Şahsevənli Z.

 

Səni kim unudar

 

Mərhum sənətkar. Ustad tarzən Əliağa Quliyevin 90 illiyinə

 

Sızım-sızım sızıldayan barmaqlar nalə çəkirdi, ağlayırdı. Sarı simdən qopan bu yaralı səs yuvası dağılmış sarı bülbülün səsiydi. Gözlərini yummuşdu, özünü unutmuşdu qoca tarzən. Yaralıydı tar... Yaralı tarına, yaralı balasına başını söykəyib ağlayırdı qoca tarzən. Şuşa alınmışdı. Beli sınmışdı qoca tarzənin. İlahi, mən yer üzünün heç yerində belə ağlar mənzərənin şahidi olmamışdım. Ağlayırdı tar, ağlayırdı qoca tarzən. Tarixlər boyu diz çökməyən, düşmənə təslim olmayan Şuşa xəyanətin qurbanı olmuşdu. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə vuruşarkən növbəti hücum zamanı ona tarını basdırmağı əmr etmişdilər. Ürək eləməmişdi, yalvarıb-yaxarmışdı, tarını köhnə paltarına büküb Ukraynanın qarlı çöllərindən Bakıya yollamışdı. Aylarla yol gələn o tar odun-alovun içindən salamat çıxıb Əliağagilə gəlib çatmışdı. Paltarına bükülmüş tarını görənlər ağı deyib hönkür-hönkür ağlamışdılar. İndi qoca tarzən ağlayırdı, nalə çəkən, haray çəkən simlər ağlayırdı. Əliağa müəllim Cabbarı, Sadıqcanı, Üzeyir bəyi, Seyidi, Zülfünü, Xan Əmini ağlayırdı. Əliağa müəllim qocalığını ağlayırdı. Minillik çinarın qəfil yıxılmasıydı bu səs, bu nalə, bu haray. Kərbəla müsibəti, Kərbəla yasıydı bu səs, bu nalə?.. Mən illər uzunu xalq artisti, ustad sənətkar Əliağa Quliyevin çox ifasını dinləmişdim. Amma tarın bu qədər yanıqlı, bu qədər göynər, zol-zol ağrılı, adamın yeddi qatından keçən ağlar səsini eşitməmişdim. Əliağa müəllim pörşələnən, tüstüsü təpəsindən çıxan ürəyini çalırdı... Dəli gülüşlərim ağlar başımda, Təbriz ağlayırdı dağlar başında. Məmməd Arazın bu qəfil, havalı misraları yadıma düşmüşdü. İndi dağlar başında ağlayan təkcə Təbriz yox, həm də əlimizdən salıb sındırdığımız, çilik-çilik elədiyimiz Şuşaydı... Əliağa Quliyev 1917-ci ilin may ayının 9-da Bakıda doğulmuşdu. Kökü, əsli, nəsli qədim-qayım Şamaxının Sarıtorpaq məhəlləsindəniydi. Ata-babaları 1918-ci ilin martında ermənilərin Şamaxıda törətdikləri qanlı faciələrin, vəhşiliklərin şahidi olmuşdular. Diri-diri məscidlərdə yandırılan, doğranıb quyulara tökülən insanların ah-naləsini eşitmişdilər. Yay aylarını valideynlərilə Şamaxıda keçirərkən ağı deyib ağlayan nənələrin səsi onun ürəyinə xal salmışdı, körpə qəlbini yaralamışdı. Tez-tez "poçt yolu" deyilən küçədən keçərkən bapbalaca bir oğlanın özündən böyük tarı sinəsinə sıxaraq yanıqlı-yanıqlı çaldığını görüb ayaq saxlamışdı. Sonralar o günləri yada salan ustad tarzən söhbət zamanı demişdi: "O uşağın "şirin barmaqları" məni o qədər sehrləmişdi ki, axşam atam evə gələndə mənə tar almasını xahiş etdim. Bunun ötəri bir həvəs olduğunu zənn edən atam məni sındırmadı, sözümü yerə salmadı. Bakıya qayıdan kimi mənə ürəyim istəyən bir tar aldı. Və həm də tar dərnəyinə yazdırdı. İki-üç il məşğul olduqdan sonra 1934-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olundum. Birinci kursda oxuyarkən nəzərimi bir elan cəlb etdi.Üzeyir Hacıbəyov özünün təşkil etdiyi notlu xalq-çalğı alətləri orkestrində işləmək üçün gənc istedadlar – tarçalanlar arasında müsabiqə keçirirdi. Mən də özümü sınamaq qərarına gəldim. Üzeyir bəy mənə bir muğam, bir rəqs və bir neçə mahnı çaldırıb diqqətlə qulaq asdı və deyəsən xoşuna gəldi. Əlini çiynimə qoyub: "Afərin oğlum," dedi- "Sən artıq bu gündən orkestrin üzvü olursan. Dərslərinlə yanaşı məşqlərə də müntəzəm gəlməlisən". "Baş üstə, Üzeyir bəy" deyib otaqdan çıxdım. Bu mənim Üzeyir bəylə ilk görüşüm idi. Məşqlərə çox zaman özü dirijorluq edərdi. Ansambldan fərqli olaraq, orkestrin tərkibində peşəkar musiqiçilərin olması mənim üçün böyük təcrübə məktəbi idi. Bir gün Üzeyir bəy mənə və bir neçə başqa tarzənə təzəcə yazdığı "Koroğlu" operasında simfonik orkestrlə birgə tar partiyalarına çalmağı təklif etdi. Bir illik məşqlərdən sonra 1936-cı ildə Opera teatrında və radionun orkestrində daimi işləməyə başladım". 