Qaliboğlu E.

 

Yeni Qalereyada Azad Rzayevin fərdi sərgisi

 

İçərişəhərdə isə Kanada fotoqrafının əsərləri təqdim olunur

Mayın 17-dən başlayan beynəlxalq Bakı fotofestivalı davam edir. Festival Bakının bir neçə rəsm qalereyasında müxtəlif fotoqrafların birgə, yaxud fərdi sərgiləri biçimində tamaşaçıların ixtiyarına verilib. Qeyd edək ki, Muzey Mərkəzindəki böyük həcmli sərginin nümayişindən fərqli olaraq digər sərgi salonlarında Azərbaycan, eləcə müxtəlif dünya fotoqraflarının fərdi sərgilərlə çıxış etmələri diqqəti cəlb edir. "Yeni qalereya"da Azərbaycan fotoqrafı Azad Rzayevin fərdi sərgisində onun müxtəlif mövzulu fotoları diqqəti cəlb edirdi. A.Rzayev İncəsənət İnstitutunu bitirib, Moskva Kinematoqrafiya İnstitutu nəzdində ixtisas artırma kursunda oxuyub, "Azərbaycanfilm" sənədli filmlər üzrə operator, həmçinin Moskvadakı məşhur "Yeralaş" uşaq yumoristik kinojurnalında operator işləyib. İndiyə kimi bir neçə müsabiqədə iştirak edib, mükafatları var.

Fotoqrafın əsərlərində həyatın müxtəlif məqamlarının mənalı ifadəsinə rast gəlmək olur. Foto əks etdirmək sənəti olsa da, A.Rzayev foto sənətinə imkanı çatdığı qədər "bədiilik verməyə" çalışır. Məsələn, torun içərisindən "pantomimsayağı" çıxan qadın obrazı sanki teatral dekorasiyanı xatırladır. Həmçinin cansız moda maketlərinin düzümünü fotoçu sanki bunlar canlıymış deyə tamaşaçıya təqdim edir. İçərişəhərin Qala divarlarından bir görüntü - qarlı Bakı havasında tamaşaçıya əsrarəngiz təsir bağışlayır. Qala divarları soyuq havada belə məğrurluğunu qoruyub saxlayır. Digər bir şəkildə təxminən bir əsr yaşı olan Azərbaycan qadınının tamamilə qocalmış, amma nurlu sifəti çox uzaqlara ümidlə baxır. Tikintidə işləyən fəhlələrin sanki göydən asılıbmış kimi siluetsayağı duruşu fotoqrafın diqqətindən yayınmayıb. Səhnədəki 3 çıxışçının əksi siluetsayağıdır: sifətlər görünməsə belə, əsərin dinamizmi aydın hiss olunur.

İçərişəhərdəki Müasir İncəsənət mərkəzində isə Kanada fotoqrafı Daniel Sikorskinin fərdi sərgisi tamaşaçılara təqdim olunur. İri ölçülü fotolşəkillər -qaradır. Sərgidəki şəkillərin mövzuları demək olar, müxtəliflik aşılamır: əsasən bir, ya iki mövzudadır ki, bu barədə az sonra danışacağıq. Sərginin girişindəki şəkildə asfalt üzərində durmuş it obrazı var. Digər şəkildə buz üzərində konki sürən idmançı dolanbac yolu aşır. Bu şəkildə qadın viski şüşüəsini demək olar, yarılayıb, qarşısında boş fincan var. Hiss olunur ki, qadının sifəti keyləşib. Növbəti fotolarda da əsas obrazlar qadınlardır. Etiraslı qadın obrazları tamaşaçıya ülvi, ruhlu, insani təəssüratlar bəxş etmir. Fotoların peşəkarcasına çəkildiyinə şübhə yeri qalmır, lakin bu əsərlərin Azərbaycan tamaşaçısının mənəvi dünyasına aşındırıcı təsir göstərə bilər. Bu gün Qərb açıq-saçıqlığının hər mənada ömürlərə sirayət etdiyi bir zamanda bu fotosərgidə nümayiş etdirilən iri planlı əsərlər həm Qərbin daxili aləmini ortaya qoyur.

Oğlanla qucaqlaşmış qızın biri-birlərinə münasibətində ilahilikdən əsər-əlamət yoxdur. Növbəti şəkil tamaşaçıda ikrah yaradır: eyvan boyunca durmuş bir neçə oğlan qızın hərəkətləri ürək bulandırır. İki oğlan biri-birlərinə dillərini çıxarıb az qala uc-uca toxundururlar. Digər həmin məqamda oğlandan biri sürahidə arxası üstə uzanmış oğlanın boynuna "siqaret dağı" çəkməyə hazırlaşır. Sərgidə xeyli çılpaq, müxtəlif pozalı qadın fotoları var. Bu şəkillərdə insanın biolojiliyi qabardılır. İfrat çılpaq şəkillərdə qadın əşyalaşır, adiləşir...

 

Xalq cəbhəsi.-2007.- 22 may.-S.15.