Tbilisidə Heydər Əliyevin büstü açılıb

 

"Gürcüstan-Azərbaycan münasibətlərinə düşmən olan kəs Azərbaycanın düşmənidir, Gürcüstanın düşmənidir. Çünki bizim gücümüz birlikdədir". Bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisinin tarixi məhəllələrindən biri olan Abanostubanidə, Heydər Əliyev parkında ulu öndərin büstünün təntənəli açılış mərasimində bəyan edib. Qeyd edək ki, 2004-cü ildə prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı bu parka ulu öndərin adı verilib. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyevin hazırladığı qranit büst və postamentin hündürlüyü dörd metrdir.

Mixail Saakaşvili bildirib ki, Azərbaycan, azərbaycanlılar Gürcüstanın həmişə sadiq dostları olublar: "Düşünürəm ki, bugünkü gün tarixi qardaşlığımızın, dostluğumuzun çox parlaq təsdiqidir. Hərçənd ki, bizim çoxəsrlik dostluğumuzun sübuta ehtiyacı yoxdur. Gürcüstanda yaşayan azərbaycanlılar ölkəmizin vətəndaşlarıdır, öz mədəniyyətini, öz dilini saxlayan və inkişaf etdirən bu insanlar, eyni zamanda, vətənimizin, ölkəmizin, onun gələcəyinin ayrılmaz tərkib hissəsidirlər. Eləcə də Azərbaycan Gürcüstanın gələcək tərəqqisinin ayrılmaz tərkib hissəsidir".

 

Mixail Saakaşvili: "Heydər Əliyev müasir Azərbaycan dövlətinin, millətinin atasıdır"

 

Gürcüstan prezidenti Azərbaycanın çətin günlərdə ölkəsinə yardım etməsindən də danışıb: "Keçən il bizə verilən qaz və elektrik eneryisi eyni vaxtda hansısa, yumşaq desək, qəribə səbəblərə görə kəsiləndə, qışın bu ən soyuq çağında Azərbaycanın bizə qaz verməsini, öz istisini bizimlə bölüşməsini heç vaxt unutmayacağıq. Bu, heç də, sadəcə olaraq, ürəyin hərarətini bölüşmək deyildi. Azərbaycan öz evlərinin istisini, öz xəstəxanalarının istisini, öz ocaqlarının istisini, öz uşaq bağçalarının, öz məktəblərinin istisini bizimlə bölüşdü. Elə bu il də, Gürcüstanın qaz ala bilmədiyi vaxtda, bizim üçün qiymətləri keçən ildəkinə nisbətən dörd dəfə qaldırdıqları vaxtda da Azərbaycan yenə öz qazının bir hissəsini Gürcüstanla bölüşdü. Düşünürəm ki, belə hallar istənilən xalqın yaddaşında qalır". Mixail Saakaşvili Heydər Əliyevin xidmətlərinə də toxunub: "Bəzən sual verirlər: Heydər Əliyev bu regionun tarixində hansı rolu oynayıb? Düşünürəm ki, çox-çox mühüm rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində o, deyəndə ki, Azərbaycan dünya bazarlarına Gürcüstan vasitəsilə çıxmalıdır, bu təklifin kommersiya baxımından üstünlüyü çox da aşkar deyildi, sırf siyasi mənada isə bu, çox riskli idi. Lakin o, bu işi axıra çatdırdı. Bu alternativ olmasaydı, indi regionumuzun Avropaya verdiyi ümidlər də olmazdı. Real olaraq, regionumuzun geosiyasəti məhz Heydər Əliyevin qərarından sonra dəyişdi. Eyni zamanda, o, müasir Azərbaycan dövlətinin banisi, müasir Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində inteqrasiya və müvəffəqiyyətin, bizim ümumi gələcəyimizin rəhnidir. Bu gün strateyi tərəfdaşlar olmaq həmişəlik strateyi tərəfdaşlar olmaq deməkdir. Strateyi tərəfdaşlıq məhz uzun müddət və həmişəlik tərəfdaşlıq deməkdir. Biz isə öz coğrafi mövqeyimizi nəzərə alaraq, belə olmağa borcluyuq. Biz birlikdə olmalıyıq, yeni dostlar tapmalıyıq. Bir dünyaya baxın: nə qədər parçalanma, nə qədər münaqişələr, nə qədər çəkişmələr, nə qədər həll edilməmiş problemlər var. Bizim xalqlarımız isə müdriklik göstərirlər. Mən hələ rəhbərləri demirəm, xalqlarımız bütün bu baş verənlərə qarışmamaq üçün müdriklik göstərirlər". Onun sözlərinə görə, Gürcüstan azərbaycanlıları Gürcüstan cəmiyyətinə inteqrasiya olurlar. Onlar gürcü dilini öyrənir, bu dildə danışırlar: "Kim birliyin əleyhinədirsə, hamımızın əleyhinədir. Bax, burada, arxa tərəfdə Azərbaycan məktəbi var, orada azərbaycanlı uşaqlar təhsil alırlar. Onların simasında Gürcüstanın gələcək vətənpərvərləri yetişir. Bir sözlə, bu, həqiqətən, hadisələrin sınağından çıxmış dostluq və qardaşlıqdır. Çox müxtəlif vədlər, çox müxtəlif təkliflər olub, aramızı vurmağa və bizi bir-birimizdən ayırmağa çalışmışlar. Amma bütün bunlar baş tutmadı və baş tutmayacaq. Çünki biz birlikdə partikulyar, şəxsi kateqoriyalarla deyil, - hərçənd, bizim çox güclü şəxsi münasibətlərimiz var, - ilk növbədə, dövlət kateqoriyaları ilə düşünürük. Biz Gürcüstanı, Azərbaycanı bu gün, 2007-ci ildə görürük, biz Gürcüstanı, Azərbaycanı 2017-ci ildə görürük. Əminəm ki, yaxın illərdə də, yaxın onilliklərdə də bu iki qardaş özünün daha yaxşı gələcəyini tapacaq və özlərinin birliyi ilə, müdrikliyi ilə, uğurları ilə, nümunələri ilə dünya işlərində daha mühüm rol oynayacaq".

