Məhərrəmova Təranə

 

Heykəl ömrü qazanan sənətkar

 

Fuad Əbdülrəhmanovun gördüklərindən heyrətlənmək bacarığı ona başqalarını təəccübləndirəcək əsərlər yaratmağa imkan verirdi

 

...İnsan dünyaya göz açır və elə lap körpəcə çağlarından səs və rənglərin sehrinə düşür. Uşaqlıq çağının qəribə istək və maraqlarının susmaq bilməyən əks-sədası sonralar rəssamlığı özünə peşə seçmiş sənət adamlarının yaradıcılığında, deyək ki, bunlardan bir çoxlarının bədii axtarışlarında ömürlük yaşanır. Rəssamın lazım gələndə hətta ən doğma adamlarının, ailə üzvlərinin belə üzünə bağlı bir dünyası olur. O, bəzən heç kəsə həmin dünyanın qapısını açıb içəri daxil olmağa, bu dünyanın sehr və möcüzələri, ağrı-acısıyla, sevinc və əzablarıyla tanış olmağa da icazə vermir. Ancaq zaman yetişir, bu qapalı dünyanın sirlərindən az da olsa hər kəs agah olur.

11 may doğum günü ərəfəsində görkəmli heykəltaraş Fuad Əbdülrəhmanov haqqında yazı hazırlamaq istərkən ilk qapısını döydüyümüz Rəssamlar İttifaqı oldu. Orada: "Bircə qızından başqa heç kəsi yoxdur, o da bu şəhərdə yaşamır. Onu tanıyan yaşlı nəsildən də heç kəs sağ deyil" - cavabından başqa heç nə eşitmədik. Fuad Əbdülrəhmanovun Rəşid Behbudov küçəsindəki binaya vurulmuş xatirə barelyefindən görkəmli rəssamın vaxtilə burada yaşadığını bilmək olur. Ancaq bu bilgi hələ onun haqqında bütün məlumat demək deyil. Hal-hazırda həmin həyətdə yaşayan və qapılarını bərk-bərk bağlayan qonşular da vaxtilə belə bir görkəmli insanla çiyin-çiyinə yaşadıqlarından xəbərsizdirlər.

Təəssüf ki, üz tutduğumuz Dövlət İncəsənət və Ədəbiyyat Arxivində də görkəmli rəssamın abidələrinin siyahısından başqa heç nə təqdim etmədilər. Ancaq yaxşı insanlara və onların yaddaşına minnətdar olmaq lazımdır. Yaxşı ki, R.Mustafayev adına İncəsənət Muzeyinin əməkdaşı Elmira Qasımova köməyini əsirgəmədi.

Heç şübhəsiz, görkəmli heykəltəraş sağ olsaydı, bəlkə də ötən günlərinin əlçatmaz xatirələrini özü çözələyər, uşaqlıq dünyasına rənglərin sirrinin hakim kəsildiyi vaxtlara bizi özü səyahətə aparardı.

 

Dünyanı bəzəyən heykəllər

 

Azərbaycanın qədim və füsunkar guşəsi olan Şəkidə doğulmuşdu. Yaşıllığa qərq olan, hər tərəfdən möhtəşəm dağlarla əhatə olunmuş şəhərin gözəlliyi onu uşaqlıqdan heyran etmişdi. Onu yaradıcılığa da aludə olduğu bu gözəlliklər sövq etmişdi. Fuadın yaşadığı otaq hələ o zaman saxsıdan düzəldilmiş insan və heyvan fiqurları ilə bəzədilmişdi. İlk ustadı da şəhərdə yeganə rəssam olan məktəbin rəsm müəllimi Perov olmuşdu. Onun rəssamlığa marağını görən Perov valideynlərinə məsləhət görür ki, Fuadı incəsənət məktəbinə qoysunlar. 1929-cu ildə onların ailəsi Bakıya köçür. Fuad Rəssamlıq Texnikumuna daxil olur. Hələ o zaman texnikumda heykəltəraşlıq şöbəsi açılmamışdı. Texnikumun rəhbəri də görkəmli rəssam Əzim Əzimzadə idi. Dahi rəssam qızğın peşəkarlığa aludə olanlara təkan verirdi. O, hündürboylu, qarayanız oğlanın dərslikdən əlavə, yapma modellərlə məşğul olduğunu görürdü. Ənənəvi tələbə hesabat sərgilərində Fuadın etüd və rəsmlərindən başqa, kiçik heykəltəraşlıq kompozisiyaları və portretlərinə rast gəlmək olurdu. O, klassiklərin əsərlərinə hörmətdən əlavə, naturadan işləməyi sevirdi.