1937-ci ildə böyük uğurla qarşılanan "Koroğlu" operasının ilk premyerasında simfonik orkestrin tərkibində olan Əliağa Quliyev bir neçə ay sonra 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı oldu. 1939-cu ildə konservatoriyanın xor-dirijorluq fakültəsinə qəbul edilən gənc tarzən İkinci Dünya müharibəsinin başlanmasıyla bağlı təhsilini yarımçıq qoydu. Ukrayna, Belorusiya uğrunda gedən döyüşlərdə iştirak edən və həm də yaradıcı ansamblla səngərlərdə çıxış edən Əliağa Quliyev ağır yaralansa da, döyüş meydanını tərk etmədi. O yalnız müharibədən bir il sonra, 1946-cı ildə vətənə qayıtdı. Əhməd Bakıxanovun ansamblında əsl məktəb keçən tarzən 1951-ci ildə yeni bir ansambl yaratdı. Dünya şöhrətli müğənnimiz Bülbül, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Əbülfət Əliyev, opera müğənniləri Əlövsət Sadıqov, Yavər Kələntərli və başqaları Əliağa Quliyevin rəhbərlik etdiyi ansamblın müşayiəti ilə çıxış etməyə başladılar. Əliağa Quliyevin sadəliyi, mehribanlığı, gənc ifaçılara hədsiz qayğısı qısa müddətdə ansamblın böyüməsinə, istedadlı gənclərin onun ətrafına toplanmasına səbəb oldu. Arif Babayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Sabir Mirzəyev, Mais Məmmədov kimi istedadlı müğənnilər ansamblda yetişib, püxtələşmişdilər. O dövr ansamblın Teyyub Dəmirov, Baba Salahov, Əhsən Dadaşov, Hafiz Mirzəyev kimi parlaq istedadı ilə tanınan üzvləri var idi. Əliağa Quliyevin əfsanəvi müğənnimiz Rəşid Behbudovla, SSRİ xalq artisti Zeynəb Xanlarova ilə sıx yaradıcılıq əlaqələri olub. Paris, Marsel, Neapol, İstanbul, Ankara, Varşava, Praqa, Qahirə Tehran, Dehli, Cakarta, Aleksandriya və başqa şəhərlərdəki unudulmaz çıxışları, yazılmış lent yazıları, qramafon valları bu gün də unudulmur, xatirələrdə yaşayır. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında xalq çalğı alətləri ansamblına rəhbərlik edən ustad tarzənlə birlikdə işləmiş, görkəmli tarzənimiz, xalq artisti, professor Ramiz Quliyev Əliağa müəllimə minnətdarlıq duyğuları ilə yad edir: "Əliağa Quliyev uşaq kimi pak, məsum, olduqca xeyirxah bir insan idi. Mən çox insanlarla, mədəniyyət, incəsənət xadimlərilə ünsiyyətdə olmuşam. Səfərlərdə, böyük məclislərdə olmuşuq. Əliağa müəllim kimi böyük, kiçik yeri bilən, ağayana, gözütox, səxavətli insan görməmişəm. O, köhnə kişilərin ruhunu, koloritini həm şəxsi həyatda, həm də musiqidə yaşadan tək-tək sənətkarlardan idi". Respublikanın xalq artisti İslam Rzayev: "Əliağa Quliyev kimi görkəmli sənətkarın yoxluğu səhnəmizdə bir boşluq yaradıb. Onda Üzeyir bəyin, Qurban Pirimovun, Əhməd Bakıxanovun, Mansur Mansurovun nəfəsi vardı. Biz dünyanın bir çox ölkələrində bir yerdə çıxış etmişdik. Əliağa müəllim hər bir müğənninin ürəyinin sarı siminə toxunan böyük sənətkar idi. Mən onunla səhnədə özümü çox güclü və inamlı hiss edirdim. Əliağa müəllim böyük həyat yolu keçmişdi, Üzeyir bəyin tərbiyəsini görmüşdü. Onun kövrəkliyi, şirinliyi, milli cizgiləri bəstələdiyi, çaldığı musiqisindəydi. Mən onu tarımıza heykəl qoyan böyük sənətkarlardan biri kimi qiymətləndirirəm". Əliağa Quliyev 1971-ci ildə Moskvada Ümumdünya musiqi konqresində, 1973-cü ildə Alma-Atada Asiya ölkələri xalqlarının musiqi festivalında, 1983-cü ildə "Daşkəndin qızıl payızı" müsabiqəsində YUNESKO-nun xəttilə keçirilən bir çox tədbirlərdə Azərbaycanın milli musiqi mədəniyyətini ləyaqətlə təmsil edib. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının radio yazılışını solo tarda müşayiət edən məşhur tarzən həm də bir sıra mahnıların müəlliflərindən olub. Onun "Dağlar", "Alyanaq", "Vüsal" nəğməsi kimi populyar nəğmələrini tanınmış müğənnilər ifa ediblər. Sağ olsaydı, bu il mayın 9-da Azərbaycanın xalq artisti, görkəmli tarzənimiz Əliağa Quliyevin 90 yaşı tamam olacaqdı. Şuşamızı, Qarabağımızı işğaldan azad görmək onun ən böyük arzusuydu. Əliağa müəllim ömrünün ixtiyar çağlarında Qarabağ dərdi üstə köklənmişdi. Bu dərd onun kədərli, yaşlı gözlərindən və tarının simlərinə toxunan, nalə çəkən barmaqlarından boy verirdi. Əliağa Quliyevə yazılmış çoxsaylı məktublar, ürək sözləri içində qərənfillə süslənmiş boynubükük bir şeir parçası var. Ölümündən sonra yazılıb... Kədərlərə baş daşını Kim qoyacaq səndən sonra? Nələr keçir könlümüzdən Kim biləcək səndən sonra?

 

525-ci qəzet.-2007.-8 may.-S.7.