Məhərrəmova T.

 

Şirin səsin sahibi

 

Bu gün Sara Qədimovanın doğum günüdür

 

Onun öz avtoqrafı ilə bir yadigarı var məndə: haqqında yazılan "El havası ilə" kitabı. Bu kitabı hər dəfə vərəqlədikcə gözlərimin önündə şirin, unudulmaz xatirələrlə naxışlanan aylar, illər, günlər canlanır. Vərəqlərin arasından təkcə gözəl xanəndə Sara Qədimovanın mülayim səsini deyil, həm də təkrarolunmaz ifasını eşidirəm.

 

Musiqi ocağına dönən ev

 

Lap körpəlikdən musiqi səslərinin sehrinə düşüb Sara xanım. Uşaqlıq çağlarının qərib istək və maraqlarının susmaq bilməyən əks-sədası sonralar nəğmələrində ömürlük yer alıb. Atası Bəbiş kişi sabun zavodunda adicə fəhlə işləsə də xalq mahnılarını, muğamatı çox sevərmiş. Anası Zeynəb xanım da musiqi xiridarı imiş. Beləcə bu ocaqda doğulan altı uşağın hamısında musiqiyə həvəs yaranıb. Sara xanım ailədəki uşaqların ilki idi.

Uşaqlar böyüdükcə valideynlərinin onlarla bağlı qayğıları da böyüyürdü. Atası təhsil görməsə də, uşaqların tərbiyəsi, məktəb və təhsilləri ilə xüsusi maraqlanırdı. Qonaq-qaralı evlərinin kasıb süfrəsi də daim açıq olardı. Atasının sazlı-sözlü dostları bu evə yığışar, çalıb oxuyar, sonra da təhlil edərdilər. Musiqi bu evin gündəlik mənəvi tələbatına çevrilmişdi. Balaca Sara da onları böyük maraqla dinləyirdi. Atası onun bu həvəsini görüb mane olmazdı. Musiqiyə vurğunluğundan söhbət düşəndə anası deyərdi:

- Sara körpə vaxtında musiqini hiss edirdi. Musiqi onun gözlərinə yuxu gətirərdi. Bir yeri ağrıyanda dadımıza musiqi çatardı. O, musiqi səsi eşidən kimi sakitləşər, uyuyardı. Hətta qızdırma içində olanda belə musiqi səsinə ayılar, özünə gələrdi.

Atası da deyərmiş: bu uşaq ki, musiqini belə duyur, inşallah, böyüyəndə musiqiçi olacaq. Bəbiş kişi uzaqgörən adam idi, gümanında yanılmamışdı. Anası bu balaca, qəlbi nəğmə, mahnı dolu qıza ev işlərini, biş-düşü, atası da mahnıları, muğamları öyrədirdi. Balaca Saranın nəğmə dolu qəlbi artıq köksünə sığışmırdı. O, musiqinin çox sirlərini evlərinə gələn qonaqlardan - İslam Abdullayevdən, Xan Şuşinskidən, Zülfü Adıgözəlovdan, tarzən Qurban Pirimovdan, Mollaoğlu Məmməddən öyrənirdi.

Musiqi mühitində böyüyən balaca Sara eşitdiklərinin hamısını balaca qəlbinə yığmışdı. O gün olmurdu ki, şeir əzbərləməsin, mahnı oxumasın. Gah evdən, gah eyvandan, gah həyətdən, gah da məktəbdən gəlirdi onun şirin nəğmələrinin səsi. Əgər kimsə bu balaca qızın ilhamının qarşısını almaq istəsəydi belə mümkün olmayacaqdı.

Evləri onun üçün sirli-sehrli bir ocağa çevrilmişdi. Bu ev sanki divarları arasında daim musiqi sədaları eşidilən konsert salonu, Sara da onun həssas tamaşaçısı idi. Bu divarlar arasında eşitdiyi muğamlar, mahnılar ömrü boyu yaddaşından silinmədi.

Ailələri yay vaxtı Ağdamın Gülablı kəndinə - baba ocağına getməyi çox xoşlayardı. Bakıdakı mənzillərində qurulan musiqili-nəğməli məclis eynən orada da təkrarlanardı.

- Babamın oxuduğu mahnı və muğamlar mənə daha yaxın idi. Ancaq tarzən Qurban Pirimovun müşaiyəti ilə Xan əminin oxumağı bənzərsiz idi"- deyə Sara xanım çox sonralar xatırlayırdı: - Yeniyetmə çağlarımdan Xan əminin oxuduğu muğamları, mahnıları, təsnifləri dinləyərkən sanki ovsunlanırdım. Onun oxumalarını yadımda saxlamağa, mənimsəməyə və həmişəlik beynimə həkk etməyə çalışırdım. Ancaq, söz yox, o ifaları öz ifa tərzimlə oxudum".

Sara xanımın bu sözləri mütləq həqiqət idi. O, ustadlarından öyrənsə də, heç kəsi təkrarlamadı. Sənətdə öz ifa tərzi, öz yolu, öz cığırı oldu.

