Hacıxanoğlu İ.

 

Habil Əliyev O səs kamançanın yox, ürəyimin səsidir

 

80-ni haqlayan ustad sənətkar sənətə öz "mikroskopu" ilə baxır və musiqimizin bayağılaşmasından narahatdır

Bu gün dünya şöhrətli kaman ustası, xalq artisti Habil Əliyevdən bəhs edəcəyik.
Söhbətə keçməzdən əvvəl bir haşiyə çıxmaq istərdim. Bir neçə ayın söhbətidir. Yaxın dostumuz olan rəssam Hacı Eldarın emalatxanasında maraqlı bir tabloya rast gəldim. Habil Əliyevin əlində qan ağlayan kamança sonradan şam kimi əriyir. Habil Əliyevin sənətini açmaq üçün sözlərin belə çətinlik çəkdiyi bir məqamda müfəssəl bir təsvir idi.
Həqiqətən də bir neçə gündən sonra - mayın 28-də ömrünün 80-ci baharına vida deyəcək sənətkarımız kamançanı əlinə götürdüyü ilk gündən ötən 72 ildə öz yanğılı ifası ilə dünyanın hansı bölgəsində olur-olsun, millətindən asılı olmayaraq bütün insanların ürəklərini yandırıb-yaxıb. Yubiley öncəsi qocaman sənətkarımızla görüşüb ömür vərəqlərinə həkk olunan xatirələri yada saldıq.

- Bu gün elə sənətkarlarımız var ki, ifa etdiyi musiqi alətinin simvoluna çevrilib. Və bunların arasında bir ad da var - Habil Əliyev. Bu ad artıq kamança sözünün sinoniminə çevrilib...
- Hər hansı musiqi aləti sənətkarın adı ilə bağlamaq düzgün deyil. Yaxşı sənətkarlar dünən də olub, bu gün də var, sabah da olacaq. Lakin elə sənətkar var ki, onu tək-tük adam tanıyır, amma çalğısı müsibətdir. Siz bayaq Kamil Cəlilovun adını çəkdiniz, çünki gənc olduğunuza görə, ondan başqasını tanımırsınız. Amma ondan da güclü qaboyçalanlar var. Lakin televiziyada, radioda Kamilin ifalarını veriblər deyə, hamı onu tanıyır. Və yaxud Ramiz Quliyev. Böyük sənətkardır, özü də dünyaca məşhur tarzəndir. Qarmonu Aftandilin adı ilə bağlamaq olmaz. Ymumiyyətlə yenə deyirəm, hansısa musiqi alətini bir nəfərin adı ilə bağlamaq düzgün olmaz. Kamançanı mənim adımla əlaqələndirənlər də səhv edir. Digər bir tərəfdən adımı həmin silsilədə çəkənlər məni çox kiçildirlər. Yekəxanalıq çıxmasın, o adamların yaşları qədər mənim təcrübəm var. Yəni demək istəyirəm ki, mən həmişə xaricdə yalnız öz musiqimizi təbliğ etmişəm. Misal üçün, Rəşid Behbudov hansı ölkəyə gedirdisə, konsertdə yerli mahnılar da oxuyurdu.

"Kamançanın "ciyiltisi"nə qulaq asa bilmirdim"

- Sizdən əvvəl də kamança ifaçıları olub, indi də var. Amma bütün dünyada kamançaçalanlar ustad kimi sizi tanıyırlar...
- Bilirsinizmi, adam bir sənətdən yapışanda onu elə öyrənməlidir ki, ustası olsun. Mən özüm də kamançanın "ciyiltisi"nə qulaq asa bilmirdim. Bizdən əvvəl kamançanı çox vaxt ermənilər çalırdılar. Erməni Boris vardı, kamançanı elə texnika ilə çalırdı ki, deyirdim, ilahi, belə də çalmaq olar? Barmaqlarını elə işlədirdi ki, kimsə onun kimi çala bilməzdi. Amma nə olsun ki, çalmağı bir şey deyildi. Başı qarışırdı barmaqlarının texnikasına, melodiya yaddan çıxırdı. Rəhmətlik Yzeyir bəy deyirdi ki, xanəndənin səsinə oxşar alət səsi kamançanındır. Texnika ilə yaxşı çalmaq olar, amma gərək ifaçı çaldığının ruhunu başa düşsün. Hiss eləməsən, heç cürə çalmaq mümkün deyil. Əks halda boğazdan yuxarı əzbərçilik olacaq. Bu gün mən deyəndə gənc xanəndələrin xətrlərinə dəyir. Onlara deyirəm ki, siz oxumursunuz, sadəcə olaraq, şairlərin, qəzəlxanların yazdıqlarını xalqa çatdırırsınız. Bu da olur özgəsinin sözünü özgəsinə çatdırmaq. Oxumaq başqa şeydir. Muğamların arasında ərimək lazımdır. Oxumaq sənəti günü-gündən bayağılaşır, gəlib düşüb Faiq Ağayev kimilərin oxumaqlarının gününə... Digər tərəfdən, Allaha şükürlər olsun ki, dövlət səviyyəsində bu işləri nizama salmağa başlayıblar. Mehriban Əliyevaya çox minnətdarıq ki, muğamlarımıza yenidən həyat verdi. İndi-indi görürsən ki, məcbur olub televiziyalarda muğam ifaçılarının konsertini efirə buraxırlar. Amma onda da yaxşılarını saxlayıb pislərini efirə çıxarırlar. Elə xanəndələri efirə çıxarırlar ki, qulaq asanda muğamdan acığım gəlir.


