Xəlilzadə F.
Səid
Rüstəmov - 100
Azərbaycan musiqi sənətinin
inkişafında, tədqiqində və təbliğində
mühüm xidmətləri olan bəstəkar, dirijor, xalq
artisti, dövlət mükafatı laureatı Səid
Rüstəmovun anadan olmasının 100 illiyi ilə
əlaqədar dövlət başçısı İlham
Əliyev 24 yanvar 2007-ci ildə sərəncam
imzalamışdır. Həmin sərəncamda görkəmli
bəstəkarın yubileyinin dövlət
səviyyəsində keçirilməsini təmin etmək
üçün müvafiq təşkilatlara,
nazirliklərə müəyyən tapşırıqlar
verilmişdir.
Bəstəkar Səid Rüstəmov ifadəli, yaddaqalan,
sadə, təbii melodiyalar ustası idi. Onun
musiqisini dinləyiciyə sevdirən əsas
cəhətlərdən biri bəstəkarın
müxtəlif janrlara diqqət yetirməsi və yaradıcılığında
folklora xüsusi yer verməsi idi. İfaçılıq
sənətimizin inkişafında Səid Rüstəmovun
mühüm rolu olmuşdur. O, 30 ildən çox
Azərbaycan xalq çalğı alətləri orkestrinin
baş dirijoru və bədii rəhbəri olmuşdur. Xalq
yaradıcılığı incilərinə qayğı və
diqqətlə yanaşan Səid Rüstəmov həm də
onları diqqətlə toplayan əsl folklorçu idi.
Səid Rüstəmov yaradıcılığının
tərkib hissələrindən biri də onun pedaqoji
fəaliyyəti olub. Sonralar Azərbaycan musiqisinin
görkəmli xadimləri sayılan tarzən Əhsən
Dadaşov, bəstəkarlardan Ağabacı Rzayeva, Hacı
Xanməmmədov və başqaları məhz Səid
Rüstəmovun yetirmələri idilər. Səid
Rüstəmov özü isə dahi Üzeyir Hacıbəyov
sənətinin ən layiqli davamçılarından biri olub.
Muğam, xalq mahnı və
rəqslərindən bəhrələnərək müasir
mahnı janrımızın ən gözəl
nümunələrini yaratmış sənətkarın lirik,
vətənpərvərlik, sülh, əmək
mövzularında bəstələdiyi mahnılar indi də
dillər əzbəridir. Vaxtilə əmək
adamları haqqında şeirlər yazmaq,
nəğmələr qoşmaq ənənəyə
çevrilmişdi. Bu cəhətdən Səid
Rüstəmovun Zeynal Cabbarzadənin sözlərinə
bəstələdiyi "Sürəyya" mahnısı
xüsusi əhəmiyyətə malikdir. Sadə
azərbaycanlı pambıqçısı haqqında
yazılmış bu nəğmədə musiqi o qədər
coşğun, melodik, ürəyəyatımlıdır ki,
hər dəfə səslənəndə şən və
təntənəli ahəngi dinləyicidə xoş ovqat
yaradır. Ötən illərin dəbdə olan bu əmək
mahnısı indi də eyni məhəbbətlə ifa edilir.
Qol çırmayıb sən tarlaya
çıxanda,
Səs yayılır hər mahala Sürəyya,
Ağ pambığı becərəndə, yığanda
Gəlməyəsən heç zavala Sürəyya.
Əməyin azad, diləyin azad,
Ay ellər qızı, bu şən ölkənin
Bəxtəvər qızı.
Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın
12-də İrəvan şəhərində sənətkar
ailəsində anadan olmuşdur. Uşaqlıq illəri
doğma şəhərdə keçən Səid ilk
təhsilini də burada almışdır. Sonra ailələri
Gəncəyə köçüb. Səid burada pansionda
oxumalı olub. Lakin bu ailə Gəncədə də çox
qalmayıb. Ağdaşda yaşamalı olublar. Səid tez-tez
şəhər klubuna getməyi çox sevərmiş. Buna
da səbəb klubun salonunda yerləşən pianino imiş.
Heç bir musiqi təhsili görməyən Səid pianinoda
tanış musiqiləri tezliklə çalmağa
başlayıb. Ağdaşda o, pianoçu kimi
şöhrət qazanmışdı. Hətta klubda o vaxtlar
müxtəlif əsərlər tamaşaya qoyulurdu. Səidin
də ilk pyesi məhz Ağdaş klubunda yerli aktyorlar
tərəfindən oynanılmışdı. Tale elə
gətirib ki, ailə bu dəfə Bakıya
köçməli olub. Səid də müəllimlər
seminariyasında oxuyub. Hələ
uşaqlıqdan gözəl rəsm çəkməyi
varmış. Bu səbəbdən də rəssamlıq
məktəbində də
məşğələlərə gedərmiş. Onun
oxuduğu seminariyanın yanında musiqi məktəbi də
fəaliyyət göstərirmiş. Vaxt tapan kimi musiqi
dərslərinə gedərdi. Hərdən ona da
icazə verərdilər ki, pianinoda nəsə
çalsın. Günlərin birində onun istedadı
müəllimlərin diqqətini çəkib. Səidi
Üzeyir Hacıbəyovun yanına aparırlar. Gəncə
diqqətlə qulaq asan Üzeyir bəy onu musiqi
məktəbinin tar sinifinə qəbul edir. Beləliklə
də adi bir tanışlıq Səid Rüstəmovun
taleyində mühüm rol oynayır. Məlumdur
ki, həmin məktəb Üzeyir Hacıbəyovun
təşəbbüsü ilə yaradılmışdı.