 

Taleyin imtahanı

 

Saranın musiqiyə olan sönməz həvəsindən artıq hamı xəbər tutmuşdu. Oxuduğu 1 saylı Qızlar Məktəbinin direktoru Abbas müəllim bir gün onu çağıraraq deyir:

- Qızım, Sara, belə qərara gəlmişik ki, məktəbimizin özfəaliyyət dərnəyində çıxış edəsən. Zənnimcə, evdəkilər də razı olarlar.

O gün Saranın sevincindən uçmağa təkcə qanadı çatışmırdı. Bu xəbəri evə çatdırmağa tələsəndə xoşbəxtlikdən Xan əmi də onlarda idi. Böyük xanəndənin: "Dərnəyə yazıl, qızım, oxumağın məsləhətdir. Səhnəmizin Azərbaycan qızlarına ehtiyacı var. Sən öz ifanla xalqımıza layiqli xidmət edə bilərsən. Həm də xalq mahnılarının və muğamlarımızın qorunmasında rolun olar" sözləri onu daha da həvəsləndirir.

Ancaq atasının vaxtsız ölümü yeniyetmə Saranın nəğmə ilə coşub-çağlayan qəlbinə böyük kədər gətirir. O, daha dərnəyə getmir, mahnı da oxumurdu.

Atasının ölümündən sonra ailələri ehtiyacla üzləşmişdi. Sara atasızlıq acısının gündən-günə daha çox hiss olunduğu, ehtiyacın qapılarını daha sərtliklə kəsdiyi bir vaxtda işləmək, ailələrinə kömək etmək istəyirdi. Ancaq "yoxsulluq eyib deyil, təhsilini davam elə" - deyən anasının etirazı ilə razılaşmalı olur:

- Qızım, özfəaliyyət dərnəklərindən çəkinmə, atanın arzusunu yerinə yetir. Axı o səni xanəndə görmək istəyirdi.

Səkkizinci sinifi bitirən Sara anasının məsləhəti ilə sənədlərini ikiillik mamalıq məktəbinə verir və imtahandan uğurla keçir.

"Mamalıq məktəbində də səsimin olduğundan xəbər tutdular. Dərnək rəhbəri, görkəmli rəqqas Əlibaba Abdullayev səsimlə maraqlandı. Onun məsləhəti ilə məktəbin dərnəyinə yazıldım. Həmin dərnəkdə ilk dəfə oxuduğum "Gül oğlan" mahnısı alqışlara səbəb oldu. Məşqlərdə isə "Uca dağlar","Ceyran bala", "Sarı bülbül" xalq mahnılarını, "Qatar", "Şahnaz" muğamlarını, "Qarabağ şikəstəsi"ni öyrənirdim" - deyə Sara xanım danışırdı.

Sara xanım həmçinin Əbilov adına klubun dərnəyində də həvəslə iştirak edirdi. Burada dərnək rəhbəri Zülfü Adıgözəlov idi. Hər dəfə səhnəyə çıxanda Zülfü müəllimin: "Qızım, tale sənə gözəl səs verib, onu qoru və qədrini bil" - sözlərini təkrar-təkrar eşidirdi.

1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində iştirak etmək Saraya da nəsib olur. Böyük musiqi biliciləri qarşısında verəcəyi bu imtahan onu yaman həyəcanlandırırdı. Münsiflər heyəti qarşısında "Qatar" muğamını oxuyan Sara özünü sakit və təmkinli aparmağa çalışsa da, daxilən həyəcanını boğa bilmirdi. Ancaq səhnəyə çıxan kimi musiqi öz sehrini göstərdi... Muğamı oxuyub başa çatdırandan sonra gözucu münsiflər heyətinə baxdı: onların maraqla bir-birilərinə baxıb danışdıqlarını görəndə həyəcanı daha da artdı. Elə bu vaxt aparıcının səsi eşidildi: "Gəlmə-gəlmə" xalq mahnısı həmin ifada".

Yenə də musiqinin sehri Saranı öz ağuşuna aldı... O, bir də zalı titrədən alqış səslərinə ayıldı. Münsiflər heyəti bu ortaboy, alyanaq, zərif qızın səsindən, ifa tərzindən razı qalmışdı. Asta addımlarla səhnədən enmək istərkən mehriban bir səs eşitdi. Saranı münsiflər heyətindən saçına dən düşmüş, eynəkli bir kişi çağırırdı. Bu, Üzeyir bəy idi. O səhnəyə qalxaraq qızı təbrik etdi və "Gedək, səni Hüseynqulu Sarabski ilə tanış edim" - dedi.

O gün eştdiyi sözlər isə Saranın həyatda ən böyük mükafatı oldu:

- Sənin oxuduğun mahnını da, muğamı da bəyənmişik. Doğrudan gözəl səsin var. Kim bilir, bəlkə operamıza gələcəyin Leylisi gəlir. Səni Hüseynqulu Sarabskiyə tapşırıram. Məşğələsində iştirak etməyin vacibdir. Yaxşı-yaxşı çalış. Mamalıq məktəbini bitirəndən sonra musiqi məktəbinə daxil ol.

