Nəzakət
Gürcüstan, Azərbaycan və
Moldovanın
gənc foto-ustalarının
sərgisi
Sərgi Azərbaycan
Respublikasının Gənclər və idman Nazirliyi
tərəfindən təşkil olunmuşdur
Dünən
İçərişəhərdəki "Abşeron"
rəsm qalereyasında növbəti foto-sərginin
açılış mərasimi keçirildi. Qeyd edim ki,
sərginin təşkilatçısı Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyidir. Gürcüstan,
Azərbaycan və Moldava gənclərinin foto-sərgisi
"Ayna-2007" İkinci Beynəlxalq Yaradıcı Foto Festivalı
çərçivəsində keçirildi.
Sərgidə
Gürcüstan, Azərbaycan və Moldovanı təmsil
edən 14 gənc fotoqrafiya ustası iştirak edirdi. Onların
sırasında Azərbaycanı təmsil edən Emil
Xəlilov, Təhminə Əhmədova, Şamil Asimoğlu
və Nəcəf Hümbətov kimi tanınmış
foto-ustalarının yaradıcılıq nümunələri
diqqətdən yayınmır. Nəcəf Hümbətov,
Zaur Həsənxani və Türkan Hüseynova
dəfələrlə respublika səviyyəli
foto-sərgidə iştirak etmişlər. Foto-sərgidə
iştirak edən "Təzə səslər" isə
Fərid Məmmədov, Zeynal Zeynalov, Nikolay Zaytsev, Yusif Məcidov, Nigar Dadaşova və
Fərid Şıxəliyev idi.
Moldova Respublikasını
artıq bizə tanış olan gənc fotoqraf Kristina
Putsuntika təmsil edirdi. Gürcüstan Respublikasını
təmsil edən Tato Kotetşvili Azərbaycan fotosevərlərinə
8 kompozisiyadan ibarət "Svanettya" seriyasını
təqdim edirdi.
Gənclər sərgisinə
təqdim olunan işlər başlıca olaraq yaradıcı
ruhlu kompozisiyalardır və müxtəlif zövqlü
insanlar tərəfindən fərqli
ölçülərdə qəbul edilə bilər. Əlbəttə,
Tato Kotetişvilinin Svanetiya mənzərələrini və
uşaqlarını təsvir edən fotoları, Emil
Xəlilovun dağ təsvirləri, Fərid Şıxəliyevin,
Zeynal Zeynalovun Azərbaycanın müxtəlif
guşələrini əks etdirən
mənzərələri, Nikolay Zaytsevin "Dağların
güzgüsü" seriyası iştirakçılar
tərəfindən maraqla qarşılandı. Emil Xəlilovun
"Dağlarda yay", "Tənha zirvə", Zaur Həsənxaninin
'Tarqovaya küçəsi", Fərid Şıxəliyevin
"Karvansara" kimi fotoları orijinallığı
baxımından seçilirdi. Lakin bir sıra fotolar Şamil
Asimoğlunun "Tənha oğlan", Zaur Həsənxaninin
"Bakı XXI əsrin əvvəllərində",
Nəcəf Hümbətovun "Təbiətlə
üz-üzə", Türkan Hüseynovanın
"İşıq ucu", Kristina Putsintikanın
"Deməyə sözüm var", Tato Kotetişvilinin
"Damlar və uşaqlar" foto kompozisiyaları
tamaşaçını düşündürür, cəmiyyətin
və təbiətin taleyi haqqında
fikirləşməyə məcbur edir. Nigar Dadaşovanın
"Qəribə ağac" və "Zülmətin
sirri", Fərid Məmmədovun "Gözdən
uzaqda", Türkan Hüseynovanın “Gecə”, Şamil
Asimoğlunun "Kölgə" kompozisiyaları, Emil Xəlilovun
"Sfinks. iri ayağı" əsəri
tamaşaçıda qəribə təəssüratlar
oyadır.
Sərginin 14
iştirakçısı sənətsevərlərin
mühakiməsinə 59 foto-kompozisiyanı təqdim
etmişdilər. Xatırladım ki, Gürcüstan,
Azərbaycan və Moldovanın gənc foto-ustalarının
sərgisi mayın 23-dək davam edəcəkdir.
Səs.- 2007.- 22 may.- S. 12.