Turanə

Səhnə əvvəlki müqəddəsliyini itirib

Nazim Ağayev: Azərbaycan incəsənətində iki gözəl kişi olub, Xan Şuşinski və Haşım Kələntərli

Nazim Ağayev 35 ildir ki, öz gözəl səsi ilə Azərbaycan xalq mahnılarını ifa edir. Özünün bəstələri də ölümsüzlük vəsiqəsi qazanıb. Bu gün dillər əzbəri olan “Ay lolu”, “Mixək əkdim ləyəndə” və bir çox sevilən mahnılar onun ifasından keçərək elləri dolaşır. Sovet dövründə SSRİ-ni qarış-qarış gəzən,  Uzaq Şərq, Orta Asiya,  Macarıstan, Polşa, Vyetnam, Malta, Bombey, Misir, İraq kimi ölkələrdə səfərdə olan  müğənni bu gün bir qədər arxa planda qalıb. Deyir, hamısı ifaçıların çoxluğundan və bu çoxluğun dinləyici zövqünü korlamasındandır. Yoxsa, illər nə karədir ki, səsinin şuxluğunu, gözəlliyini bir zərrə itirməyən müğənninin qabağında at oynatsın. Bir ifası ilə hansı müğənnini istəsə mat edə bilər. Nə olsun ki, bu gün iki mahnını canlı olaraq dalbadal oxuya bilməyənlər fəxri adlara sahibləniblər, geninə-boluna efirləri zəbt ediblər, Nazim Ağayevsə gözdən-könüldən iraq düşüb. 

- Repressiyaya məruz qalmış ailə olmuşuq. Atam partiyadan kənarlaşdırılanda görüb tikan üzü tozludu, onu da tutub ya güllələyəcəklər, ya basacaqlar Sibirə, bizi götürüb qaçıb anamın yurduna-  Lənkərana. Mən orta məktəbi bitirib yenidən Bakıya qayıtmışam.

Üç il teleradionun xorunda solist işləmişəm. Xorda  işləmək üçün təhsil lazım idi. Ora seçmə ifaçıları yığırdılar. Sonra məni müsabiqə yolu ilə Filarmoniyaya dəvət ediblər. 1962-ci ildə Dövlət Teatr İnstitutuna daxil olmuşam.  Ümumiyyətlə, ora savad institutudur. Teatr İnstitutunun o vaxtlar 200 tələbəsi var idi. Hamısı biri-birini tanıyırdı. O vaxt kurslar qarışıq idi. Bimlə bərabər Arif Babayev, Şəfiqə Məmmədova oxuyurdu.

- Necə olub ki, eyni kursda həm də muğam ifaçıları təhsil alırdı.

