“Bu gün Azərbaycanda
xor sənəti inkişafdadır”
Əbülfəs
Qarayev: "Bir il ərzində Azərbaycanda 50 uşaq musiqi
kollektivi yaranıb"
Ötən gün
Musiqili Komediya Teatrında Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Uşaq musiqi və
incəsənət məktəbləri xor kollektivlərinin
5-ci Respublika müsabiqəsinin yekun konserti keçirildi. Mərasimdə
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
də iştirak edirdi.
Konsert başlamazdan öncə Əbülfəs Qarayevə söz verildi. Nazir müsabiqədə iştirak edən bütün musiqi məktəblərinin kollektivlərini salamladı. Çıxışında mərasim təşkilatçılarının əməyini yüksək qiymətləndirdi: "Ötən bir il olduqca maraqlı və nəzərəçarpacaq yeniliklərlə yadda qaldı. Sevinirəm ki, bu gün Azərbaycanda xor sənəti inkişafdadır. Bir il ərzində Azərbaycanda 50 uşaq musiqi kollektivi yaranıb. Bu, əlbəttə ki, sevindirici göstəricidir. Xatırladım ki, xor üçün yaranan əsərlər üçün də müsabiqə elan edilib. Bu da Azərbaycanda xor sənətinin inkişafına müsbət mənada təsirini göstərir. Mən bu müsabiqədə əməyi olan bütün insanlarla yanaşı, ilk növbədə xor kollektivləri ilə çalışan müəllimlərə minnətdarlığımı bildirirəm. Onların əməyi bu gün göz qabağındadır. Bu müsabiqədə 12 min uşaq iştirak edir. 12 min uşağın iştirakını təmin etmək müəllimlərdən böyük zəhmət tələb edib".
Daha sonra nazir
müsabiqədə qalib olan musiqi kollektivlərinin müəllimlərinə
mükafatlar təqdim etdi. Birinci yerə Mingəçevir
şəhərindən İnna Lipkina layiq görüldü. Birinci yerin qalibinə 500 manat verildi. İkinci yerə Səidə Göyçayskaya, Məhim Orucov, Teymur Cəbrayılov layiq görüldülər. Onların də hər birinə 400
manat pul mükafatı verildi. Üçüncü
yerə Elmira Mansurova, Validə Cəlilova, Nəzakət
Mövsümzadə layiq görüldülər. Onların da hər birinə 200 manat pul
mükafatı verildi. Müsabiqədə
həmçinin həvəsləndirici mükafatlar da verildi.
Zemfira Budullayeva, İradə Cəlilova və Aygün
Məmmədova 100 manat məbləği ilə
həvəsləndirici mükafatın sahibi oldular. Müsabiqədə
yüksək səviyyədə
çıxışlarına görə birinci
dərəcəli mükafat Mingəçevir şəhər
Üzeyir Hacıbəyov adına uşaq
musiqi məktəbinə verildi. İkinci yerin
sahibi Bakı şəhər 2 nömrəli uşaq musiqi
məktəbi və 3 nömrəli musiqi məktəbi oldu.
Üçüncü yerə Naxçıvanın
Ordubad şəhərinin musiqi məktəbinin kollektivi layiq görüldü.
Yekun konsertində
həmçinin müsabiqə iştirakçılarına
fəxri fərmanlar da təqdim olundu. Bakı şəhər Fikrət
Əmirov adına 6 nömrəli musiqi məktəbi,
Rastropoviç adına 2 nömrəli 11 illik uşaq musiqi
məktəbi, Bakı şəhəri Babayev adına I 25
nömrəli musiqi məktəbi, Bakı şəhəri I
96 nömrəli musiqi məktəbi, Gəncə
şəhəri uşaq-incəsənət musiqi
məktəbi, Neftçala uşaq musiqi məktəbi,
Sumqayıt şəhər Bülbül adına 2
nömrəli uşaq musiqi məktəbi, Şəki
şəhərindən 2 və 4 nömrəli musiqi məktəblərinin
kollektivi, həmçinin Xocalı şəhər 1 nömrəli
uşaq musiqi məktəbinin kollektivi fəxri fərmanla
mükafatlandırıldılar. Təqdimat mərasimi bitdikdən
sonra isə mərasimin bədii hissəsinə start verildi.
Konsertdə uşaq musiqi
və incəsənət
məktəblərinin şagirdlərinin iştirakı
ilə xor kollektivlərinin 5-ci Respublika müsabiqəsinin
konserti təqdim olundu. Gecədə Üzeyir Hacıbəyovun
"Zəfər himni"ni Bakı
şəhəri Rəşid Behbudov
adına UMM-in xoru təqdim etdi. Xormestr Səidə Göyçayskaya,
konsertmestr Ramina Kazımova idi. "Süsən
sünbül" xalq mahnısını isə Bakı
şəhər H.Sarabski adına 7 nömrəli UMM-in xor
kollektivi ifa etdi. Kollektivin xormestri Xalidə Cəlilova, konsertmestri Nizami Əliyev idi. Kollektivin solisti Tamerlan
İsgəndərov idi. Gecədə həmçinin digər qaliblərin ifasında da xor musiqisi səsləndi.
Şərq.- 2007.- 16 may.- S. 14.