Etimadı doğruldan tələbələrə ölkənin Rəssamlıq İnstitutuna daxil olmağa zəmanət verirdilər. Fuad da öz təhsilini Leninqradda davam etdirməyi arzulayırdı. Amma atasının ölümü onun bu arzusunu müəyyən vaxta təxirə saldı. Texnikumu müvəffəqiyyətlə bitirən gənc müstəqil heykəltəraşlıq portretlərini işləməyə başlayır. Bir il ərzində o, Azərbaycanın görkəmli incəsənət xadimlərinin silsilə portretlərini yaradır. Nəhayət, arzusunu reallaşdıraraq Leninqrad Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsinə daxil olan gəncin həyatında yeni mərhələ başlayır. Hər şeydən əvvəl Leninqrad mühiti onun dünyagörüşünü formalaşdırır. O, vaxtının çoxunu Ermitayda və Roma portretləri muzeyində keçirir.

Təhsil illərində gənc rəssam doğma Aərbaycanla əlaqəsini itirmir, tez-tez respublikanın rayonlarına gedir.

Əzmkarlığı, gördüyü hər xırda şeyə qeyri-adi marağı onu dövrünün ən görkəmli heykəltaraşlarından birinə çevirir. Adı Azərbaycan heykəltaraşlığının bünövrəsini qoyanlardan biri kimi tarixə düşür.

İlk uğur onu çox erkən haqlayır. 1939-cu ildə Azərbaycan hökumətinin qərarı ilə Bakı şəhərində dahi Nizaminin abidəsinin qoyulması üçün açıq və qapalı müsabiqə elan olunur. Monument Nizami muzeyinin qarşısındakı meydanda qoyulmalı idi. Müsabiqədə məşhur sovet heykəltaraşları iştirak edirdi. Onlar hamısı xalqın təsəvvüründə olan şairin əsl obrazını yaratmaq çətinliyi ilə üz-üzə qalmışdılar. Qapalı müsabiqəyə K.Motovilov, A.Sarksyan, P.Sabsay, F.Əbdülrəhmanov, C.Qaryağdı və L.İlin cəlb olunmuşdu. Yürinin, tamaşaçıların, o cümlədən heykəltaraş və arxitektorların diqqətini Fuad Əbdülrəhmanovun layihəsi cəlb eləyir. Onun layihəsində dahi şairin obrazı daha canlı idi. Bu monomental abidənin yaradılmasına görə heykəltaraş 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Bir il sonra abidənin Bakıda təntənəli açılışı keçirilir. Şəhərin ən məşhur yerində ucalan abidənin qarşısından çətin ki, Bakıda yaşayan və bu şəhərə yolu düşən bir kəs keçməyə. Və yəqin ki, çoxları da Bakının ikinci rəmzinə çevrilən bu möhtəşəm abidənin müəllifinin kimliyindən xəbərsizdir. Eləcə də dahi şairin Gəncəni bəzəyən abidəsinin də müəllifi Fuad Əbdülrəhmanovdur.

1957-ci ilin iyulunda fars-tacik klassik poeziyasının görkəmli nümayəndəsi Rudəkinin heykəlini yaratmaq üçün Tacikistan SSR Nazirlər Soveti müsabiqə elan edir. Abidə Düşənbənin mərkəzi meydanlarından birində qoyulmalı idi. Müsabiqəyə təxminən 115 layihə təqdim olunur. Komissiya üzvləri yekdilliklə F.Əbdülrəhmanovun layihəsini bəyənir. 1964-cü ildə monumentin Düşənbədə təntənəli açılışı keçirilir. İki il sonra isə F.Əbdülrəhmanov bu abidəyə görə SSRİ Rəssamlar Akademiyasının qızıl medalına layiq görülür.

Müvəffəqiyyət onu heç vaxt tərk eləmir. 1956-cı ildə Əbu Əli ibn Sinanın abidəsini yaratmaq üçün ümumittifaq müsabiqəsində iştirak edən F.Əbdülrəhmanov Buxarada layihəyə görə I mükafat alır. 1975-ci ildə onun yaratdığı möhtəşəm abidə Buxarada qoyulur.

 

Şairlər və zamanların görüşü

 

Görkəmli rus şairi N.Tixinov yazırdı:

- Azərbaycanda, şairlər ölkəsində, Nizaminin, Xəqaninin, Vaqifin bir an da xalqın dilindən düşmədiyi bir ölkədə ürəkləri fəth eləmək çox çətindir. Səməd Vurğunun abidəsi bütün ağrıları və xalqın inqilabi yollarının çətinliyini özündə əks etdirib. Bu gün mənim üçün düşünmək xoşdur ki, şəhərin vağzalətrafı meydanında yüksələn postamentdə bizim dostumuz - Səməd Vurğunun qranit heykəli qoyulub. Bu abidəni də, dahi Nizaminin Bakıdakı heykəlinin də müəllifi Fuad Əbdülrəhmanovdur. Şairlər və zamanlar belə görüşür".