- Kursumuz musiqili-komediya fakültəsinin birinci buraxılışı olub. Biz 5 il ərzində Soltan Dadaşovun tələbələri olmuşuq. Azərbaycanda   musiqili tamaşaların iki rejissoru olub. Şəmsi Bədəlbəyli və Soltan Dadaşov. Onlar bizim böyük sənətkarlarımızdır. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Qız qalası”  and yerlərimiz olan əsərlərə quruluş veriblər.  Bizdən o biri kurslarda Şahmar, Həsən Əbluc,  Səfurə İbrahimova oxuyub.  Yuxarı kurslarda Ziyafət Abbasov, Ceyhun Mirzəyev, Rafiq Atakişiyev təhsil alırdı. Biz İnstituta daxil olan il isə Həsən Turabov, Muxtar  Manıyev, Mais Məmmədov sonuncu kursdaydılar. O Teatr İnstitutu daha fəaliyyət göstərmir. İndi olub İncəsənət İnstitutu,  fakültələrin də sayı artırılıb. Nə bilim, deyirlər orada aşıq kursu da var. Aşığın da kursu olar? Aşığa ali savad lazım deyil. Əsas onun ürəyi, beyni, barmaqlarıdır.  Aşığın gərəkdir ki, istedadı ola. Bunun üçün xüsusi kurs keçmək lazım deyil. Teatr İnstitutu balaca idi, amma, korifeylər yetişdirdi. O vaxtlar bizə Əbil İskəndərov, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov, Leyla Bədirbəyli, Həsənağa Salayev kimi sənətkarlar dərs deyirdi. O sənətkarlar ki, onlara məbəd kimi baxırdılar. Səyavuş da bizimlə oxuyurdu.  Onda artıq o əməlli-başlı məşhur idi.  Diplomu olmadığından instituta girmişdi.  Ona  dərs deyən elə teatrda  rejissoru Şəmsi Bədəlbəyli idi. Üçüncü kursda oxuyanda  Şəmsi müəllim məni Musiqili Komediya Teatrına dəvət etdi. İlk dəfə “O olmasın, bu olsun”da İnteligent Həsəni  oynadım. Böyük sənətkarlar gəlmişdi tamaşaya baxmağa. Rza Təhmasib də onların arasında idi. Mən teatra gələn günün səhərisi səhnəyə çıxdım. Mənə qədər inteligent Həsəni Siyavuş oynayırdı.  Bir günlük ona istirahət verdilər, rolu da verdilər mənə. Təsəvvür edin də Səyavuşun belə guruldayan vaxtlarıdı, mən də tələbə. Tamaşanın sonunda   Məşədi İbadla  inteligent Həsənin arasında meymun sözü üstündə mübahisə düşür. Məşədi İbadı da rəhmətlik Lütvəli Abdullayev oynayırdı. Lütvəli rəhmətlik də oynadığı tamaşada nə istəyirdi onu da edirdi. Ona yaxınlaşıb əl görüşmək istəyəndə yaxamdan yapışıb çəkdi. Bunu gözləmirdim - deyə  səhnədə yıxıldım.  Mən üzü üstə yıxıldım, o da mənim üstümdə oturdu. Pərdə bağlandı. Həmin səhnədə mən yıxıldığıma görə artıq oxuya bilmədim. Ümumiyyətlə, həmin hissədəki  musiqi itdi. O vaxtı Soltan Dadaşov  deyərdi ki, bu hissədə Üzeyir bəyin vaxtında da musiqi itərdi. Sonra Şəmsi müəllim gəldi səhnəyə. Dedi ay Lütfəli, mən hələ bunu yeni işə götürmüşəm, yoxlayıram görüm necədi, bir bacarığı varmı, bu nə oyundu açırsan başıma? Lütvəli rəhmətlik qayıtdı ki,  Şəmsi müəllim, dədəmin goru haqqı yaxşı aktyordur. Lütvəli çox unikal aktyor idi. Biri var əlləşib-vuruşub, bacarığını göstərərək sənətkar olasan, bir də var ki, sənətkar doğulasan. Lütvəli, Nəsibə xanım Zeynalova, Möhsün Sənani sənətkar doğulmuşdu. Bu insanlar sənət üçün dünyaya gəlmişdilər, sənətkar olmaq onların alınlarına yazılmışdı. Sonradan durub aktyor olmaq çətin məsələdir. Bir dəfə Əbilov adına mədəniyyət evində Mehdi Hüseynin “Alov” tamaşasına baxırdıq. Müstəntiq rolunu Şahmar Ələkbərov oynayırdı. Şəmsi müəllim Şahmarın oynuna baxıb qayıtdı ki, bir var aktyorluq edəsən, bir də var aktyor olasan, bunlar tamamilə  biri-birindən ayrıdır.

- Niyə aktyor deyil,  müğənni oldunuz? 

- Təzəcə evlənmişdim. Eni uzunu iki addım olan balaca bir evim var idi. Bir də bir uşağım. Təzə-təzə oxumağa başlayanda manısların diqqətini cəlb eləmişdim. Tez-tez toylara çağırırdılar. Mən yerimi bilən adamam. O yerdəki mənə ehtiyac yoxdur, ora ayaq basmaram.  Gördüm ki, toylarda dinləyicilər  məndən razı qalırlar. Özümə də gün-güzaran qurmaq üçün pul lazımdır.  Qarşıma bir şərt qoydum ki, əgər bu sənətdə pul qazanacamsa, ardınca gedəcəm. Əgər maliyyə durumum elə əvvəlki kimi qalacaqsa, gedim aktyorluğumu edim. Gördüm yaxşı pul gəlir, özüm də institutu yeni bitirmişəm, ehtiyacım var. Artıq respublikadan kənarlara toylara gedirdim. Çox vaxtlar isə tamaşalara gəlib çıxa bilmirdim. Şəmsi müəllim də dərd bilən adam idi. Onunla danışdım, dedim ki, Şəmsi müəllim açıq danışaq, evli adamam. O özü də əvvəllər musiqiçi olub, yaxşı tar çalırdı.  Ərizəmə qol çəkib, getməyimə icazə verdi. Dedi amma nə vaxt ürəyin istəsə, qayıda bilərsən.

