Fuad E.

 

Başını dik tut, böyük xalqım, sənin Üzeyirin var...

 

Ustadı xatırlarkən...

 

Hər bir xalq tarixin səhifələrində dahi şəxsiyyətləri, sənətkarları, mədəniyyət xadimləri ilə adını həkk edir. Uca millətimiz adını tarixdə yaşadacaq neçə-neçə sənətkar yetirib. Bu dahi sənətkarlardan birinin - Azərbaycan bəstəkar musiqisinin, operasının, xalq çalğı alətləri orkestrinin, daha nələrin banisi, təməlçisi Üzeyir bəy Hacıbəyovun xatirəsinə həsr olunmuş "Ustadı xatırlarkən" "Hacıbəyovların musiqi dünyası" adlandırılmış disklərin təqdimat mərasimi gerçəkləşdirilmişdi. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında "Koroğlu" operasından uvertüranın səslənməsilə başlanan təqdimat mərasimini DAƏŞ-in sədr müavini, professor Qulamrza Təbrizi açdı: "Bu gün çox əlamətdardır. Cismən bizdən ayrılsa da, ruhən xalqı ilə, xatirəsini əziz tutan Vətən övladları ilə bir arada olan, Azərbaycanı dünyaya tanıdan, özü bir o qədər tanınan Üzeyir bəyi yad edirik. O, elə böyük istedad sahibi idi ki, yaratdığı musiqi əsərləri təkcə Azərbaycanın deyil, bütün Şərq musiqisinə, mədəniyyətinə təsir göstərmişdir. Onunla bütün dünya azərbaycanlıları, böyük türk dünyası qürur duyur". Qulamrza bəy dahi bəstəkara həsr olunmuş iki diskin - layihə müəllifləri əməkdar jurnalist Gülbəniz Hüseynova üzeyirşünas Səadət Qarabağlı olan "Ustadı xatırlarkən", "Hacıbəyovlar nəslinin davamçısı, tanınmış pianoçu, bəstəkar Ülviyyə Hacıbəyovanın hazırladığı "Hacıbəyovların musiqi dünyası" disklərini araya-ərsəyə gətirdiklərinə görə onlara təşəkkür etdi məclisi idarə etmək üçün sözü şuranın üzvü Amaliya Rzaqızına verdi.

Üzeyir bəyin sevimli tələbələri, bəstəkar Şəfiqə Axundovanın Tofiq Bakıxanovun ustad haqqında xatirələrini böyük maraqla dinləyən üzeyirsevərlərin, professor Saleh bəydən 2006- ildə məşhur Niaqara şəlaləsinin önündə Motsartın - bütün dünyada tanınmış bəstəkarın 250 illiyinə həsr olunmuş beynəlxalq musiqi festivalının yaradıcılığından bəhrələnərək Ü.Hacıbəyovun yazdığı "Fantaziya" əsəri ilə açıldığını eşidəndə qəlbləri fərəh hissilə doldu. Saleh bəy Üzeyir bəyin və digər sənətkarlarımızın xatirəsi ilə bağlı nə varsa qorunmasının vacibliyini diqqətə çəkdi və təqdim olunan disklərin böyük əhəmiyyət daşıdığını vurğuladı. "Üzeyir Hacıbəyov nəinki bütün türk dünyasında, eləcə də Şərqdə ilk operanın banisi olub. O, hərtərəfli şəxsiyyət, görkəmli publisist, ictimai xadim, nəhayət, əsl vətənpərvər idi" - deyən Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz xanım Abdullayeva dahi bəstəkarın Azərbaycan musiqisinə etdiyi xidmətləri Mustafa Kamal Atatürkün Türkiyə üçün göstərdiyi xidmətlərlə müqayisə etdi.

Gülbəniz Hüseynova və Səadət Qarabağlı çıxışlarında Üzeyir bəyin tələbələri Cövdət Hacıyev, Hacı Xanməmmədov, Hökumə Nəcəfova, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Məmməd Cavadov və Şəfiqə Axundovanın xatirələri və Hacıbəyovlar nəslindən olan musiqi xadimlərinin - Üzeyir, Soltan, Niyazi, Zülfüqar, Ülviyyə və İsmayıl Hacıbəyovların, habelə Tofiq Bakıxanovun əsərləri toplanmış disklərin ustada mənəvi övlad kimi duyduqları sonsuz ehtiramın bir nişanəsi, zərrəsi olduğunu vurğuladılar. Bu işdə onlara maddi və mənəvi dəstək olan professor Q.Təbriziyə və Ülviyyə Hacıbəyovaya minnətdarlıqlarını bildirdilər, gələcəkdə də Üzeyir bəyin irsinin tədqiqi, təbliği və nəşrini davam etdirəcəklərini söylədilər.

Güney Azərbaycanın tanınmış şairi, nasiri və dilçi alimi Əli Daşqın dahi bəstəkarın Güneydə hər bir soydaşımız tərəfindən sevildiyini və İranda yaşayan digər xalqların musiqisinə güclü təsirini diqqətə çatdırdı. Ədəbiyyatla musiqinin vəhdətini bacı və qardaşa bənzədən Əli Daşqın "Könlümün saxsısı" qəzəlini söylədi.

Ülviyyə Hacıbəyova "Koroğlu" operasının uvertürasını, Gülnaz İsmayılova isə Niyazinin "Arzu" romansını ifa edərək hər kəsi sanki ecazkar musiqinin qanadlarına aldılar.

Təqdimat mərasimində son sözü söyləyən professor Q.S.Təbrizi mərhum prezidentimiz Heydər Əliyevə olan sonsuz sevgi və ehtiramını sədaqətli bir dost olaraq bir daha dilə gətirdi: "Bu gün bütün dünyaya səpələnmiş Azərbaycan türklərini bir araya cəm edən Əlaqələndirmə Şurası ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə yaranıb. Ulu öndərimizin, sadiq dostumun şəxsən mənə tövsiyəsi bu oldu: "Unutmayın ki, Əlaqələndirmə Şurası Yer üzünə səpələnmiş 50 milyonluq azərbaycanlılarımızın koordinasiya təşkilatıdır. Sizin ən əsas vəzifəniz xalqımızın birliyinə, həmrəyliyinə nail olmaqdır". Biz bütün fəaliyyətimizi dahi Heydər Əliyevin göstərişlərinə, tövsiyələrinə əsasən qurur, bundan fərəh hissi duyuruq. Dünya azərbaycanlılarının öyündüyü, varlığından iftixar duyduğu tarixi şəxsiyyətlərdən biri də Üzeyir Hacıbəyovdur. Və biz belə korifey sənətkarlarımızı dünyaya tamtmaq üçün bütün səylərimizi birləşdirməliyik..."

Üzeyirbəy Hacıbəyovun - Şuşada doğulan, Şuşada böyüyən, Şuşanın, Qarabağın Azərbaycanın konservatoriyasına çevrilməsində əvəzsiz rol oynayan korifey sənət dahimizin xatirəsinə həsr olunmuş disklərin təqdimatı Şuşanın işğalının 15-ci ildönümü ərəfəsində keçirilirdi. Şuşasız yaşadığımız günlərin, illərin acısına Üzeyir bəyi anaraq azacıq məlhəm qoymaq istəyində bulunan Üzeyirsevərlərin bütün mərasim boyu bircə fikir dolaşırdı beyinlərində: Başını dik tut, uca millətim, sənin Şuşanı musiqilərində yaşadan Üzeyirin, Niyazin, Soltanın, Zülfüqarın, İsmayılın - bütöv Hacıbəyovların var!..

 

Respublika.- 2007.- 10 may.- S. 12.