Anarın Türkiyədə
daha bir əsəri ekranlaşdırılıb
İstanbulda xalq yazıçısı
Anarın "Mən,
sən, o və telefon" hekayəsi əsasında
"Və telefon"
adlı bədii film çəkilib (AzərTAc). İlk dəfə 1967-ci ildə Moskvada "Nedelya" həftəliyində dərc
olunmuş bu hekayə qısa müddətdə dünyanın
bütün əsas dillərinə – ingilis, alman, ispan, polyak,
macar, bolqar, türk, ərəb, fars, yapon, fin,
tacik, qazax, özbək, gürcü dillərinə çevrilərək
nəşr edilib. Hekayə 1968-ci ilin dekabrında ABŞ-ın Nyu-York şəhərində
çıxan "Nyu
Yorld revyu" jurnalında, 1970-ci ildə
Kanadada çap olunub. 1967-ci il oktyabrın 26-da Moskvanın
Mərkəzi Televiziyası
bu hekayə əsasında tamaşa göstərib (baş rollarda V.Beroyev və İ.Kartaşova). Hekayə Qahirə, Leninqrad, Xarkov, Krım televiziyalarında da səhnələşdirilərək
tamaşaçılara təqdim
edilib. "Mosfilm"
kinostudiyasında bu hekayənin motivləri əsasında "Hər
axşam 11-də"
bədii filmi çəkilib (ssenari müəllifi Edvard Radzinski, rejissor Samson Samsonov, baş rollarda Marqarita Volodina və Mixail Nojkin). Kinoşünas və rejissor Ayaz Salayev "Mən, sən, o və telefon"un çox illər
qabaq ABŞ-da və Kanadada nəşr edildiyini nəzərə alaraq, sonralar Hollivudda çəkilmiş "Sizə
məktub var" filmində Anarın hekayəsinin motivlərindən
istifadə olunduğunu
güman edir. Bolqar dramaturqu Xristo Lojev həmin
hekayə əsasında
"Üçü və
telefon" adlı pyes yazıb, o, 1983-cü ildə Razqrad dram teatrında
Yükçəl Çauşev
tərəfindən tamaşaya
qoyulub. Azərbaycan televiziyası da bu hekayə əsasında "Telefon gecələri" adlı
teletamaşa (rejissor Ramiz Həsənoğlu, baş rollarda Həsən Əbluc və Əminə Yusifqızı) göstərib.
İndi Türkiyədə
çəkilən bədii
filmin rejissoru Nuran Evren Sifdir.
Bu, Anarın qardaş ölkədə
ekranlaşdırılan ikinci
əsəridir. Bir il əvvəl TRT-1 kanalında yazıçının
"Dantenin yubileyi"
povesti əsasında çəkilmiş "Aktör
eskisi" ("Köhnə
aktyor") nümayiş
etdirilib. "Və telefon" filmi yaxın günlərdə
İctimai Televiziya ilə göstəriləcək
525-ci qəzet.- 2007.- 25 may.- S. 7.