Qocayeva A.

 

Gənc musiqiçilərin səviyyəsi milli musiqi ənənələrinin yaşarılığına zəmanətdir

 

Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin I katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov bu qənaətində israrlıdır

 

R.Zöhrabov "Azərbaycan təsnifləri", "Azerbaydyanskie zerbi-muqamı", "Muğam", "Bəstəkarlarımız haqqında söz", "Azərbaycan modal musiqisi", "Çahargah muğam dəstgahının nəzəri əsasları", "Rast muğam dəstgahının nəzəri əsasları", "Azərbaycan rəngləri" və bu qəbildən olan 20-dən artıq kitabın, bir sıra dərslik və dərs vəsaitlərinin, bəstəkarlarımız haqqında 3 monoqrafiyanın müəllifi, Azərbaycan professional musiqi problemlərinin tanınmış tədqiqatçısıdır.

Alimin respublikamızda və bir sıra xarici ölkələrdə çap etdirdiyi 300-ə yaxın elmi məqalə daim sənətkarların və geniş oxucu kütləsinin diqqətini cəlb etmişdir.

1971-ci ildən Azərbaycan Dövlət Televiziyasında mütəmadi olaraq apardığı milli musiqimizin ayrı-ayrı sahələrinə həsr olunmuş silsilə verilişləri bu sahənin adamları tərəfindən maraqla qarşılanır.

Professor Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazdığı süitalar, lövhələr, pyeslər və bir sıra mahnılar televiziyanın qızıl fondunda saxlanılır.

1997-ci ildə "Humay" mükafatına layiq görülüb.

- Ramiz müəllim, Prezident İlham Əliyevin bu yaxınlarda "Yazıçıların, rəssamların və bəstəkarların yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması tədbirləri haqqında" imzaladığı sərəncamı necə qarşıladınız?

- Ulu öndərimiz Heydər Əliyevin mədəniyyətə, incəsənətə və bu sahənin adamlarına daim diqqət və qayğı ilə yanaşması siyasətini ləyaqətlə davam etdirən ölkə başçısı İlham Əliyevin nə vaxtsa belə bir sərəncam imzalayacağını gözləyirdik. Çünki biz bəstəkarların dövlət səviyyəsində qayğıya böyük ehtiyacımız vardı və bu Prezidentin diqqətindən kənarda qala bilməzdi.

Sərəncamda Azərbaycan Bəstəkarlar İttifaqı binasının əsaslı təmir edilməsi, Abşeron yarımadasında adı çəkilən üç ittifaq üçün yaradıcılıq binalarının inşa edilməsi, bəstəkarlara fərdi təqaüdlərin verilməsi üçün təkliflərin işlənib hazırlanması və onların əsərlərinin nəşri, yayımlanması məsələləri öz əksini tapıb.

Bəstəkarlar İttifaqının 73 illik tarixi dövründə özünün balansında nə evi, nə də bəstəkarların yaradıcılıq evləri olub. Biz daim Moskvanın və Gürcüstanın yaradıcılıq evlərinə getmiş və böyük əsərlərimizi də məhz o evlərdə yaratmışıq. İttifaqımızın dəfələrlə müxtəlif binalara köçürülməsi nəticəsində ağır musiqi alətlərimizə və digər əmlakımıza ciddi ziyanlar dəyib.

Yalnız yaradıcılıqla məşğul olub aldığı məvaciblə aşağı səviyyədə dolanan bəstəkarlara fərdi təqaüdlərin verilməsi ilə bağlı təkliflərin işlənib hazırlanması məsələsi də ürəyimizcə oldu.

Sərəncamda yer almış Azərbaycan bəstəkarlarının əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsilə yayılmasının təmin olunması məsələsi də bəstəkarların ən ağrılı problemi idi. Çünki uzun illərdir ki, Azərbaycanda bəstəkarların notlarını çap edən bir nəşriyyat yox idi. Eyni zamanda bəstəkarlarımızın yazdıqları bir çox əsərlərdən dünya musiqiçilərinin xəbərləri yoxdur və onlardan istifadə etməkdən məhrumdurlar. Arxamızda dövlət qayğısını hiss edərək bundan sonra da musiqinin bütün yanrlarında gözəl, daha səviyyəli əsərlər yaradacağıq. Belə şəraitin yaradılması hazırkı gənc bəstəkarlar və sonrakı musiqiçilər üçün çox vacibdir.

- İttifaqınızın ümumi fəaliyyəti ilə bağlı məlumat verməyinizi istərdik.

- Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı vaxtdan çox ciddi bir qurum olub və ona Üzeyir bəy, Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi böyük bəstəkarlar rəhbərlik ediblər. Bu ittifaq daim tanınmış bəstəkarları öz ətrafında toplayıb və onların əsərlərinin təbliğ olunaraq xalqa çatdırılmasına yardımçı olub. Vaxtilə dünya şöhrətli bəstəkar D.Şostakoviç simfoniyamızın banisi Cövdət Hacıyevlə söhbəti zamanı demişdi: "Azərbaycanda əla bəstəkarlıq məktəbi ənənələri var. Bu ittifaqda musiqiyə o qədər ciddi yanaşılır ki, orada hər bəstəkar əsər müzakirəyə çıxarmağa hünər etmir". Doğrudan da, hazırda ciddi və səviyyəli fəaliyyətinə görə Azərbaycan Bəstəkarlar İttifaqı Moskva Bəstəkarlar İttifaqından sonra ikinci yeri tutur. 4 il əvvəl Moskvada keçirilən "Dostluq" festivalında hər ölkədən 1-2 əsər ifa olunduğu halda, bizdən 5 əsər səsləndi. Həmin festivaldan sonra da Azərbaycanda zəngin bəstəkarlıq məktəbi olduğu bir daha vurğulandı.

Mən 1990-cı ildən bu ittifaqın katibi vəzifəsində çalışmışam və bəstəkar Firəngiz Əlizadə ilə birlikdə yaradıcılıq məsələləri ilə məşğul olmuşuq. Hər ilin əvvəlində bəstəkarların yaradıcılıq gecələrinin, konsertlərinin, musiqinin müxtəlif yanrlarına həsr olunmuş festivalların, müsabiqələrin, konfransların, plenumların keçirilməsini planlaşdırır və ardıcıl olaraq həyata keçirirdik. Eyni zamanda ayrı-ayrı nazirliklərlə müqavilələr bağlayaraq onların peşə bayramlarını qeyd etmişik. Musiqinin müxtəlif yanrlarına həsr olunmuş müsabiqələr keçirməklə həmin yanrların necə inkişaf etməsinə diqqət yetirmiş, çatışmazlıqları nəzərə çatdırmışıq. Əvvəl Mədəniyyət Nazirliyi, sonra isə Mədəniyyət və Turizm Nazirliyi bizə Filarmoniyanın və bir sıra teatrların səhnələrində daim şərait yaradıb. Çox istərdik ki, ittifaqımızın özünün konsert zalı olsun və biz tamaşaçıları tez-tez bəstəkarlarımızın əsərləri ilə tanış edə bilək. Bəstəkarlarımız təmənnasız olaraq yazıb-yaradaraq musiqi xəzinəmizi zənginləşdirirlər və bu nöqteyi-nəzərdən onların təbliğ olunaraq sevilməyə ehtiyacları var.

İttifaqımızın Naxçıvan, Qarabağ, Gəncə, Lənkəran təşkilatları fəaliyyət göstərir və digər ətraf rayonların musiqiçiləri də onların ətrafında birləşirlər. Bu təşkilatlar gördüyü işlər barədə bizim ittifaqa hesabat verirlər.

Cari ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir neçə görkəmli bəstəkarın, o cümlədən Əfrasiyab Bədəlbəylinin və Səid Rüstəmovun 100 (bu münasibətlə martın 29-da nazirlikdə konfrans keçirdik), Cövdət Hacıyev və Tofiq Quliyevin 90 illik yubiley mərasimlərinin keçirilməsini nəzərdə tutmuşuq.

Gördüyümüz bütün işlər, ittifaqımızın 1999-cu ildən rus və Azərbaycan dillərində rüblük nəşr olunan "Musiqi dünyası" yurnalında öz əksini tapır.

- Ramiz müəllim, Bəstəkarlar İttifaqının qurltayına necə hazırlaşırsınız?

- Qurultaya hazırlıq işləri bir il əvvəldən başlayıb. Bu qurultayın iyun ayının 11-dən 16-na kimi keçirilməsi planlaşdırılıb. Həmin vaxt son 10 il ərzində musiqinin bütün yanrlarında yaranan ən yaxşı əsərlər seçilib səsləndiriləcək. Biz həmin əsərlərin müzakirə olunaraq seçilməsi üçün xüsusi komissiya yaratmışıq və o, bu sahədə öz işini artıq başa çatdırıb. Bu gün mahnı yanrı ən çətin bir yanr hesab olunur və biz qurultayda elə mahnılar səsləndirməliyik ki, o mahnılar bəstəkarların sonrakı yaradıcılıqları üçün nümunə olsun.

