Təranə

 

Yaradıcı qüvvələrimiz dünya məkanına daxil olmağa hazırdır

 

I Milli Kulturoloqlar Forumu işə başladı

 

Öz sevincimi gizlədə bilmirəm. Mədəniyyətşünaslıq sahəsində vahid ideoloji baxışın formalaşması çoxdan gündəmdə dururdu". Dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən I Milli Kulturoloqlar Forumu Əbülfəs Qarayevin

bu sözləri ilə işə başladı: "Kulturologiya elmi sovet dövründə qurulan ideoloji çərçivələrin içində öz yolunu davam etdirməkdə idi. Müstəqillik qazandıqdan sonra isə bu çərçivədən çıxıb yeni müstəqil ölkənin baxışına uyğun formalaşmağa başlayıb. Biz Azərbaycanın müasir şəkildə dünyada tanınmasına çalışırıq. Azərbaycan müstəqillik qazandığı 15 il ərzində müxtəlif mədəni mərhələlərdən keçib. Yaddan çıxarmamalıyıq ki, mədəniyyətimizin çətin dövrləri olub. Ancaq alimlərimizin səyi nəticəsində onlar qorunub. Bu çətinliklər mədəni davranışa çox təsir göstərirdi. Mədəniyyətşünaslıq elmi o dövrdə axsaya-axsaya qalmışdı. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə həmişə olduğu kimi, mədəniyyətimizə qayğı artdı. Bu anlayış respublikanın sosial həyatının prioritetinə çevrildi. O dövrdə bu sahə ilə bağlı çoxlu sayda elmi axtarışlar mövcuddur. Bu gün Azərbaycanın həyatında yeni bir mərhələ yaşanmaqdadır. Prezident İlham Əliyevin son bir ildə mədəniyyətimizlə bağlı qərarları bizi yeni mədəni anlayışa çağırır".

  Azərbaycan xalqının kim olması və hansı mədəni qaynaqlara sahib çıxmasının çox vacib bir mövzu olduğunu vurğulayan nazir Ermənistanla mübarizədə öz mədəni mənbələrini sübuta yetirmək üçün kifayət qədər işin görülməsinə ehtiyac olduğunu bildirdi. "Müxtəlif uydurmaların qarşısını ala bilməmişik. Ermənilər xalqımıza məxsus dəyərləri mənimsəyərək dünyaya haray salıblar. Biz bu sahədə mədəniyyətşünaslıq tədqiqatları ilə işlər görməliyik".

Mədəniyyətşünaslığın əsas istiqamətlərindən danışan Ə.Qarayev yaradıcı proseslərin təhlil olunmasının vacibliyini vurğuladı. Nazirin sözlərinə görə, musiqidən tutmuş memarlığa qədər müxtəlif sahələrdə irəliləyişlər hiss olunur. "Yeni nəsil əmələ gəlir. Azərbaycanın yaradıcı qüvvələri dünyanın mədəni məkanına daxil olmağa hazırdır. Mədəniyyətşünaslıq hətta cəmiyyətdə insanların bir-birinə qarşı davranışını müəyyən edən, cəmiyyətin bütün sahələri ilə bilavasitə bağlı olan elmdir. Bu gün bizi hansı tendensiyalar formalaşmalıdır, hansılar sınmalıdır, informasiya texnologiyalarından necə istifadə etmək lazımdır, qloballaşmanın qarşısına nəyi qoya biləcəyik ki, dünya bizi qəbul etsin və s. məsələlər düşündürür".

Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliyin son vaxtlar kulturologiya elminin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı. Onun sözlərinə görə, son vaxtlar nazirlikdə bu sahəni koordinasiya edəcək təhsil və elm şöbəsi yaranıb və bu şöbələr mədəniyyətşünaslıq mərkəzi kimi fəaliyyət göstərəcək.

Ə.Qarayev foruma hazırlıq görüldüyü ərəfədə gənclər arasında kulturologiyaya marağın artdığını da bildirdi. Bir neçə ay bundan əvvəl nazirlik tərəfindən mədəniyyətşünaslıq mövzusunda elan olunan müsabiqənin nəticələri bu marağın üzə çıxmasına təkan verib. Üç dərəcə üzrə keçirilən müsabiqə bakalavr-magistr, aspirant və dissertant və gənc alim nominasiyaları üzrə müəyyənləşib. Artıq mükafat sahibləri məlumdur. Hər bir elmi əsər yer tutub-tutmayacağından asılı olmayaraq, bizim üçün qiymətlidır. Onları  toplu şəklində nəşr edəcəyik. Həmçinin forumdakı çıxışlar da həmin topluya daxil olunacaq".

Müsabiqə qaliblərinin adını açıqlayan nazir həmçinin növbəti forumun nə vaxt keçiriləcəyi haqqında məlumat verdi: "Növbəti forum gələn il keçiriləcək. Bir il müddətində mədəni həyatda sıçrayış baş verməlidir. Sonra isə forum iki ildən bir keçiriləcək və beynəlxalq foruma çevriləcək".

Milli Elmlər Akademiyasının  Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru Yusif Rüstəmov çıxışında mədəniyyət və sivilizasiyaların toqquşmasından danışaraq bütün dünyada sivilizasiyaların dialoqunun önə çəkilməsinin vacibliyini vurğuladı": "Öz mənliyini və kimliyini saxlamaq və dünya dəyərlərinə inteqrasiya etmək çox vacib məsələlərdir. Bu sahədə çoxlu problem var".

Mədəniyyət və İncəsənət Universitetinin professoru Ələkbər Məmmədov mədəniyyətşünaslıq elmini inkişaf etdirmək üçün ilk növbədə təhsilə fıkir verməyin, bu sahədə savadlı kulturoloqların hazırlanmasının vacibliyindən danışdı.

"Simurq" təşkilatının sədri, professor Fuad Məmmədov "Azərbaycan mədəniyyəti: problemlər, perspektivlər", Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının Elmi işlər üzrə müdir müavini Olqa Astafyeva "Kulturologiya elminin konseptual əsasları", AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun şöbə müdiri İlham Məmmədzadə "Kulturologiya və elm: qarşılıqlı təsir etmə problemi" mcvzularında çıxış etdilər.

Qeyd edək ki, I Milli Kulturoloqiar Forumu işini bu gün başa çatdıracaq.

 

Kaspi.- 2007.- 5-7 may.- S. 15.