Respublikanın Xalq rəssamı Mikayıl Abdullayev Fuad Əbdülrəhmanovla yaxın dost olduğundan danışırdı:

- Biz uşaqlıq dostu olmuşuq. Baxmayaraq ki, o, yaşca 6 il məndən böyük idi. Amma özümü həmişə ona həmyaş hiss eləmişdim. Bizi daha çox birləşdirən sənət sevgisi idi. O, həmişə iclaslarda durub məni tərifləyər, istedadımı yüksək qiymətləndirərdi. Qəlbi açıq, gözü-könlü tox adam idi. Yadımdadır ki, tez-tez Karqanov küçəsinin (indiki Rəsul Rza) tinindəki restorana yığışardıq. Böyükağa Mirzəzadə, Cəlal Qaryağdı da bizim məclislərdə olardı. Sonralar Cəlalla Fuad küsüşmüşdü. Zarafata salıb onları barışdırardıq. İkisi də böyük sənətkar idi.

Fuad Əbdülrəhmanovu tanıyanların hamısı ömrü boyunca onun bütövlüyünün şahidi olublar. Yaxşı mənada ona həmişə qibtə ediblər. Qibtə eləyiblər ki, kəsdiyi çörək belə məqamında sözünü kəsməyib, əksinə, harada kəsməsindən asılı olmayaraq, çörək ona nahaqqı kəsmək haqqı verib. O, nə edibsə, bütövlüyü, kamilliyi ilə edib, öyülmək üçün etməyib.

Bu gün Fuad Əbdülrəhmanovun adı minbir zəhmətlə yaratdığı, şəhərimizi bəzəyən möhtəşəm abidələrlə qarşılaşanda yada düşür. Bakının ən hündür və müqəddəs yerində ucalan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, dahi şair Nizami Gəncəvinin, "Azad qadın" heykəlinin, vağzalətrafı parkda Xalq şairi Səməd Vurğunun, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qranit, əzəmətli abidələrini görəndə onun adı yada düşür. Bu heykəllər təkcə ölkəmizi deyil, Buxaranı, Ulan-Batoru və başqa şəhərləri bəzəyir.

 

Haqq dünyanın yolçusu

 

Gördüklərindən heyrətlənmək bacarığı ona başqalarını təəccübləndirəcək əsərlər yaratmağa imkan verirdi. Mircəfər Bağırov Azərbaycanın ilk milli heykəltaraşını çox bəyənir, abidələrinin açılışında şəxsən özü iştirak edirdi. Sənətkarlığı da, uzun ömrü də ona özünü rəssamlığın bir çox sahələrində sınamağa imkan vermişdi. Bu yorulmaz sənətkarın büst, portret və barelyeflərinin sayı yüzlərlədir. Bütün elədiklərindən razı qaldığını söyləmək çətindir. Ancaq əsərlərinin hamısını çox sevirdi. Həmişə deyərmiş ki, hər bir yaradıcı adamın ruhuna uyğun, sevərək yaratdığı əsərləri olur. Ancaq ayırmaq çətindir ki, mən əsərlərimin hansını daha çox sevirəm.

O, sözün həqiqi mənasında xoşbəxt sənətkar idi. Ancaq taleyin qəribə təzadı onun alnına yazılmışdı və bu qismətə heyifislənməmək olmur. Yaratdığı abidələri Şimaldan-Cənuba, Şərqdən-Qərbədək ölkələri bəzəyən sənətkarın Fəxri Xiyabandakı qəbrinin üstü adına layiq götürülməyib. Qızı Gülya xanım (deyilənlərə görə, o, insanlardan küsdükdən sonra Tbilisidə rahibə qadınların monastrına sığınıb) əlində sənədlər çox qapılar döyüb. Hansı ki, məğrur atası şəxsi xahişi üçün heç kəsə ağız açmamışdı. Sağlığında təkcə şöhrəti ən yüksək səviyyədə qapıların qarşısında açılması üçün kifayət idi ona. Gülya xanım isə məcburən atasının bu vəsiyyətini elə atasının ruhunun xətrinə unudaraq ona qədir-qiymət arayıb. F.Əbdülrəhmanovun vaxtı ilə möhtəşəm heykəllər yaratdığı emalatxanasının adını daşıyan muzeyə çevrilməsi haqqında (bu barədə hər hansı qərarın olub-olmadığını deyə bilmərəm, hər halda emalatxanaları qonşu olan C.Qaryağdının həyat yoldaşı Firəngiz xanım belə söyləyir - T.M.) göstəriş nəticəsiz qalıb. Onun emalatxanası başqa bir heykəltaraşa verilib. Gülya xanım vəzifəlilərdən mərhəmət ummağın faydasız olduğunu görərək yenidən öz monastrına üz tutub.

F.Əbdülrəhmanov haqq dünyasındadır. O, özünün təkrarolunmaz həyatı ilə tunc, mərmər, qranit, insan dühasının bütün gözəlliklərinin hopduğu abidələrdə yaşayır. Hansı ki, zamanın sərt küləkləri onlara heç bir zərər yetirə bilməz. Əlinin və qəlbinin hərarətini yaşadan heykəlləri onun ömrünə də əbədilik ömür calayıb.

 

 Kaspi.-2007.-11 may.-S.16.