- İndi necə, teatra qayıdarsınız?

- Hansı teatra? Əvvəla, heç bir teatrda Şəmsi Bədəlbəyli, Şıxəli Qurbanov, Süleyman Ələskərov, Sabit Rəhman yoxdur. Nəsibə xanımın, Lütvəli rəhmətliyin, Bəşir Səfəroğlunun yeridə ki bomboşdu. 

Tamaşa qurtarandan sonra aktyorlar çıxan tərəfdə durardıq. Həmin küçədə dayanıb onlara baxardıq ki, budur filan aktyor gəlir. Elə onu canlı görmək tamaşaçı üçün nə boyda sevinc idi. İndi baxırsan ki, səhnənin arxasından kimsə çıxdı, a bala sən kimsən, baş rolun ifaçısı. Səhnə əvvəlki müqəddəsliyini itirib.

- Belə açıq danışmaqla həmkarlarınızı incitməkdən  qorxmursunuz?

- Yox. Niyə incisinlər? Olanı deyirəm də. Arada korifey sənətkarlarla bağlı sənədli filmlərə baxın, həmin fərqi özünüz görəcəksiniz. Bakıda teatra getmək toya - bayrama getməyə bənzər bir təntənə idi. İndi küçədə tamaşa ver, gör bir nəfər dayanıb baxacaq? İncəsənət İnstitutunda hamı dərs deyir. Əvvəllər soruşurdular ki, kimin kursunda oxuyursan, daha hansı fakültədə yox. Dərs deyən sənətkarın adı tələbənin vizit kartıydı. İndi aktyorluqdan dərs deyənlər bir dəfə tamaşalarda oynamayıblar.  İnstitutu bitirib dərs deyir. Axı, bu aktyor səhnəni görməlidir ki, dərs də deyə bilsin. Nə bilir ki, nə də tədris edə? Bizdə hər il Teatr İnstitutunun tamaşaları olurdu. Müxtəlif kurslar təhvil tamaşaları hazırlayırdı. Məsələn, musiqili komediya kursunun 10 tamaşası nəzərdə tutulmuşdusa, onlardan neçəsinin səhnələşdirildiyinə nəzarət edilirdi. O vaxt Tədris Teatrı var idi, indi bilmirəm qalır, ya yox?

-Televiziyanın qızıl fondunda lent yazılarınız qorunur?

- Mən biləni, qorunur. Təkcə ifaçı deyiləm, həm də özümün oranjiman etdiyim mahnılar var. “Aman nənə”, “Ay lolu”, “Toy axşamı” kimi mahnılarım Qızıl fondda saxlanır. Ən çox məhşur olan mahnım da budur.  “Ay ana, bu yarım niyə gəlməz oldu” da çox sevilirdi. Süleyman müəllim və İsmayıl Şıxlı bu mahnını çox bəyənirdi.

- İfa edəcəyiniz mahnıları necə seçirsiniz?