Qurultayda yeni əsərlərlə yanaşı əvvəlki illərdə yaranan bir sıra ən yaxşı əsərlər də ifa olunacaq.

Bu qurultayda Bəstəkarlar İttifaqının sədrini və katibini də seçəcəyik.Axırıncı qurultayımız 1990-cı ildə olub və o vaxtdan yığılıb qalan bir sıra problemlərimizi bu qurultayda həll etməyi planlaşdırmışıq.

- Azərbaycanda bünövrəsini dahi Üzeyir bəyin qoyduğu zəngin bəstəkarlıq məktəbi ənənələrinin bugünkü səviyyəsi barədə nə deyərdiniz? Eyni zamanda Bakı Musiqi Akademiyasını bitirən gənc musiqiçilərin bu ənənələri gələcək nəsillərə layiqincə çatdıra biləcəklərinə nə kimi ümidlər bəsləyirsiniz?

- Mən Bakı Musiqi Akademiyasında bəstəkarlıqdan 30 il dərs verən bir ixtisasçı-nəzəriyyəçi, eyni zamanda Bəstəkarlar İttifaqı İdarə Heyətinin I Katibi kimi tam qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanda möhkəm bünövrəsi olan bəstəkarlıq məktəbi ənənələri yaşanır. Bəstəkarlarımızın bu sahədə qazandığı uğurlar böyükdür. Elə bu yaxınlarda tanınmış bəstəkarımız Aqşin Əlizadənin 70 illik yubiley mərasimini qeyd etdik. Bu yubiley bəstəkarın xalq qarşısında bir növ hesabatı idi. Xalq bu məhsuldar bəstəkarın zəngin yaradıcılığının bir daha şahidi oldu.

Bir neçə gün bundan əvvəl bəstəkar Firəngiz Əlizadə Hamburqdan qayıdıb. Onun orada anşlaqla yubileyi keçirilib, haqqında alman dilində 180 səhifəlik kitab nəşr olunub. Amerika, Fransa və Almaniyada 2500-3500 nəfərlik zallarda öz əsərlərindən ibarət konsertlər verib. Firəngiz xanım haqqında gözəl bir film çəkilib.

Bakı Musiqi Akademiyasında vokal sənətindən dərs verən xalq artisti, "Şöhrət" ordenli müğənni Xuraman Qasımovanın tələbəsi, operanın solisti Dinarə Əliyevanın vokalçıların İspaniyada keçirilən Mariya Kollas adına Beynəlxalq müsabiqəsində II yerin qalibi olması musiqimizin inkişafından və dünya arenasında böyük nüfuza malik olmasından xəbər verir. Qazanılan belə uğurlar onu göstərir ki, Azərbaycanda bu sahədə yaranan məktəb uğurla davam etdirilir.

Musiqi Akademiyasında dərslər induvidal qaydada keçirilir və tələbələr musiqinin bütün yanrlarına çox ciddi yanaşırlar. Bu məktəbi bitirən musiqiçilərin ümumi səviyyələri milli musiqi ənənələrimizin gələcəkdə ləyaqətlə yaşanacağına böyük ümidlər verir.

Lakin yaradıcılıq qabiliyyəti lazım olan məktəblərdə imtahanların testlə götürülməsi ilə razılaşa bilmirəm. Belə halda qabiliyyəti olanlar kənarda qalır, nəzəriyyədən bal toplayanlar isə qəbul olunurlar. Mədəniyyət və incəsənət sahəsində praktiki iş daha çox olduğuna görə burada qabiliyyət əsas götürülməlidir. Bu baxımdan incəsənət sahəsində gələcəkdə yarana biləcək problemlər bizi çox narahat edir.

- Hazırda nə üzərində işləyirsiniz?

- "Xanəndə və sazəndə yaradıcılığı" ilə bağlı kitab üzərində işləyirəm. Bu kitab da uzun illərdəki axtarışlarımın və tədqiqatlarımın məhsuludur. Yeni yazılmış ən böyük kitabım isə "Muğam"dır. Azərbaycanda "Muğam" kitabını ilk olaraq mən yazmışam və bu fars dilinə tərcümə olunub. Yaradıcı adam üçün iş çoxdur. Hazırda ən böyük işimiz isə qarşıdakı qurultaya hazırlaşmaqdır.

 

Kaspi.-2007.-24 may.-S.16.