Mükərrəmoğlu M.


Dövlət Film Fondu filmlərlə zənginləşir

 

Azərbaycan Dövlət Film Fonduna hər il itirilmiş, kimlərinsə arxivində saxlanılan filmlər daxil olur. Bu günlərdə Film Fonduna daxil olan yeni filmlərin təqdimat mərasimi olmuşdur.
Mərasimdə bu filmlərin əldə olunmasında xidmətləri olan rejissor Məmmədşah Atayevə, operator Şərif Şərifova, rejissor Niyazi Bədəlovun qızı Sədaqət Bədəlovaya, kinomexanik Yaşar Rəfiyevə və bu xeyirxah işdə əməyi olan digər sənətçilərə fəxri fərmanlar təqdim olundu.
Sonra həmin filmlər haqqında Aydın Kazımzadə məlumat verdi. Müslüm Maqomayevin 90 illiyinə həsr olunmuş “Müslüm Maqomayev”, Ələsgər Ələkbərovun 50 illiyi münasibətilə çəkilmiş “Ələsgər Ələkbərov”, “Körpülər”, “Rac Kapur Bakıda” kimi sənədli filmlərlə yanaşı, “Şəhərimizin daşları”, “Fantaziya” kimi qısametrajlı bədii filmlər də fonda qəbul olunmuşdur.
Bundan başqa, tədbirdə bildirilmişdir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə Rusiya Federasiyasının film fondlarından “İki dost”, “Əvəz-əvəzə”, “Payız konserti”, “Su ərizəsi”, “Dənizə çıxmaq qorxuludur”, “Qeyri-adi ov” bədii filmləri, “Fitil” Ümumittifaq satirik kinojurnalının Azərbaycanla bağlı bir neçə nömrəsi, 20 cizgi filmi əldə edilərək fonda verilmişdir.
Çıxış edənlər milli mənəvi dəyərlərimizin toplanılması, xalqın mənəvi sərvətlərinin özünə qaytarılmasını mühüm hadisə kimi qiymətləndirdilər və gələcəkdə də bu işin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırdılar.

Xalq qəzeti.-2007.-11 may.-S.11.