Məhərrəmova T.

 

Həmişəyaşar mahnıların müəllifi

 

O həm də qayğıkeş insan, sözün mütləq anlamında böyük vətənpərvər idi

 

1984-cü ilin mayında Ulyanovsk şəhərinin konsert salonlarının birində "Gənclik simfoniyası" səslənirdi. Bu, Azərbaycanın tanınmış bəstəkarı Rauf Hacıyevin böyük rus şəhərində müəllif konserti idi. Yaxşı musiqi sərhəd tanımır və bəstəkarın 40 illik yaradıcılıq hesabatı bunu bir daha sübut edirdi. Nə zaman ki, işıqlar yanıb alqışlar salonu titrətdi, yaşlı bir qadın bəstəkara yaxınlaşaraq insan qəlbini əsir edən xoş musiqiyə görə ona təşəkkür etdi. Adını belə bilmədiyi sadə rus qadınının minnətdarlığı bəstəkar Rauf Hacıyev üçün ən böyük mükafat idi.

 

Gələcəyin görkəmli bəstəkarı

 

XX əsrin 20-ci illəri Azərbaycan xalqının həyatında inqilablar dövrü idi. Xarici kapitalın Bakıya axışdığı, xalqı aclıq və savadsızlıq girdabında boğmaq istədiyi həmin dövrdə Azərbaycanda da inqilabi dəyişiklik baş verdi. Mütərrəqi ziyalılar nəsli yetişir və bütün qüvvələrini xalqın savadlanmasına sərf edirdilər. Bu ziyalılar arasında Qərib Soltan Məlikova - Zərdabi də var idi. Məlikovlar ailəsi Azərbaycanın maarifçilik hərəkatında yeni bir səhifə idi. Həsən bəy və həyat yoldaşı Hənifə xanımın açdığı ev pansionunda ilk dəfə olaraq Azərbaycan uşaqları Azərbaycan və rus klassiklərinin - Füzulinin, Vaqifin, Nizaminin, eləcə də Puşkinin, Lermontovun, Qoqolun əsərlərini mütaliə edirdilər. Məlikovların evində həmişə musiqi səslənərdi. Burada rus və Azərbaycan mahnılarını çox sevirdilər. Məlikovların maarifpərvər ruhunun davamçısı olan qızları - respublikanın Əməkdar müəllimi Qərib Soltan özünün bütün həyatını bu müqəddəs işə - azərbaycanlı balalarının savadlanmasına və yetişməkdə olan nəslin tərbiyəsinə həsr etmişdi.

Uşaqlığı bu pansionda keçmiş Rauf Hacıyevin şəxsiyyət kimi formalaşmasında təəccüblü heç nə yox idi. Bəstəkarın musiqi yaradıcılığı haqqında danışanda ilk növbədə sözsüz ki, onun böyüdüyü mühitin xüsusiyyətlərini, onun tərbiyəsində əsas rol oynayan ailənin ümumi atmosferini aydınlaşdırmağa cəhd edirlər.

Bəstəkar böyüyüb tərbiyə aldığı evdə sonralar görkəmli ədəbiyyat, incəsənət və musiqi xadimlərini gördüyünü xatırlayacaqdı. Onun musiqi qabiliyyətinin formalaşmasında Üzeyir bəy və onun qardaşı, bəstəkar Zülfüqar Hacıbəyovun, istedadlı musiqiçi, diriyor Mark Çernyaxovski və Niyazinin xidmətləri danılmazdır.

R.Hacıyev sonralar yazacaqdı:

"Üzeyir Hacıbəyov... Bu ad mənim şüuruma lap erkən yaşlarımda həkk olub. Həyatımı musiqi ilə bağlamamışdan əvvəl, evimizdə adı həmişə xüsusi ehtiramla çəkilən xeyirxah və müdrik insan mənimçün sirli-sehrli bir aləm idi. Onun haqqında ilk təəssürat məndə Qərib Soltanın danışdığı əhvalatlar sayəsində formalaşmışdı. O, xüsusi qürur hissi və məhəbbətlə Üzeyir bəyin onların evində olmasından, atası Həsən bəy Zərdabini necə sevməsindən, pansionda bir neçə vaxt musiqi dərsi keçməsindən danışardı. Bu evdə Üzeyir bəyin boş vaxtlarında çaldığı heyranedici, hamının sevdiyi musiqisi eşidilərdi".

Sonralar Rauf Hacıyevin evində iki qiymətli əmanət qorunacaqdı: Üzeyir bəyin şirmayı dillərində "Arşın mal alan"ı yazdığı pianino və Hənifə xanıma öz əliylə yazıb bağışladığı fotoşəkli.

Rauf Hacıyevdə musiqiyə həvəs belə oyanmışdı. Tez-tez evlərində eşitdiyi musiqinin gözəlliyi onu öz əsirinə çevirmişdi. Sözsüz ki, musiqi qabiliyyəti uşağa atası Soltandan keçmişdi. O, qeyri-adi musiqi adamı idi. Gözəl tar çalardı. Bir neçə vaxt görkəmli tarzən Qurban Pirimovun şagirdi də olmuşdu.