 

İlham Əliyev: "Ərazimiz üzərində milli suverenliyi bərpa edəcəyik"

 

Prezident İlham Əliyev isə öncə ulu öndərin xatirəsinə göstərilən ehtirama görə bütün gürcü xalqına, onun prezidentinə təşəkkürünü bildirib: "Bu gün mən böyük iftixar hissi keçirirəm ki, 15 il əvvəl müstəqillik qazanmış xalqlarımız və ölkələrimiz arasında çoxəsrlik münasibətlərin tarixində bizi daha da yaxınlaşdıran bir hadisə baş verir. Bu gün gözəl bir yerdə, Tbilisinin mərkəzində, biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü açdıq. Bugünkü mərasim bizim birliyimizin rəmzidir, qardaşlığımızın rəmzidir. Onun rəmzidir ki, əvvəlki kimi, xalqlarımız bundan sonra hələ çox onilliklər və əsrlər bir yerdə olacaq, yaxın olacaq, bir-birinə kömək edəcək, indi olduğu kimi, bir-birinin uğurlarına sevinəcəklər". İlham Əliyev vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində, Azərbaycan dövlətçiliyinin tarixində çox böyük rol oynayıb: "Azərbaycanda müstəqillik əldə edildikdən sonra iki il ərzində mənfi, qeyri-müəyyən istiqamətdə proseslər baş verirdi. Ümumi xaos, iqtisadi böhran, siyasi və hərbi böhran, vətəndaş müharibəsi, bir sözlə, Gürcüstanın da bütün başına gələnlər. Əgər o zaman Azərbaycan xalqı müdriklik göstərib ölkənin idarə olunmasına Heydər Əliyevi dəvət etməsəydi, hələ məlum deyil ki, hər şey nə ilə bitəcəkdi və biz müstəqilliyimizi, dövlətçiliyimizi qoruya biləcəkdikmi? O, nəinki müstəqilliyimizi qorudu, həm də Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində ölkəmizin gələcək uğurlu inkişafının təməlini və ciddi bazasını yaratdı. Bu gün bizim nəyimiz varsa, nəyə malikiksə, milli nailiyyətimiz kimi nə ilə fəxr ediriksə, məhz onun müdrikliyi, qətiyyəti, cəsarəti və qəbul olunan qərarların doğruluğuna əminliyi sayəsində əldə olunub. Bu gün Azərbaycan öz gücünə güvənən ölkədir, dövlət müstəqilliyi artıq sarsılmaz və əbədi olan ölkədir. Buna görə də Heydər Əliyev hər bir azərbaycanlının, xalqımızın hər bir vətənpərvərinin xatirəsində daim yaşayacaq. Eyni münasibəti qardaş gürcü xalqından da gördük. İndi bu büstün açılışı bunun daha bir təsdiqidir". İlham Əliyev bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası olmasaydı, indi hər iki ölkə problemlərlə üzləşə bilərdi: "O vaxt bu olmasaydı, indi nəinki qonşularımızın - Gürcüstanın eneryi müstəqilliyini təmin edə bilərdik, hətta özümüzü də təmin edə bilməzdik. Regionda nələr olacağını, Azərbaycanın başına nələr gələcəyini, onun bugünkü vəziyyətinin necə olacağını təsəvvür etmək çətin deyil. Ona görə də bu məsələdə biz gürcüləri və azərbaycanlıları həmişə birləşdirmiş olan tarixi yaddaşa və bugünkü nailiyyətlərimizə arxalanmalıyıq. Gələcək fəaliyyətimizdə də biz bu nailiyyətlərə, bu uğurlara, bu qardaşlığa, bu qarşılıqlı dəstəyə əsaslanmalıyıq. İndi, Gürcüstanın öz yüksəliş, hətta deyərdim, çiçəklənmə dövrünü yaşadığı, çox böyük dəyişikliklərin, siyasi və iqtisadi islahatların uğurla həyata keçirildiyi bir vaxtda, - insanlar da bunu görürlər, - biz daha da güclənirik. Siz nə qədər çox möhkəmlənsəniz, biz də bir o qədər çox möhkəmlənəcəyik. Ümumi tariximiz, qardaşlıq əlaqələrimizin keçmişi, bugünkü vəziyyəti və milli mənafelərimiz tələb edir ki, biz birlikdə olaq. Biz birlikdə böyük qüvvəyik. Buraya prezidentlər, - onlar sözdə deyil, həqiqətən qardaşdırlar, - arasındakı şəxsi münasibətləri də əlavə etsək, inkişafımızın çox nikbin, çox ümidverici mənzərəsi yaranar".

