Cabbarov S.

 

Ulu öndərin xatirəsinə dərin ehtiram

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin inzibati binasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin büstünün açılış mərasiminə həsr olunmuş tədbir keçirilib. Tədbirdə komitənin işçiləri, Milli Məclisin üzvləri iştirak edirdilər.
Açılış mərasimində çıxış edən komitənin sədri Kərəm Həsənov qeyd etdi ki, 30 ildən artıq bir dövr ərzində ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət bir millət kimi tarixin sınaqlarından çıxaran nadir rəhbər, vətəndaş şəxsiyyətdir ki, vaxtında onun gördüyü bütün işlər indi bizim ümummilli sərvətimizdir. "Bilirəm ki, 30 ildən artıq Azərbaycana bəxş etdiyim töhfələr - zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələrE mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaq" deyən ulu öndər heç yanılmamışdır. Bu gün hər bir azərbaycanlı müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olduğunu fəxrlə qeyd edir.
Komitə sədri bildirdi ki, anadan olmasının 84-cü ildönümü ərəfəsində ulu öndər Heydər Əliyevin büstünün açılışı ilə komitənin kollektivi ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olacaq həyat fəaliyyətini yad etmək onun xatirəsi üçün kiçik bir töhfə verməklə qürur duyur. Azərbaycanın cari siyasi tarixinin son 35 ili Heydər Əliyevlə, onun çoxtərəfli genişmiqyaslı zəngin əməli-nəzəri siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Çətin günlərdə həmişə xalqla bərabər olan, dövlətçiliyimizin memarı, xalqımızın xilaskarı, ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə tüğyan edən siyasi iqtisadi böhranın qarşısını qısa müddət ərzində almaqla yanaşı, müasir dövlətçiliyimizin əsasını qoymuşdur. Həmin dövrdə siyasi müstəqilliyin bünövrəsi sayılan iqtisadi siyasət düzgün qurulmadığından, Azərbaycanın nəinki suveren dövlət, hətta adi coğrafi məkan kimi mövcudluğu təhlükə altında qalmışdır. Belə ağır bir zamanda ulu öndərimiz bütün çətinliklərə, maneələrə mətinliklə sinə gərərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi həm siyasi aləmdə ölkəmizə inamın, iqtisadiyyatda inkişaf meyillərinin bərqərar olması, qısa müddətdə respublikada azad sahibkarlıq biznes fəaliyyətinin genişlənməsi, ölkəyə investisiya axınının güclənməsi, neft strategiyasının reallaşmağa başlaması ilə nəticələndi. Bütün bunlar böyük siyasətçi Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın iqtisadi qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması kimi mühüm amilləri ehtiva edən müdrik siyasəti idi.
Komitə sədri onu da vurğuladı ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ardıcıl səmərəli islahatlar hesabına formalaşdırdığı inkişaf potensialı bu gün cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində reallığa çevrilmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının inkişaf etdirilməsi, Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyinin qorunması, iqtisadiyyatın müxtəlif sahələrinə yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması ölkədə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətini təşkil edir. Bu gün Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə lider dövlətdir. Cənab İlham Əliyevin Prezident seçildiyi vaxtdan 535 min yeni yeri açılmışdır ki, bunun da 83 faizi regionların payına düşür.
K.Həsənov sonda tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, bu iqtisadi yüksəliş strategiyasının mühüm hissələrindən biri olan dövlət əmlakının idarə edilməsi sahəsində müvafiq uğurlar qazanılıb.
Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə Milli Məclisin üzvü Xanhüseyn Kazımlı çıxış etdilər.

Azərbaycan
.-2007.-10 may.-S.12.