmlərin qovşağıdır eyni zamanda bəzi elmlərin həll edə bilmədiyi problemləri həll etmək qüdrətindədir. Kulturologiya insanın.bəşəriyyətin inkişaf tarixini göstərən bir elmdir.

Mədəniyyət bilikdən başlayır. Bu elm yaradıcı insanların həyat və fəaliyyəti haqqındadır. Hər bir sivilizasiyada yaradıcı qüvvə ilə yanaşı dağıdıcı qüvvə də olur. Müharibə, böhran bunlar şərə xidmət eləyən qüvvələrdir. Şərin bütün formaları da antimədəniyyətdir. Ruhi əqli mədəniyyət nə qədər yüksələrsə ölkənin rifahı da bir o qədər yaxşı olar.

Fuad Məmmədov onu da dedi ki, bizim çoxlarımız maddi və mənəvi mədəniyyyət ifadələrini işlədirik. Əslində bu düzgün deyil. Daha yaxşı olar ki, bu sözləri maddi və ruhi mədəniyyət ifadələri ilə əvəzləyək. Elə maddi mədəniyyətin əsasında da ruhi mədəniyyət dayanır.

Mədəniyyəti bir sıra təhlilləriylə dəyərləndirən kulturoloq Fuad Məmmədov eyni zamanda mədəniyyəti ikinci süni təbiət də adlandırır. Çünki insanın ağlının, hissinin, ümumiyyətlə fiziki əməyi sahəsində nə yaranıbsa bütün bunların mədəniyyətlə birbaşa əlaqəsi var. Kulturologiya elminin maraqlı bir sahə olması təkcə bu sahədə bir sıra işlər görən Fuad Məmmədov üçün deyil, bütün cəmiyyyət üçün maraqlı olmalıdır. Bu sahənin maraqlı və lazımlı olması fikri yaşadığımız bu günlərdə bir qədər də aktuallaşdı. Bu gün Bakıda kulturologiyaya həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi də bunu deməyə əsas verir. Özü də bu tədbir Azərbaycanda ilk dəfədir ki keçirilir.

«Simurq-Azərbaycan» mədəniyyət mərkəzinin prezidenti Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, kulturoloq Fuad Məmmədov bu konfransda ilk çıxışçılardan biri oduğunu və «Azərbaycanda kulturologiya-müasir vəziyyəti və perspektivləri» mövzusunda çıxış edəcəyini söylədi. Bu tədbiri dəstəklədiyini deyən Fuad müəllim, forumda xarici ölkə nümayəndələrinin də iştirak edəcəyini bildirdi.

Çox zaman deyirik ki, hər bir xalqın özünəməxsus xüsusiyyətləri var və onları bir-birindən fərqləndirən də məhz həmin xüsusiyyətlərdir. Amma bu xalqları birləşdirən yeganə məram isə mədəniyyətdir. Mədəniyyətin bu gün təbliği olduqca vacib məsələlərdəndir. Mədəniyyətşünaslığın da kulturologiyaya xidmət etməsi mütəxəssislərin gəldiyi nəticələrdəndir.

Kulturoloq Fuad Məmmədov tədbirdən müsbət nəticələr gözlədiyini söylədi. Amma irad hissi ilə onu da bildirdi ki, respublikada yeganə müstəqil təşkilat olan «Simurq-Azərbaycan» mədəniyyyət mərkəzinə dövlət tərəfindən heç bir dəstək göstərilmir. Halbuki onlar kulturologiya ilə bağlı bir sıra nəşrlər hazırlayıb və yarandığı müddətdən indiyə qədər 250-dən artıq tədbir keçiriblər. Kulturoloqun təəssüfləndiyi məsələlərdən biri də bu oldu ki, son zamanlar ali təhsil müəssisələrində kulturologiya ilə bağlı fənnlərin tədrisi naməlum səbəblərdən dayandırılıb. Orta və ibtidai məktəblərdə kulturologiya fənn kimi tədris olunmaq əvəzinə, bir çox ali məktəblərdə kafedralar bağlanılıb, fənlərin tədrisi dayandırılıb. Bu fənn yeganə olaraq Mədəniyyət və İncəsənət Universitetində tədris olunur.

Güman eləyək ki, ilk dəfə Bakıda keçiriləcək bu forum istər müstəqil, istərsə də dövlət təşkilatlarının bu sahənin təbliğinə və inkişafına diqqətini bir qədər də artıracaq. Ən azı mədəniyyətin insanları, xalqları birləşdirməyə qadir olduğu qüvvə olduğu üçün, ən azı mədəniyyətin xeyirxah qüvvələrə xidmət elədiyi üçün.

 

Ədalət.- 2007.- 4 may.- S. 6.