Telebazar açıb pul qazanırlar


- Deməli, kimsə məcbur eləməsə, öz musiqimiz yadımıza düşməz?!
- Elə bil ki, bizim telekanallara rəhbərlik edənlərdə azərbaycanlı qanı yoxdur. Əməlli-başlı televiziyalarda bazar açıb pul qazanırlar. Başa düşmək istəmirlər ki, babalarımız bizə hansı xəzinəni yadigar qoyub gediblər. Bütün dünya muğamlarımıza ayaq üstə qulaq asır, amma onlar muğamlarımızı efirdən yığışdırıblar. Onu qorumağa qeyrətləri çatmır. Az qalıb ki, telekanallarda "polka" qoyub xiyar-pomidor satsınlar. Mən öz telekanallarımıza yalnız xəbərlərə görə baxıram, qalan heç bir proqrama baxa bilmirəm. Hələ utanmaz-utanmaz verlişlərinin adlarını da nə bilim "nə bazar", və yaxud "maqazin" qoyurlar. Bir o qalıb "şou-tolkuçka". O səviyyədə oxuyanlara da dövlət başçımız sağ olsun, fəxri adlar və digər mükafatlar verir. Bilirsinizmi, prezident bütün sənətçiləri tanımaya bilər, təqsir onların siyahısını prezidentin qabağına qoyub onu imzalatdırandadır.


"Onlara "mikroskop"la baxıram"

- Habil müəllim, gəlin qayıdaq kamançaya...
- Oğlum, hər dövrün öz sənətkarı olub. Bu gün gənclərin arasında çix istedadlı kamançaçalanlar yetişir. Misal üçün, götürək Elnuru. Ona qulaq asanda görürəm ki, nə çalmışamsa, hamısını götürüb. Özü də çox ustacasına.
- Deyirlər ki, sizin kamançanın simləri digərlərindən fərqlənir. Ona görə də, sizin kamançadan tamam başqa səs çıxır. Bu nə dərəcədə doğrudur?
- Yalan söhbətdir. Eyni alət, eyni simlərdir. Sadəcə olaraq, gərək ürəklə çalasan. O mənim kamançamın yox, ürəyimin səsidir, ona görə də başqa səs çıxır. Bu təkcə bizim sənətdə deyil ki. Adi bir şeri usta aktyor elə deyə bilər ki, hamı kövrələ bilər. Ya da əksinə.
- O səsi tapanda neçə yaşınız vardı?
- Artıq mən onda Bakıya gəlmişdim. Amma gecə-gündüz fikirləşirdim ki, nə üçün kamançanın səsi adamı yorur, qulaq asmalı şey deyil. Elə eləmək lazımdır ki, bu alətdə solo çalınsın. Tarda o vaxtlar solo çalanlar vardı; rəhmətlik Əhsən Dadaşov, Hacı Məmmədov, Həbib Bayramov, Məmmədağa Muradov...
- Əhmədxan Bakıxanov...
- O, ansambla rəhbərlik edirdi. Bilirsənmi, oğlum, sən məni danışdırırsan, sonra hamısı küsür. Mən sənətin bilicisiyəm deyə, onlara "mikroskop"la baxıram. 80 yaşım var, ürəyimdəkiləri özümlə o dünyaya aparmayacağam ki. Camaat bunları bilməyə bilər, amma mən bunun bilicisiyəm axı. Bu sənətlə mən ailə-uşaq saxlamışam, 80 il yaşamışam... Nə isə, gecə-gündüz düşdüm kamançanın üstünə ki, bu səsi tapmalı, kamançanı "ciyhəciy"dən qurtarmalıyam. Axırda arvad az qaldı, məndən boşansın ki, bəsdir, baş beynimizi apardın. Nə isə, arvadın bəxti gətirdi, mən axtardığımı tapdım.

