Fərəcov Ç.

Apardı sellər Saranı..

 

31-də bütün Bu ilin may ayının

Şərqdə muğam dəstgahlarını ifa edən ilk qadın sənətkar, səhnəmizin lirik Leylisi, ustad xanəndə, xalq artisti Sara Qədimovanın 85 yaşı tamam olur. O, bu günü görmədi. 2 il bundan əvvəl dünyasını dəyişdi. Bu dünyaya fəsillərin ən gözəli olan baharda — may ayının 31-də gəlmişdi. Bu fəsildə də, may ayının 12-də dünyadan birdəfəlik getdi.
Bu sözləri deməyə adamın dili gəlmir. Ulu Tanrı Sara xanım kimi gözəl bir insana axı necə qıydı? Düşünəndə ki, əsl Azərbaycan gözəli Sara xanım aramızda yoxdur, adam heyrətə gəlir.
Nə etmək olar, Allah verdiyini get-gedə alır. Bu, bir qanundur. 70 illik yubileyində Sara xanım son sözündə demişdir:
— Arzum odur ki, tezliklə
Şuşa alınsın. Müğənni dostlarımla İsa bulağında toplaşıb, birlikdə oxuyaq.
Gedin deyin Xan çobana,
Buyursun gəlsin Muğana.
Muğan dönüb gülüstana
Aparmaz sellər Saranı,
Bir ala gözlü maralı.
Çox təəssüf ki, amansız “sellər” Sara xanımı ağuşuna alıb apardı. Bu ayrılıq böyük dərdə çevrildi. Artıq iki ildir ki, Xalq artisti Sara xanım Qədimova bu dünyada yoxdur.
Tofiq Quliyev deyirdi ki, Sara xanımın ülvü gözəlliyinin cizgilərini ulu Tanrı özü çəkmişdir. Son dərəcə gözəl qadın, misilsiz müğənni böyük şəxsiyyət olan Sara Qədimova ülviyyət mücəssəməsi idi. Həyat təcrübəsi və dünyagörüşü, cəsarət, dəyanət, geniş qəlb, səmimilik kimi xüsusiyyətlər onun daim coşub çağlayan təbiətində vəhdət şəklində birləşmişdi. Çoxsaylı pərəstişkarları, dostları, şagirdləri ona səcdə qılırdılar. O, istedadlı gəncləri öz ətrafında birləşdirməyə və öz xanəndəlik sənətinə qovuşdurmağa müvafiq olmuş görkəmli sənətkar idi.
Sara xanım 82 il yaşadı. Gəncliyində və orta yaşlarında olduğu kimi, ahıl çağında da qadınların ən gözəli idi. 50-60-cı illərdə onu bircə dəfə görmək üçün adamların Azərbaycanın ucqar rayonlarından Bakıya axışdığının, konsertlərinə düşüb və başına gül-çiçək tökdüklərinin şahidi olmuşam.
Qarabağ qadınlarının comərdliyi, qorxmazlığı, Bakı gözəllərinin xanımyanalığı Sarada bir-birini tamamlayırdı. Onu ən mötəbər məclislərə dəvət edirdilər. Sara xanımın yerişində və oturuşunda kübarlıq var idi. O, heç kəsə bənzəmirdi, hamı ona oxşamağa çalışırdı.
Müğənnilər onu əliaçıq, çörəkli bir insan kimi xatırlayırlar. Sara xanım öz tikəsini yarı bölməyə hazır idi, onunla qastrola gedənləri korluq çəkməyə qoymazdı, əl-qolunu çırmalayıb elə dadlı və ətirli xörəklər hazırlayardı ki, adam səhnədə böyük müğənni, evdə əsl xanım olan bu qadına həsəd aparardı.
Olduqca ciddi, hökmlü xanım idi. Xan əmi həmişə zarafata salıb deyərdi: “Moskvada Stalin, Bakıda Mircəfər Bağırov, Filarmoniyada Sara xanım. Dad onların əlindən”.
Sara xanımın təkrarsız sənəti, öz yolu, ifa tərzi var idi. Fitri istedadı, güclü, təsirli və gözəl səsi, yüksək aktyorluq məharətilə seçilirdi. Səsinin genişliyi, usta boğaz qaynatmaları gözəl sənət əsərləri yaratmağa, çətin mahnıları oxumağa imkan verirdi. O, konsertlərin çoxunda mikrofonsuz oxuyardı.