 

4 yaşlı bəstəkar

 

Qərib Soltanın şahidliyi ilə Rauf ilk melodiyasını artıq 4 yaşında bəstələməyə başlamışdı. Təbii ki, onda hələ not yaza bilmirdi və bu işdə ailənin dostu, diriyor Mark Çernyaxovski onun köməyinə çatmışdı. Uşağın maraq və qabiliyyətini görən diriyor onun musiqi inkişafını diqqətlə izləməyə başlamışdı. M.Çernyaxovski özünün yubiley konsertində balaca Raufun ilk çıxışını təşkil eləmişdi. Üzeyir bəy onun yazdıqlarını görəndən sonra: "Bu uşaqda bəstəkarlıq vergisi var" demiş və onunla tanış olmaq istəmişdi. Balaca bəstəkar bu "imtahana" böyük həyəcanla getmiş və ömrünün sonunadək şirin bir xatirətək yaddaşında saxlamışdı.

Qızı Nanə xanım danışır ki, Rauf Hacıyevin yaradıcılığını müharibə müvəqqəti yarıda qoyur: 1942-ci ildə Qafqazın müdafiəsinə qalxan 402-ci atıcı diviziyasının sıralarında döyüşə yollanır. Ara verməyən döyüşlər onu Mozdok istiqamətinə aparıb çıxarmışdı. Belə qızğın döyüşlərin birində o yaralanır. Hospitalda müalicə olunduqdan sonra DİN-in hərbi hissəsində estrada ansamblına rəhbərlik edir. Respublikanın rayonlarında, hərbi hissələrdə, hospitallarda çıxış edərək əsgərlərdə vətənpərvərlik hissinin, döyüş əzminin yüksəlməsinə çalışır.

R.Hacıyev Moskva Konservatoriyasındakı təhsilini ailə şəraitinə görə yarımçıq qoyub Bakıya qayıdanda artıq Üzeyir bəy həyatda yox idi. Ancaq onun adını daşıyan konservatoriyada dahi bəstəkarın musiqisinin ölməz ruhu hökmranlıq edirdi. Xeyirxah Üzeyir gülüşü onunla vaxtilə təmasda olanların hamısının çöhrəsini işıqlandırmışdı. Rauf da dərk eləmişdi ki, "pis adamlar heç vaxt yaxşı musiqi yaza bilməzlər, çünki yaxşı musiqi xeyirxah olmalı, insanlara xoşbəxtlik, sevinc gətirməlidir".

Rauf Hacıyevin bəxti gətirir. O, Azərbaycan bəstəkar musiqisinin ənənələrini layiqincə yaşayan Qara Qarayevin tələbəsi olur. Görkəmli bəstəkar tələbələri qarşısında D.Şestakoviçin heyranedici dünyasını açır.

Tələbəlik illərində gənc bəstəkar iri vokal instrumental əsərlər silsiləsi yaradır. Böyük Niyazi ilə birgə "Kolxoz səhəri"ni yazır. Q.Qarayev tələbəsində qeyri-adi bəstəkar- simfonist vergisini görərək, ona əvvəlcə skripka üçün əsər, daha sonra simfoniya yazmağı təklif edir. Bu iki partitura bəstəkarın tələbəlik dövründəki yaradıcılığını bəzəyir.

Azərbaycan bəstəkarlarının qurultayının keçirildiyi günlərdə Bakıda qonaq olan D.Şestakoviç qurultay salonunda R.Hacıyevin "Gənclik simfoniyası"nı dinləyərək çox bəyənir və öz çıxışında müəllifin böyük istedad sahibi olduğunu xüsusi qeyd edir. Sonralar gənc bəstəkar D.Şestakoviçlə Q.Qarayevin evində qonaq olduğu günü ömrünün sonunadək unutmayacaqdı: "Həmin gecə musiqi haqqında çox danışdıq. Nə zaman ki, söhbət musiqidən gedirdi, o, sözün həqiqi mənasında alışıb-yanır, ondan "yaradıcılıq qığılcımları" çıxırdı".

Həmin gecə D.Şestakoviç özünün 5-ci simfoniyasını qeyri-adi tərzdə çaldı. Gənc bəstəkar onun hədsiz sadəliyindən heyran olmuşdu. Ömrü boyu unutmayacağı həmin gün gənc bəstəkar çox qiymətli hədiyyələr aldı. D.Şestakoviç 8-ci simfoniyasının, Q.Qarayev isə "Alban rapsodiyası"nın partiturasını üstündə avtoqrafla ona bağışladılar.

