Turanə
"Dan Ulduzu"
Bakıda daha bir Beynəlxalq Yaradıcılıq Festivalı
2004-cü ildən etibarən hər il Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondu, Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyilə "Dan Ulduzu" Beynəlxalq Bədii Yaradıcılıq Festivalı keçirilir. Bu il isə festival mayın 26-dan iyunun 2-dək gerçəkləşəcək.
Dünən "Dan Ulduzu" Festivalının Təşkilat Komitəsi media nümayəndələri ilə görüş keçirib. Tədbirdə çıxış edən "Dan Ulduzu" Festivalının Təşkilat Komitəsinin sədri Gülarə Teymurova layihənin keçirilməsinin məqsəd və məramından söhbət açıb. O, bildirib ki, əsas məqsəd dövlət və ictimai təşkilatların, mədəniyyət və yaradıcılıq ittifaqlarının, beynəlxalq təşkilat və xeyriyyə fondlarının, eləcə də incəsənət və mədəniyyət xadimlərinin diqqətini uşaq və gənclərdə estetik tərbiyənin formalaşmasına cəlb etməkdir. Gülarə Teymurova onu da söyləyib ki, Təşkilat Komitəsinin üzvləri uşaq və gənclərin milli-mənəvi dəyərlərə, dünya xalqlarının adət-ənənələrinə hörmətlə yanaşmaları üçün çalışırlar.
3 saylı uşaq evinin müdiri Zöhrə Hüseynova isə bildirib ki, Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan və Rusiyada fəaliyyət göstərən uşaq evlərinin və internat məktəblərinin nümayəndə heyətləri də iştirak edəcək.
Qeyd edək ki, Festivalın Himayədarlar Şurasının Fəxri Sədri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır.
Festival çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi, rəsm müsabiqələri, idman yarışları, teatr tamaşalarına baxış, incəsənət və mədəniyyət xadimləri ilə görüşlər, müxtəlif gəzintilər, muzey və Azərbaycanın qədim abidələrinə ekskursiyalar da təşkil olunacaq.
Festival iştirakçıları
""Dan Ulduzu"
IV Beynəlxalq Bədii
Yaradıcılıq Festivalının
laureatı" adına
layiq görülərək
diplom və qiymətli hədiyyələrlə
təltif olunacaqlar.
Yeni Azərbaycan.- 2007.- 24 may.- S. 8.