Əliyev T.
Azərbaycan və
Şərq heykəltəraşlığının banisi
Fuad
Əbdürrəhmanovun fərdi sərgisi
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi Dövlət
Rəssamlıq Akademiyası ilə birlikdə Xalq rəssamı
Fuad Əbdürrəhmanovun fərdi sərgisini təşkil
etmişdir. Dövlət Rəssamlıq Akademiyasında
sərginin açılışı münasibətilə
elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü
ilə açan akademiyanın rektoru, akademik Eldar Ömərov
dedi ki, Azərbaycan və Şərq
heykəltəraşlığının banisi Fuad
Əbdürrəhmanov şərəfli ömür yolu keçmişdir.
Onun yaradıcılığındakı millilik yalnız
mövzuda deyil, hər şeydən əvvəl, Azərbaycan
incəsənətinin dərin ənənələri ilə
bağlıdır. Ötən əsrin 30-cu illərindən
yaradıcılığa başlayan F.Əbdürrəhmanov
özünü istedadlı və ruhən milli sənətkar
kimi təqdim etmişdir. Azərbaycan heykəltəraşlarının
əksəriyyəti, o cümlədən mən Fuad
Əbdürrəhmanov yaradıcılığından
bəhrələnmişik. Fəxr edirəm ki, bu böyük
sənətkardan dərs almışam.
Sənətşünaslıq
doktoru, professor Cəmilə Novruzova F.Əbdürrəhmanovun
həyat və yaradıcılığı barədə
məruzə etdi. Dinləyicilərin nəzərinə
çatdırıldı ki, Fuad Həsən oğlu
Əbdürrəhmanov 1915-ci ildə Azərbaycanın
qədim və füsunkar güşəsi olan
Şəkidə dünyaya göz açıb. 1933-cü ildə
Bakı Rəssamlıq Texnikumunu bitirdikdən sonra o, əsl
yaradıcılıq fəaliyyətinə başlamış
və dahi Firdovsinin yubileyi şərəfinə təşkil
olunmuş sərgidə kiçik "Oxatan" heykəlində
şairin "Şahnamə" poemasının bir
qəhrəmanını təsvir etmişdir. Bu
əsərində 19 yaşlı gənc heykəltəraş
yayı dartıb oxu atacağı hiss olunan, kaman təki gərilmiş
döyüşçünün plastikasını
böyük sənətkarlıqla təsvir etmişdir.
1935-ci ildə Leninqrad
Rəssamlıq Akademiyasının heykəltəraşlıq
fakültəsinə daxil olan Fuad Əbdürrəhmanov
yaradıcılığını
genişləndirərək, heykəltəraşlıq
sənətinin spesifık cəhətlərinə daha dərindən
yiyələnir. O 1937-ci ildə çəkdiyi oğlan
portretində fıkrini cəmləşdirən, sanki ilk
dəfə özü, həyatdakı yeri haqqında
düşüncəyə dalan gəncin daxili aləminin
mükəmməl dinamikasını yaratmağa nail
olmuşdur. 1939-cu ildə Azərbaycan hökumətinin
qərarı ilə Nizami Gəncəvinin Bakıda qoyulacaq
abidəsinin layihəsi üçün elan olunan
müsabiqədə münsiflər heyəti yekdilliklə
F.Əbdürrəhmanovun yaratdığı heykəli
bəyənmişdir.
1947-ci ildə memar
M.Hüseynovun layihəsi əsasında Nizami muzeyinin
qarşısındakı yenidən qurulan bağın mərkəzində
böyük şairin 15 metr hündürlüyündə
abidəsi qoyuldu. F.Əbdürrəhmanov klassik
heykəltəraşlıq ənənələrinə sadiq
qalaraq, heykəlin bütün formalarının sanballı
və ahəngdar çıxmasına nail olmuşdur. Memar
və heykəltəraşın birgə
yaradıcılığı nəticəsində meydana
çıxan Nizami Gəncəvi abidəsi mahiyyətcə
ansamblın bütövlüyünü tamamlamışdır.
Məruzəçinin fikrincə, abidə təkcə
F.Əbdürrəhmanov yaradıcılığında deyil,
həm də ümumiyyətlə Azərbaycan
heykəltəraşlıq sənəti plastikasının sonrakı
inkişafında böyük rol oynamışdır.
İstedadlı
heykəltəraşın Sovet İttifaqı
Qəhrəmanı "Həzi Aslanov", "Çoban"
(1950), "Azərbaycan qadını" (1951), "Azadlıq"
(1952), "Səməd Vurğun" (1952), "İbn
Sina" (1956), "Mehdi Hüseynzadə" (1958),
"Rudəki" (1966), "Ayini" (1970), "Üzeyir
Hacıbəyov" (1970) və sair əsərləri, onun tam
olmayan parlaq yaradıcılıq yolunun zənginliyindən
xəbər verir. Fuad Əbdürrəhmanovun
yaradıcılığı sənətsevərlər
tərəfindən daim rəğbətlə
qarşılanmış və o, "Xalq rəssamı"
fəxri adını almış, SSRİ Rəssamlıq
Akademiyasının müxbir üzvü seçilmiş, iki
dəfə Dövlət mükafatı laureatı kimi
yüksək mükafata layiq görülmüşdür.
Xalq rəssamı Fuad
Salayev və başqa sənətkarlar konfransda
çıxış edərək F.Əbdürrəhmanovun
monumental heykəltəraşlığının gənc
rəssamlar üçün həmişə örnək
olacağını iftixarla bildirdilər.
Konfrans
iştirakçılarına "Nağıl evi"
mətbəəsində nəfıs şəkildə
çap olunmuş "Fuad Əbdürrəhmanov"
(müəllifı C.Novruzovadır) bukleti paylandı. Axırda
sərginin təntənəli açılışı oldu.
Bir ay davam edəcək sərgidə xalq rəssamı
F.Əbdürrəhmanov yaradıcılığının
məhsulu olan qiymətli sənət əsərləri
nümayiş etdirilir.
Xalq qəzeti.- 2007.- 19 may.- S. 6.