Hələ heç bir qadın müğənni onun qədər muğam oxumayıb. O, stereotipləri qırmışdı, qadın müğənnilərin “Qatar”, “Şahnaz” və “Segah”dan başqa heç bir muğam oxumamaq ənənəsinə son qoymuşdu.
1954-cü ildə çox koloritli “Bayatı Şiraz” və “Mahur Hindi” muğamlarını oxuyub lentə yazdırmışdı. Sənətdə yaradıcılıq zirvəsi olan “Şur dəstgahı” böyük ustalıqla oxuyardu.
Sara xanım bununla Şərqdə muğam dəstgahlarını ifa edən ilk qadın xanəndə olmuşdu. O, öz məktəbini yaratmışdı. Səkinə İsmayılova, Qəndab Quliyeva, Könül Xasıyeva, Bəsti Sevdiyeva, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bəylər Sara xanımın muğam ifaçılığından bəhrələnirlər, onun ifaçılıq yolunu davam etdirirlər. O, “
Qatar” muğamını böyük füsunkarlıqla oxuyardı. Akademik Aslan Aslanov deyərdi: “Sara xanım "Qatar" muğamını oxuyanda, sanki, uca dağların başına qonmuş qartalı xatırladardı. Məşhur xanəndə Yavər Kələntərli isə deyərdi: – “Bütün müğənnilər sussun, Sara xanım "Qatar" oxuyur".
Sara xanım 20-dən çox xarici ölkə mahnısını lentə yazdırmışdı. Onun ifa etdiyi “Xəyalımın nuru” ərəb mahnısı Misirdə 1960-cı ilin ən yaxşı mahnısı elan olundu. İraq müğənnisi Sinan Səidlə birlikdə oxuduğu “Dühüllə” mahnısı indi də İraq radiosunda səsləndirilir.
Sabiq SSRİ mədəniyyət naziri Y.Furtseva 1963-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinə göndərdiyi məktubda yazırdı: “Azərbaycanın Xalq artisti Sara Qədimova İndoneziyada 4 aylıq qastrol səfərində böyük müvəffəqiyyət qazandı. O, kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi Cakartada sovet inşaatçılarının köməyi ilə tikilmiş 100 min tamaşaçılıq stadionda — ”Cakarta gölməçəsi”ndə konsert verərkən, prezident Sukarnonun sevdiyi mahnını ifa edən zaman 100 min nəfər tamaşaçı həmin mahnını onunla birlikdə ifa etmişdir. Sara Qədimova xarici ölkələrdə Azərbaycan musiqisini ustalıqla təmsil edir, sovet adamının yüksək adına xələl gətirən heç bir hərəkətə yol vermir".
Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl onu vətənpərvər sənətkar, Türk dünyasının ulduzu adlandırmışdı. Xalqımızın ulu öndəri Heydər Əliyev Sara xanıma böyük müğənni deyərdi.
Sara xanım səhnəmizin ən yaxşı Leylisi idi. Yaşlı nəsil Sara xanımın yaratdığı Leyli obrazını yaxşı xatırlayır. Onun Leylisi səmimiliyi, lirikliyi ilə təkrarsız idi. Sara xanımı Leyli rolunda görmək üçün, onun pərəstişkarlarının bir qismi salonda yer tapmayanda ayaq üstə durardılar. Elə azarkeşlər vardı ki, Opera və Balet Teatrına gələr, Sara xanımın Leyli rolunda oxuduğu muğamın əraq hissəsini dinləyib gedərdilər.
Bu günlərdə Sara xanımın arxivini vərəqləyərkən, orada uzun illər kolxoz sədri işləmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın müğənninin 80 illik yubileyinə göndərdiyi təbrik teleqramını tapdım. Burada böyük müğənniyə xalq məhəbbəti öz əksini tapmışdır. Həmin teleqramın mətnini olduğu kimi vermək istəyirəm: “Sevimli Sara xanım, qəzet səhifələrindəki elanlardan oxuyanda ki sizin yubileyiniz qeyd olunur, düzü gözlərim yaşardı. Mən sizi 60 ildən çoxdur ki, şəxsən