Onun ən böyük arzusu bu idi ki, Şərq musiqisi Avropa
musiqisi ilə yanaşı layiq olduğu şərəfli
yeri tutsun və bütün dünya Azərbaycan xalq musiqisini
eşitsin. Səid Rüstəmov klassik xalq
ifasını, muğamatı dərindən bilən Mansur
Mansurovun sinfində oxuyurdu. Not dərslərini isə
Üzeyir Hacıbəyov özü keçirdi.
1926-cı ildə müəllimlər seminariyasını
bitirdikdən sonra Səid Rüstəmov yazıçı
Süleyman Sani Axundovun müdir olduğu 19 nömrəli
məktəbdə müəllim işləyib. Onun
şagirdləri arasında Mehdi Hüseynzadə (sonra Sovet
İttifaqı Qəhrəmanı oldu) də var idi. Hətta
həmin illərin şəkli də indiyəcən durur.
Səid Rüstəmov musiqi və ümumtəhsil
məktəblərində işləməklə
bərabər ali pedaqoji institutda da təhsil alıb. Onun
pedaqoji fəaliyyəti nəticəsində "Not
savadı" dərsliyi hazırlanır, "Tar
məktəbi" adlı qiymətli əsəri çapdan
çıxıb. Bir fakta fikir verək ki, həmin
dərslikdən bu günə kimi musiqi
məktəblərində dərs keçirlər. Bu
qiymətli dərslik dəfələrlə nəşr edilib.
1931-ci ildə Üzeyir Hacıbəyov xalq çalğı
alətləri orkestrini yaratdı. O dövrdə not bilən
musiqiçilərin az olması səbəbindən belə
bir musiqi kollektivini yaratmaq çox çətin idi. Amma
Üzeyir Hacıbəyov bilirdi ki, mütləq
nəyəsə nail olacaq. Həmin orkestrin
konsertmeysteri Səid Rüstəmov təyin olunub. Üzeyir
Hacıbəyov Səidə həm istedadlı musiqi
müəllimi, həm də gözəl ifaçı kimi
çox inanırdı. Ona görə də çətin bir
dövrdə yaratdığı orkestrin taleyini gənc
həmkarına həvalə etdi. Yarandığı
gündən müxtəlif Avropa bəstəkarlarının
əsərlərini ifa edən orkestr sonralar Üzeyir
Hacıbəyovun təşəbbüsü ilə
Azərbaycanın mahnı və rəqslərindən
ibarət zəngin bir repertuara malik oldu. Artıq
onun səsi başqa şəhərlərdən də
gəlirdi.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan
incəsənəti ongünlüyündə Səid
Rüstəmovun rəhbərlik etdiyi orkestr böyük
uğur qazandı. Həmin vaxt azərbaycanlı dirijorun
ustalığı haqqında mətbuatda maraqlı yazılar
çap edildi. İlk mükafatını - əməkdar
incəsənət xadimi kimi şərəfli adını da
onda aldı. Səid Rüstəmovun ilk musiqi əsəri
"Bayatı-kürd" fantaziyasıdır. Bunun
ardınca müxtəlif rəqslər, mahnılar, pyeslər
bəstələyən Səid Rüstəmov
həmçinin dram teatrda tamaşaya qoyulan
əsərlərə də musiqi yazırdı.
Azərbaycan musiqiçiləri arasında Səid
Rüstəmov birinci olaraq aşıq mahnılarını
nota köçürmüşdür. O,
folklorla çox maraqlanırdı. Səid Rüstəmovun
ifaçılıq istedadı getdikcə parlayırdı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan
musiqiçiləri, müğənniləri, şair və
yazıçıları tez-tez ön cəbhəyə
gedərək əsgərlərlə görüşür,
onları qələbəyə ruhlandırırdılar.
Səid Rüstəmov da 416-cı Azərbaycan diviziyasında
olmuşdu. O, həm də hərbi mövzuda müxtəlif
mahnı və süitalar yazmışdı. Rəsul
Rzanın, Süleyman Rüstəmin sözlərinə
yazdığı mahnılar o dövrdə dillər
əzbəri idi. Onun müharibə illərindəki yaradıcılıq
fəaliyyəti bir sıra medallarla
qiymətləndirilmişdir. Hətta
"Qırmızı Əmək Bayrağı"
ordeninə də layiq görülmüşdür.
