İki qəlbin pıçıltıları susdu

 

Hikmət Mirməmmədli fəxri ad almalarını qeyd edəcəkmiş

 

O, Nailə xanımın doğum gününə hazırlaşırmış

 

Ötən gün Nailə Hikmət Mirməmmədlilərin "Ağdaş" restoranında "Əməkdar incəsənət xadimi" adı almaları münasibəti ilə mərasim keçirilməli idi. Lakin bəstəkar ailəsinin məclisinə dəvət alan sənət adamları Hikmət Mirməmmədlinin ölüm xəbərini eşidib, onun yas mərasiminə gəldilər. Deyilənə görə, mayın 23-də Nailə xanımın doğum günü qeyd olunmalı idi.

46 yaşında olan H.Mirməmmədlinin ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilir. Qeyd edək ki, hadisə Mirməmmədlilərin iştirak etdiyi məclislərin birində baş verib. "Mir" telekompaniyasının əməkdaşının ad günündə (Nizami rayonunda yerləşən "Xan bağı" restoranında) iştirak edən H.Mirməmmədlinin qəfil ürəyini tutaraq yerə yıxıldığı zaman onu restoranın administratoru tutub.

Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları H.Mirməmmədlinin ölümünün səbəbini ilkin versiya kimi daxili orqanlarında yaranan çatışmazlıqla əlaqələndirir. Nizami rayon təcili tibbi yardım stansiyasının həkimi Azər Qədiməliyevin bildirdiyinə görə, hadisə yerinə çatanda artıq Hikmət müəllim dünyasını dəyişibmiş. Ölümün daha dəqiq səbəbi ekspertizanın verəcəyi yekun rəydən sonra məlum ola bilər. Lakin N.Mirməmmədli həyat yoldaşının cəsədinin yarılmasına icazə verməyib.

Hadisədən bir neçə saat sonra Mirməmmədlilərin evinin qarşısına toplaşan sənət adamları yaxınları öncə xəbəri şayiə hesab ediblər. Nazpəri Dostəliyeva, İradə İbrahimova, Röya, meyxanaçı Vüqar, reyissor Aqil M.Quliyev bir çox sənət adamları gecə yarısına qədər Nailə xanımı tək qoymayıblar.

Qeyd edək ki, H.Mirməmmədli ilə vida mərasimi evində keçirilib. Əgər dövlət tərəfindən sərəncam verilsəydi, mərhumla vida mərasimi sənət ocaqlarının birində baş tutardı. Bəstəkarınevinə gələnlər arasında olan şairə Xuraman Vəfa Hikmət müəllimin gözləri önündə dünyasını dəyişdiyini söylədi: "Dünənki məclisdə mən var idim. Dedik-güldük, maraqlı söhbətlərimiz oldu. Hikmət müəllim məni sabahkı (dünəni nəzərdə tutur) məclislərinə dəvət etdi. Məclisin yekunlaşmağına saat yarım qalmış onlar getməyə hazırlaşırdı. Birdən Hikmət müəllim yerə yıxıldı. Təcili yardım gələndə artıq dünyasını dəyişmişdi".

Dünən vida mərasimi başa çatdıqdan sonra H.Mirməmmədli Yasamal qəbiristanlığında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

 

Kaspi.-2007.-24 may.-S.17.