tanıyıram, səhnədə görürəm. Həm də siz mənim taleyimdə unudulmaz izlər qoymusunuz. Yadınızdadırmı, 1947-ci ilin 17 iyulunda özbək pambıqçıları ilə sosializm yarışının bünövrəsini qoyanda, məşhur özbək pambıqçısı Tillə Turabova bizim Arayatlı kəndinə gəlmişdi. Sizin Xan Şuşinski ilə birlikdə həmin el şənliyində oxuduğunuz muğam və mahnıların, o cümlədən Xan əmilə birlikdə ifa etdiyiniz "Yaylığım" mahnısının sədaları heç vaxt qulağımdan getmir, həmin konserti qətiyyən unuda bilmirəm. İllər keçib yaşa dolmuşuq.
Artıq cavanlıq əldən gedib. Deyirlər qocalar kövrək olurlar. İndi görəndə ki, siz yenə də səhnədəsiniz, yenə də xalqa xidmət edirsiniz, adam istər-istəməz kövrəlir. Siz səhnəmizin ən uzunömürlü müğənnisi olmusunuz. Səsinizdəki yanğı, səmimiyyət, oxunuzdakı həssaslıq, təbiilik bizim hər birimiz üçün doğma və yaxındır. Siz xanımların xanımı, gözəllərin gözəlisiniz. Həmişə səsiniz səhnələrdən, dağlardan, pambıq tarlalarından, üzüm bağlarından, Gülablıdan, Arayatlıdan gəlsin. Bizim dərdimiz böyükdür: el-obamız yağıların tapdağı altındadır. İnşallah vaxt gələr torpaqlarımız düşmənlərdən təmizlənər. Onda sizin yubileyinizi Füzulidə, bizim Arayatlı kəndində qeyd edərik".
Sara xanımın ifasında 200-dən çox mahnı lentə yazılıb, radionun qızıl fondunda saxlanılıb. Onun oxuduğu mahnıların bir qismi çox çətin, mürəkkəb mahnılar idi. Ələkbər Tağıyevin "Göygöl", Hacıbaba Həsənovun "Xatirələr" və "Tar çalan oğlan", Şəfiqə Axundovanın "Axı, mən nə dedim" mahnılarına, xalq mahnısı ”Qara qaşın vəsməsi”nə elə möhür vurmuşdu ki, ondan sonra heç bir müğənni bu mahnıları oxumağa cürət etməmişdilər. İndi də müğənnilər Qənbər Hüseynlinin " Nə vaxta qaldı?" mahnısını ifa edirlər. Lakin, bu ifalar Sara xanımın ifasından tamamilə fərqlənir, onun boğazlarını heç kəs vura bilmir.
Sara xanım bəstəkarlardan Üzeyir Hacıbəyovla, Şəfiqə Axundova, Cahangir Cahangirov, Səid Rüstəmov, Qənbər Hüseynli ilə sıx yaradıcılıq əlaqələri saxlayırdı. Üzeyir Hacıbəyov özünün “Qara göz” və “Şəfqət bacısı” mahnılarının ifasını ilk dəfə olaraq Sara xanıma etibar etmişdi. Şəfiqə Axundovanın və Qənbər Hüseynlinin bütün mahnılarının ilk ifaçısı, demək olar ki, Sara xanım olmuşdu. Gəncəlilər 60-cı illərdə Qənbər Hüseynlinin məzarı üstündə Sara xanımın “Ay işığında” mahnısını necə ürək yanğısı ilə oxuduğunu yaxşı xatırlayırlar.
Xalq arasında Sara xanımın yüksək nüfuzu vardı. Xalq onu sevirdi, o da bütün varlığı ilə xalqına xidmət edirdi.
Bakının Xaqani küçəsində Sara xanım yaşayan binaya onun xatirə lövhəsi vurulmuşdur. Hər gün buraya tər çiçəklər qoyulur. Bu, böyük müğənniyə olan xalq məhəbbətinin bariz nümunəsidir.
Sara xanımın adı həmişə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva kimi müqtədir sənətkarların adları ilə bir sırada çəkiləcəkdir. Onun füsunkar gözəlliyi, xanım-xatınlığı, sənət dünyasının incisi olması qəbirüstü büstündə də əks olunmuşdur. Abidəyə baxmaq istəyən, bir də baxmaq istəyir.
Allah ona rəhmət etsin!,

Xalq qəzeti.-2007.-27 may.-S.9.