R.Hacıyev mahnı da yazmışdı, simfoniya da, süita da. Ancaq operettaları onun yaradıcılığının əsas qolunu təşkil edirdi. 60-cı illərdə "Romeo-mənim qonşumdur", "Quba- məhəbbətim mənim", "Təbəssümünü gizlətmə", "Yol ayrıcı" bəstəkarın yaradıcılığında yeni yanr idi. Bu əsərlərdən beşi Moskvada Opera Teatrının səhnəsində qoyulmuşdu. Bu teatr R.Hacıyevi qarşılamaq üçün qapılarını geniş açmışdı. Həmin teatrda əsərlərinin səhnəyə qoyulmasına görə o, rekordçu idi və sayca Kalman, Leqar, Offenbax kimi görkəmli bəstəkarlarla rəqabət apara bilərdi. Eləcə də balet yanrında onun xidmətləri böyükdür.

Nanə xanım atasını işgüzar, qayğıkeş və səmimi bir insan kimi xatırlayır:

- Rauf Hacıyev mədəniyyət naziri vəzifəsində işləyərkən çox işlər görmüşdü. O, xor kopellasının, rəqs ansamblının, Mahnı Teatrının, Xalça Muzeyinin təşkilində mühüm rol oynamışdı. İlk dəfə olaraq Opera və Balet Teatrının xoreoqrafik truppasını beynəlxalq rəqs festifalına aparmağa müvəffəq olmuşdu. Sadəcə təəccübləndirici idi ki, bir-birinin ardınca, belə gərgin şəraitdə onun gözəl əsərləri yaranırdı. Onun mahnıları respublikanın sərhədlərini aşır, bütün ölkəni, hətta planeti dolaşırdı. R.Hacıyevin musiqisinə minnətdar olmaq lazım idi ki, Azərbaycanı dünyaya tanıdırdı. O mahnıları böyük müğənni Rəşid Behbudov oxuyurdu. "Mənim Azərbaycanım", "Sevgilim", "Bahar gəlir" kimi parlaq əsərləri Azərbaycan mahnı klassikasının qızıl fonduna daxil olmuşdur. Və beləcə, 150-dən artıq mahnısı vardı. O, Azərbaycan estrada musiqisinin əsasını qoyanlardan biri idi.

Ailədə ata kimi çox mehriban idi. O, bizə həm dost, həm qardaş idi. Bircə dəfə də onun acıqlı səsini eşitməmişdik. O, bizimlə gözləri ilə danışırdı. Biz yalnız onda səhvimizi başa düşürdük. Anam İradə xanım evdar qadın olsa da, hamımızı o idarə edirdi. Atamın ona münasibəti çox səmimi idi. Bircə dəfə də onunla kobud danışdığını görməmişdik. Atam çox xeyirxah insan idi. Xüsusən gənclərə onun diqqəti böyük idi. O, qonaqpərvər olduğundan evimiz hər gün adamla dolu olardı. Kimlər gəlməzdi bizə? T.Quliyev, C.Hacıyev, F.Əmirov, Niyazi, S.Ələsgərov, C.Cahangirov, R.Muradova, T.Bakıxanov, V.Adıgözəlov və neçə-neçə görkəmli insan süfrəmizin qonağı olardı. Atam heç kəsin paxıllığını çəkməzdi. Həmişə bizə deyərdi ki, sizə kim pislik eləsə, əvəzində yaxşılıq edin, çünki yaxşılıq yadda qalır. Anam da onun kimi idi. Onlar mənim arxam, dayağım idilər. Onları itirəndən sonra elə bil söykəndiyim dağı itirmişəm. Sənət yolumuzun müəyyənləşməsinə görə də atama minnətdaram. Mən bəstəkar olmasam da, musiqi müəllimliyini seçdim. O, buna çox şad idi. Qardaşım Fuad və yoldaşı Zəminə bəstəkardırlar. Hazırda Türkiyədə yaşayırlar. Onların 40-a yaxın əsəri, o cümlədən hazırladıqları "Arşın mal alan" Türkiyədə səhnəyə qoyulub. Finlandiyada yaşayan bacım və qızı da musiqiçidirlər. Onlar R.Hacıyevin adını ləyaqətlə yaşadır, onun musiqi ənənəsini davam etdirirlər.

Ömrünün axırlarında R.Hacıyev ağır xəstələndi. Dünyasını dəyişəndə sənət və şəxsiyyətlərinə pərəstiş etdiyi Üzeyir bəy, M.Maqomayev, Q.Qarayev, F.Əmirov, Niyazi kimi görkəmli bəstəkarların yanında dəfn olundu.

İndi də böyük bəstəkarın mahnıları dillər əzbəridir. Neçə illər ötsə də, o mahnılar həmişəyaşarıdır. O mahnıları dinlədikcə istər-istəməz düşünürsən ki, doğrudan da əsl sənəti yaradanlar dünyadan köçsələr də, xalq üçün qoyduqları əmanət toxunulmaz qalır.

 

Kaspi.-2007.-15 may.-S.16.