Macarıstan telekanalı efir vaxtının bir gününü Azərbaycana həsr etmişdir

 

Mayın 29-da Macarıstanın mötəbər telekanallarından biri olan “Duna-TV” bir günlük efirini Azərbaycana həsr etmişdir.
Bu, artıq ənənəyə çevrilmişdir. Ötən il mayın 26-da, Respublika Günü ərəfəsində “Duna-TV” telekanalı jurnalistlərinin bu münasibətlə hazırladıqları bir neçə veriliş Macarıstan tamaşaçılarına təqdim edilmişdi.
Bu dəfə Respublika Günü münasibətilə keçirilən Azərbaycan günü ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənovun müsahibəsi ilə açılmışdır.
Diplomat Azərbaycanın müasir həyatından danışaraq bildirmişdir ki, respublika iri enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir, haqlı olaraq, Avropa miqyaslı gənc populyar liderlərdən biri sayılan Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedir.
Gün ərzində tamaşaçıların diqqətinə ən müxtəlif janrlarda verilişlər -müsahibə, repotaj, sənədli və bədii filmlər təqdim olunmuşdur. Onların arasında Azərbaycan dövlətinin memarı, dahi liderimiz Heydər Əliyev haqqında film xüsusi yer tuturdu. Macarıstan tamaşaçıları rejissor Vaqif Mustafayevin “Prezident Heydər Əliyev” filminə böyük maraqla baxmışlar.
Sənədli filmlər arasında Bakıya ötən səfərləri zamanı “Duna-TV” telekanalı jurnalistlərinin çəkdikləri “Azərbaycan mozaikası” filmini xüsusi qeyd etmək lazımdır.
“Duna-TV”-də “Azərbaycanın qədim abidələri”, “Azərbaycan mətbəxi”, “Azərbaycanlılar” sənədli filmləri, macar əsilli alman telejurnalistinin çəkdiyi “Bakı odlar şəhəridir” filmi nümayiş etdirilmişdir. Filmlər Macarıstan tamaşaçılarına Azərbaycan tarixi, azərbaycanlılar və ölkəmizdə yaşayan digər etnik azlıqlar, ölkəmizin siyasəti və iqtisadiyyatı, zəngin tariximiz və mədəniyyətimiz barədə məlumat vermişlər.
Respublika Gününə həsr olunmuş proqram Azərbaycanın qızıl fondunda saxlanılan ölməz “O olmasın, bu olsun” filminin macar dilində nümayişi ilə başa çatmışdır.
“Duna-TV” telekanalı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan İctimai Televiziyası avqust ayında bir efir gününü Macarıstana həsr edəcək və Azərbaycan tamaşaçılarına bu dost ölkə haqqında məlumat verəcəkdir.

Xalq qəzeti.-2007.-31 may.-S.5.