Mükərrəmoğlu M.
40 il sənət yollarında
Gülbəniz
Əzimzadə - 60
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadəyə 60 illik yubileyini keçirmək qismət olmadı. Ötən ilin dekabrında amansız ölüm onu aramızdan apardı.
Gülbəniz Yusif qızı Əzimzadə 1947-cı il aprelin 26-da Bakı şəhərində yazıçı-publisist Yusif Əzimzadə və rəssam Gülnaz Salamovanın ailəsində anadan olmuşdur. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə bitirmiş Gülbəniz xanım elə həmin illərdə Adil İsgəndərovun yaratdığı 2 illik aktyorluq kursunu da başa vurmuş və 1969-cu ildə Moskvanın Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olaraq məşhur rejissor İqor Talankinin emalatxanasında təhsilini davam etdirmişdir.
O, əmək fəaliyyətinə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nəsimi" filmində rejissor köməkçisi kimi başlamışdır. Gülbəniz filmin rejissoru, görkəmli sənətkar Həsən Seyidbəylinin sənətinin sirlərinə yiyələnərək, bu onun yaradıcılıq təcrübəsindən kifayət qədər bəhrələnmişdir. Sonralar bu studiyada "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "İmtahan", "Qətl günü" "Müqəddəs oda yanaram", "Ümid" bədii filmlərinə quruluş verən rejissor tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, bir çox festivallarda yüksək mükafatlara layiq görülmüşdir. Onun yaradıcılığında müasir mövzulu fılmlər əsas yer tuturdu. Rejissor müasirlərimizdən danışır, onların rastlaşdığı problemləri ön plana çəkirdi.
Gülbəniz Əzimzadə Azərbaycan Kinematoqrafçılar Birliyinin idarə heyətinin, Azərbaycan Kinorejissorlar Gildiyasının təftiş komissiyasının üzvü seçilmiş və o, 2000-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdü.
Yaratdığı
"Sinema Lümer-klub"
bu sənəti sevənlərin ürəyincə
olmuşdu. Bu, Azərbaycanda kino sənəti ilə məşğul olan ilk qeyri-hökumət
təşkilatı idi.
Gülbəniz Əzimzadə
öz fəaliyyətində
həmişə peşəkarlıqla
seçilən, həmkarlarına
və dostlarına qayğı ilə yanaşan bir sənətkar kimi yadda qalacaq.
Onun yaradıcılığının
bəhrəsi olan filmlərə neçə-neçə nəsillər
sevə-sevə baxacaq və zəmanənin nəbzini tutan bir sənət
əsəri kimi tarixə çevriləcəkdir.
Onun əziz xatirəsi həmkarları və onun sənətini
sevənlərin qəlbində
əbədi yaşayacaqdır.
Xalq qəzeti.- 2007.- 6 may.- S. 6.