Müsiqiçilərə "mütrüb" deyirdilər...

- Eşitmişəm, buna görə, sizə yaman təzyiq ediblər.
- O vaxtlar Neptun Qriqoryan kimi ermənilər vardı. Mənə qədər kamançanı "ermənicə" çalırdılar. O da bilirsənmi, nədən irəli gəlirdi? Bizim millətdə musiqiçilərə kafir kimi baxıblar, onlara "mütrüb" deyirdilər. Ona görə də, az adam musiqiyə meyl göstərirdi. Yaxşı ki, Qarabağdan xanəndələr çıxırdı. Yəni nə qədər tənə edilsələr də, bu sənətə gəliblər. Bizim Şirvan elindən də yaxşı musiqiçilər çıxıb. Aşıq Şakir kimi sənətkar indiyədək doğulmayıb. Ona qədər aşıqlar, xanəndələr Şirvandan çox çıxıb, amma Şakirin böyüklüyü ondadır ki, o muğamla aşıq sənətini birləşdirdi. Səsi də çox gözəldi. Mən o vaxtlar deyirdim ki, Xan Şuşinski ilə Aşıq Şakir nə qədər istəyir mən söysünlər, amma oxuya-oxuya... Nə isə, mövzudan uzaqlaşmayaq. O dövrdə məni sıxma-boğmaya çox saldılar. Nəinki ermənilər, elə özümüzünkülər də. Çünki onlar kamança çalmağı ermənidən öyrənmişdilər.
- Kimlər?
- Tələt Bakıxanov, Fərhad Dadaşov, Hafiz Mirzəliyev adlı-sanlı kamança ifaçıları idi. Amma "ermənicə" çalırdılar. Amma başa düşmək istəmirdilər ki, erməni musiqimizi öyrənib, qol-qanadını qıra-qıra çalır. Buna dözməyə qeyrət lazım idi. Bu sənətçilər buna necə dözürdülər, başa düşə bilmirəm. Ona görə də, bir "arıq qara gədənin" rayondan gəlib Bakıda kamançada yenilik etməsini qəbul edə bilməzdilər.
- Eşitdiyimə görə, Asəf Zeynallı adına Musiqi Texnikumunda sizin də kamança müəlliminiz erməni olub?
- Mənim müəllimim olmayıb. Asəf Zeynallıda oxuyanda düzdür, müəllimimiz erməniydi, mən sinfə girəndə yazıq kamançanı yerə qoyub sinifdən çıxırdı.

"Müharibəni qaval-kamança ilə yola verdik.."

- Ağdaşda müəlliminiz kim olub?
- Ağdaşda Ağali müəllim vardı, onu Bakıdan göndərmişdilər, özü də çala bilmirdi, yalnız notları bizə öyrədirdi.
- Bəs onda ilk vaxtlar kimlər sizə dəstək oldular?
- İlk vaxtlarda rəhmətlik Lətif Kərimov mənə dəstək oldu. Özü Şuşalıdır, İranda da çox olub. Özü də radioda veriliş aparırdı. Məni evinə dəvət elədi və dedi ki, kamançanı da götür g
əl. İranda olduğu kimi istəyirdi mənimlə "Cahar-mizrab"lar eləsin. Mən dedim ki, muğamı xanəndənin oxuduğu kimi çalmaq olar. Kimdə yaxşı boğazlar olurdusa, götürürdüm. Xan Şuşinskidən, Zülfü Adıgözəlovdan, Mütəllimdən, Aşıq Şakirdən tutmuş, Seyidədək...
- Yaqub Məmmədov yaddan çıxdı.
- Yaqub mənim yanıma gələndə dilənçiyə oxşayan uşaq idi. Onunla tay-tuş olmuşuq. Gülablı Həmidlə müharibə vaxtlarında çayxanada çalıb-oxuyurdular. 1943-cü il idi, getmişdik İsmayıllıya. Çayçı əlimdə aləti görüb dedi ki, gəlin bu çayxanada çalıb-oxuyun, sizə günortalar bir piti verəcəyəm, çay da həmişə olacaq. İsmayıllıda hay düşdü ki, iki qaraçı balası gəlib, yaman çalıb-oxuyurlar. Ondan sonra hər gün bizi evlərdə çalıb-oxumağa aparırdılar. Müharibəni beləcə qaval, kamança ilə yola verdik, getdi...

Ekspress.-2007.-25 may.-S.6.