Bakı Dövlət Universitetinin
(BDU) jurnalistika fakültəsində
uzun illər çalışdığı və rəhbərlik etdiyi kafedranın önündə görkəmli
jurnalist, alim və ictimai xadim professor Nəsir İmanquliyevin xatirə lövhəsinin açılış mərasimi
olmuşdur.
Alqış sədaları
altında xatirə lövhəsinin üzərindən
ağ örtük götürülmüşdür.
Tanınmış alim və təhsil işçilərinin,
jurnalistlərin, tələbələrin
iştirak etdikləri
tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
professor Nəsir İmanquliyevin mənalı
ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən,
jurnalistikamızın inkişafındakı
xidmətlərindən danışmış, onun
yaradıcılığının, fəaliyyətinin gənc
jurnalistlər üçün
böyük örnək
olduğunu bildirmişdir.
87 il ömür sürmüş professor Nəsir İmanquliyev bütün şüurlu həyatını Azərbaycan
mətbuatının, mədəniyyətinin
inkişafına, azərbaycançılıq ideologiyasının
təbliğinə, cəmiyyətin
obyektiv informasiya tələbatının ödənilməsinə,
peşəkar kadrların
hazırlanmasına həsr
etmişdir.
BDU-nun jurnalistika fakültəsinin dekanı
Yalçın Əlizadə,
kafedra müdiri Cahangir Məmmədli, professor Şirməmməd
Hüseynov, xalq şairi Nəriman Həsənzadə və digər natiqlər də böyük alim və jurnalistin
zəngin yaradıcılığının
əhəmiyyətini vurğulamış,
onunla bağlı xatirələrini söyləmişlər.
Mərasimdə Azərbaycan
Televiziya və Radio Verilişləri QSC-nin "Tvplyus" jurnalının professor Nəsir İmanquliyevə
həsr etdiyi "Sözündən görünən
insan" xüsusi buraxılışının təqdimatı
olmuşdur.
Alimin nəvəsi, BDU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru, professor Nərgiz Paşayeva babasının xatirəsinə
göstərilən ehtirama
görə tədbir iştirakçılarına təşəkkürünü
bildirərək demişdir:
- Mən Sizə uzun ömür, cansağlığı arzulayıram.
Heç vaxt Sizin sıralarınız seyrəlməsin. Həmişə
bizimlə birlikdə olasınız. Sizə bir daha təşəkkürümü
bildirmək istəyirəm.
Həm bir nəvə kimi, həm də vətəndaş kimi.
Azərbaycan.-2007.-12 may.-S.4.