- Gözəl ifa mahnı ilə səsin ahəngdarlığından yaranır.  İndi hamı oxuyur.  Müəllimindən tutmuş şagirdinə, mühəndisindən tutmuş traktorçusuna qədər hamı oxuyur.  Amma bilmirlər ki, bu sənət həm də bir qədər qorxuludur.  Biri var oxuyasan səni tanıyalar, biri də var soruşalar bu kimdir? Bir dəfə Rəşid Behbudov Lənkərana gəlib. Yolda uşaqlar dayanıb söhbət edirmiş. Rəşid rəhmətlik də onların yanından keçəndə “balası, yol ver” deyə əyilib uşağın üzünü çimdikləyir. O uşaq ta böyüyənə qədər Rəşid Behbudovun ona bir kəlmə söz deməsini ən əziz xatirə kimi danışırdı. Amma bu gün əməkdar artist var ki, toyda düz-əməlli oxuya bilmədiklərindən vurub ağız-burunu əzirlər. İndi Simfonik Orkestrdən başqa, Azərbaycanda nə qədər ansambl varsa, hamısı ilə konsertlərdə oxumuşam. Bir dəfə Xan Əmi oturmuşdu indiki Vahid bağında. Astaca yaxınlaşdım ki, sizinlə şəkil çəkdirmək olar. Rəhmətlik baməzə adam idi, qayıtdı ki, nə barədə. Dedim nə barədə deyəndə ki, sizinlə şəkil çəkdirmək istəyirəm də. Dedi bilirsən niyə soruşuram. Bir iş görərsən, polisə düşərsən, sonra üst-başını axtaranda cibindən qoşa şəklimiz çıxar, deyərlər yoldaşı da varmış, onu da tutun.

- O vaxt varlıydınız, yoxsa indi?

- Onda pulum çox idi. O tempi saxlaya bilmədim. Əvvəla, bu sənətdə heç nə daimi deyil.  Hələ bura kimi gəlib çıxmışıqsa, böyük şeydir.

- Bəstəsi sizin olan mahnılar həmişə dillər əzbəri olub.

- Bu mahnılar xalqındı, ona görə. Mən sadəcə musiqilərinə əl gəzdirmişəm.  “Ləli yar”, “Aman nənə” bu mahnıları mənə Haşım Kələntərli verib. Muğamatda Haşım segah pərdəsini tarda o yaradıb. Segahın gözəl və sərbəst oxunan pərdəsidir. Haşım Kələntərli Münəvvər Kələntərlinin qardaşı olub. Yavər Kələntərli isə onların əmisioğlunun yoldaşı.  Təzə-təzə oxuyurdum. Bir dəfə Haşım Kələntərli mənə dedi ki, ədə, mən o mahnıları oxuyuram ha niyə onları oxumursan. Mən ona day-day deyərdim. Dedim day-day,  hansıları deyirsiz. O da qayıtdı ki, Ha lolu, Ləli, Aman nənədi bunlar Lənkəran mahnıları, sənin səsinə də düşür.  Gözəl ifaçı idi,  amma bir lenti də qalmayıb. 

1943-cü ildə  Haşım Kələntərli radioda   canlı olaraq segah oxuyurmuş, Mir Cəfər Bağırov da işə gəlirmiş. Girib kabinetə deyib kimdi o oxuyan? Müharibənin pis vaxtları, bu da Haşım segahı oxuyur, bir az həzinlik var o pərdədə. Mir Cəfər Bağırov şöbə müdirinə tapşırır ki, yığışdırın bu adamın konsertini, camaat onsuz da yas içindədi, bu da bir yandan. Haşım biləndən sonra məsələ nə yerdədir, düşür Bakıdakı bütün musiqi mağazalarının canına, öz pulu ilə nə ki plastinkaları var, alıb sındırır. Deyir birdən kimsə oxudub eləyər, kişi eşidən, yəqin bu dəfə çağırıb kabinetindəcə alnına bir güllə sıxar. Mir Cəfərin elə adəti olub. Firudin Şuşinski rəhmətlik hər dəfə deyirdi ki, bu kitablara hamıdan yazıldı amma, bir dənə də olsa Haşımdan plastinka tapılmadı. Azərbaycan incəsənətində iki gözəl kişi olub. Biri Xan Şuşinski, biri də Həşim Kələntərli. Onun pərəstişkarlarının çoxu xanımlar olub.

- Sizin necə, xanım pərəstişkarlarınız olubmu?

- Mən çox ehtiyatlı adam olmuşam. Amma bir dəfə Almatadan bir cuhud pərəstişkarım gəlmişdi. Mən orada toyda oxumuşdum. Dedilər səni bir qız axtarır. Mən də təzə evli idim. Birtəhər yaxamı qurtardım əlindən.

Yeni Azərbaycan.-2007.-15 may.-S.8.