Üzeyir Hacıbəyov dünyasını
dəyişəndən sonra Azərbaycan Bəstəkarlar
İttifaqına rəhbərliyi Səid Rüstəmov
etmişdir. Ötən əsrin ortalarında
bəstəkarın böyük məhəbbətlə
idarə etdiyi yeni bir musiqi kollektivi də həyata
vəsiqə aldı. Bu, Azərbaycan Dövlət Xalq Mahnı
və Rəqs Ansamblı idi. Ansamblın şöhrəti
yenə də Azərbaycandan kənara
çıxmışdı.
Səid Rüstəmovun fəaliyyəti çoxcəhətli
idi. O həm musiqi kollektivlərinə
rəhbərlik edir, həm müəllimliklə
məşğul olur, həm də musiqi dərslikləri
yaradırdı. O bir sıra xarici ölkə
musiqiçilərinin də əsərlərini Azərbaycan
dilinə tərcümə etmiş, bununla da milli
musiqiçilərimizə böyük kömək göstərmişdir.
Bir sıra xalq melodiyalarını nota
köçürərək çapına nail olmuşdur.
Səid Rüstəmov bir neçə dəfə
Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Bir
dəfə seçiciləri ilə
görüşündə öz arzularını belə
dilə gətirmişdi: "Bir bəstəkar kimi mən
də xalq üçün yaşamaq və yaratmaq,
bütün qüvvə, bilik və istedadımı xalqa
vermək istəyirəm, çünki bu ən böyük
səadətdir".
O, bir sıra librettolara musiqi yazmışdır.
Məsələn, "Durna" musiqili komediyası bu gün
də uğurla oynanılan, maraqla qarşılanan
tamaşalardan biridir. 1947-ci ildə ilk dəfə tamaşaya qoyulan
"Durna" musiqili komediyası müxtəlif dillərə
də tərcümə edilmişdir. Hətta böyük
türk dramaturqu Nazim Hikmət bu əsəri yüksək
qiymətləndirərək yazmışdır:
"Bakıda kəşf etdiyim ən gözəl
şeylərdən biri də musiqili komediya teatrı oldu.
"Məşədi İbad"ı, o ölməz
əsəri, sonra Səid Rüstəmovla Süleyman
Rüstəmin "Durna"sını gördüm.
Ömrümün ən nəşəli iki gecəsini
keçirdim".
Səid Rüstəmovun ən gözəl
əsərlərindən biri də "Azərbaycan
süitasıdır". Mütəxəssislər
söyləyirlər ki, Üzeyir Hacıbəyov kimi Səid
Rüstəmov da xalq çalğı alətləri
orkestrində fortepianodan istifadə təcrübəsini
Azərbaycanda - xalq çalğı alətləri
orkestrində tətbiq edə bildi. Bundan sonra Səid
Rüstəmovun üç süitası - "Şən
həyat", "Lirik", "Aşıq
mahnısı" milli musiqimizin zənginləşməsində
böyük rol oynadı.
Əlbəttə, Səid Rüstəmov həm də ən
gözəl mahnı bəstəkarı idi. Onun musiqi
qanadı verdiyi nəğmələr çox geniş
yayılırdı. Dillər əzbərinə
çevrilirdi. Müğənnilər böyük
məhəbbətlə, həvəs və coşğunluqla
onun mahnılarını ifa edirdilər. Səid
Rüstəmovun mahnılarında qəribə bir ritm var. Emosiya cəhətdən də dolğun və melodik
olduqlarından çox tez kütləviləşərək
şöhrət tapırdı. Əgər bəstəkar
mahnılarını nəzərdən keçirsək bu
qiymətli xəzinənin ən yaxşı incilərini
yaradanlardan birincisi məhz Səid Rüstəmovdur. O dövrünün ən məşhur və
sevilən şairlərinin sözlərinə, xüsusilə
də klassiklərin qəzəllərinə lirik ovqatlı
musiqilər yazmışdı. Səid Rüstəmovun
mahnılarında o qədər həzinlik, məlahət,
ürək yanğısı var ki, adamın ruhunu
oxşayır:
Qurban adına,
Bir sal yadına,
Sənin oduna
Yandım bilmədinE
Səid Rüstəmov bütün
yaradıcılığı ilə Azərbaycan
incəsənətinin ön xəttində
çalışan sənətkarlardan olub. Nə yazıbsa,
hamısı musiqi mədəniyyətimizin
zənginləşməsinə xidmət edib. Bu
səbəbdən də, heç zaman unudulmur.
Mahnıları oxunduqca, musiqiləri səsləndikcə
Səid Rüstəmov da yada düşür.
Azərbaycan.-2007.-12 may.-S.8.