Prezident çıxışında hər iki ölkənin qarşıda duran problemlərin həllinə nail olacağına əminliyini də ifadə edib: "Əminəm ki, biz qarşımızda duran bütün məsələləri həll edəcəyik. Biz separatizmə son qoyacaq, etnik təmizləmələrdən əziyyət çəkmiş insanları öz ocaqlarına qaytaracaq, bütün ərazimiz üzərində milli suverenliyi bərpa edəcəyik. Bunun üçün biz güclü və birlikdə olmalıyıq. Biz bunu edirik. Biz möhkəmlənirik və bir-birimizə daha da yaxınlaşırıq. Bugünkü gün Azərbaycan xalqının yaddaşında uzun müddət, yəqin ki, həmişəlik qalacaq. Bu, bizim birliyimizin günüdür, Azərbaycana olduğu kimi, qardaş Gürcüstana da sədaqətlə xidmət etmiş böyük azərbaycanlının xatirə günüdür. Gələcək inkişafımızı müəyyənləşdirdiyimiz, regionun geosiyasi inkişaf strategiyasını müəyyənləşdirdiyimiz, Gürcüstan və Azərbaycanın Avropa və dünya işləri üçün əhəmiyyətinin artdığı gündür. Sərhədlərimizin hüdudları və ya həmvətənlərimizin sayı haqqında statistika məlumatını götürsək, biz ərazicə və əhalinin sayına görə kiçik ölkələrik, ancaq daha mühüm rol oynayırıq. Bu proses gedir və davam edəcək. Bu gün, Mixailin dediyi kimi, ağır vaxtda, Azərbaycan sizin yanınızda olub, bunda qeyri-adi bir şey yoxdur, bu, normadır, belə də olmalıdır. Əgər biz dostuqsa, - biz isə dostuq, - həmişə bir olmalıyıq. Bir-birimizin uğurlarına sevinməliyik və dar gündə arxa-dayaq olmaq, kömək etmək və birlikdə irəliləmək üçün, hətta çağırılmasaq da, birinci gəlməliyik. Ölkələrimizin gələcəyi ancaq bu birlikdə mümkündür. Bu, mənim də, Mixailin də dərin inamıdır. Bizim hələ çox-çox planlarımız var və biz onları birgə səylərlə həyata keçirəcəyik".

 

Kaspi.-2007.-15 may.-S.2.