Tale üzünə gülmüşdü. Axı Üzeyir bəyin açdığı musiqi məktəbinə daxil olmaq Saranın çoxdankı arzusu idi.

1940-cı ildə tibb məktəbini bitirən Sara A.Zeynallı adına musiqi məktəbinin muğam şöbəsinə qəbul edildi.

Çox keçmədən anasının da dünyadan vaxtsız köçməsi bu yeniyetmə qızı taleyin daha ağır bir imtahanı ilə üz-üzə qoydu. Anasının ölümündən sonra ev qayğıları bütünlüklə onun üzərinə düşmüşdü. O, qardaş və bacıları üçün ata-anasını əvəz etməli idi. Ancaq atasının dostları da onları ümidsiz qoymurdular. Sara Üzeyir bəyin təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Estradasına müğənni kimi işə qəbul olundu: onun peşəkar səhnəyə çıxışı belə başladı...

 

Opera səhnəmizin parlaq ulduzu

 

Müharibə ağrı-acısı bütün qapıları döyməyə başlayanda Sara müğənni həmkarları ilə birlikdə döyüşən əsgərə dönür. Cəbhə bölgələrində, səngərlərdə, hospitallarda konsertlər verir.

Yaralı əsgərlər onun "Şəfqət bacısı" mahnısını dinləməyi çox sevir, bu mahnını Sara xanıma təkrar-təkrar oxudurdular.

Sara Qədimovanın fəaliyyətinin mühüm bir dövrü Opera və Balet Teatrı ilə bağlıdır. Üzeyir bəyin dəvəti ilə operaya gələn Sara Leyli rolunun məsuliyyətini boynuna götürmək istəmir. Həmişə bu rolun arzusu ilə yaşasa da, səhnəyə Leyli kimi çıxmağın onun üçün hələ tez olduğunu düşünür.

İllər ötür... Əldə etdiyi təcrübə Saranın Leyli kimi səhnəyə çıxmasına imkan verir. Sara Qədimova Mehdi Məmmədovun reyissorluğu ilə "Leyli və Məcnun" operasında səhnəyə çıxır. Tərəf-müqabili də müəllimi Əlövsət Sadıqov olur. Gənc müğənni bu obrazın məsuliyyətini dərk edirdi. Ona qədər Sona Hacıyeva, Xurşid Qacar, Məhbubə Paşayeva, Ümmi Əhmədova, Leyla Təhmasib, Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübabə Muradova bu obrazla səhnəyə çıxmış, uğur qazanmışdılar.

Nəhayət, 1956-cı ilə opera səhnəsi onun timsalında yeni Leylisini kəşf edir. Əsrlərdən bəri ürəkləri göynədən nakam bir sevgi hekayəti onun ifasında "Şahnaz", "Segah", "Dəşdi", "Cahargah", "Mahur" muğamlarının sədaları ilə sənətkarlıqla dilə gəlir.

Opera Teatrının o zamankı direktoru, bəstəkar Azər Rzayev danışır ki, opera yeni Leyliyə ehtiyac duyduğu bir vaxtda Sara parlaq bir ulduz kimi, opera səhnəmizə işıq saçdı: "Onun səhnəyə gəlişi Leyli rolunun ifası barədə olan ehtiyaclarımızı ödədi. Ancaq Sara operada uzun müddət qalmadı. Onun gəlişi opera üçün nə qədər sevindirici idisə, gedişi bir o qədər də ürəyimizdən olmadı.

Saranın opera səhnəsindən getməkdə məqsədi qitədən-qitəyə, eldən-elə xoşbəxtlik saçan səsinin arxasınca gəzməsi idi.

Xalq mahnıları ilə yanaşı, bəstəkar mahnılarının da ilk usta ifaçısı olan Saranın repertuarını həmçinin özbək, ərəb, türk, fars nəğmələri bəzəyirdi. Bu nəğmələr bir neçə onilliklər boyu əvəzsiz ifası ilə ürəkləri riqqətə gətirdi. Qızıl səsi lent yazılarının yaddaşında əbədiləşib gələcək nəsillərə ərməğan qaldı.

Sara xanım qocalıb səhnədən getmədi. Yaşının səksənində də səsi gəncliyində olduğu kimi ürəyəyatımlı, şirin idi. Səhnədən getdi ki, gözəl ifası həmişə yaddaşlarda qalsın. Ömrünün son vaxtlarında səhhətində yaranan problemlərlə bərabər, qəlbində dəyərli sənət dostlarının itkisindən doğan nisgil də vardı. Ən böyük ağrısı isə düşmən əlində qalan torpaqlarımızın həsrəti idi. Uşaqlıq illərinin şirin çağlarını keçirdiyi Ağdama, Gülablı kəndinə gedəcəyi günün həsrəti ilə yaşayırdı. "Qarabağ şikəstəsi"ni orada oxuyacağam. Əsil yubileyim də onda olacaq" - deyirdi.

 

Kaspi.-2007.-31 may.-S.16.