Xəlilzadə F.

Nəğmə həzinliyi, səs şirinliyi

 

Habil Əliyev - 80


Ürəyinin çırpıntılarını barmaqları ilə kamana yetirərək onun tellərində tufan qoparan Habil Əliyev Azərbaycan mədəniyyətində öz məktəbini, ənənəsini yaratmış görkəmli ifaçılarımızdan ən qüdrətlisidir.
Çağdaş mədəniyyətimizin çox istedadlı nümayəndəsi olan bu kaman ustadı haqqında sənətşünaslıq doktoru, professor İlham Rəhimli yazır: "Mədəniyyətimizdə möhkəm platformalı nadir şəxslər olmasa, musiqi sənətimiz əvvəl öz formasını, sonra isə məzmununu və mahiyyətini tam dəyişə bilərE Habil Kamanı bu baxımdan, sözün tam mənasında, Azərbaycan xalqının mədəniyyət xadimi kimi də təhlil etmək, sənətinin mahiyyətini həmin istiqamətdə araşdırmaq təbiidir". Müəllifin fikrinə qoşulsaq, bu təbiiliyə səbəb odur ki, Habil Əliyevin kamanında yüksək sənətkarlıqla ifa olunan musiqinin dərin xəlqiliyi, tarixiliyi ön planda qalır və estetik təsir öz işini görür. Habil Əliyevin Azərbaycan mədəniyyətinə ən böyük xidmətidir ki, bu mahir ifaçı xalq musiqisinin xalqa məxsusluğunu öz istedadının gücü ilə kamanında böyük məharətlə təsdiqlədi.
Sənətində əbədilik yaşamını qazanmış Habil Əliyev haqqında indi hansı sözü tapıb deyəsən ki, onun kamanından qopan kövrək pıçıltını, həzin nəğməni, harayı olduğu kimi ifadə edə bilsin?! Böyük sənətkarımızın kamanda ifa etdiyi muğamlar, xalq havaları, təsniflər möcüzəli təranələr dünyasıdır. Alovu ürəkləri yandıran, adamı ağladan, güldürən, düşündürən bu ovsunlu sədaların sehri təbiətin özü kimi sadə və mürəkkəbdir. Ondan ancaq ariflər baş aça bilər.
Xalq şairi Bəxtiyar Vahabzadə Habil sənəti haqqında belə deyir: "Habil əslində xalq musiqi yaradıcılığının ifaçısıdır. Lakin onun ifasında "Habil çaları" da var. Bizi valeh edən də budur. Çünki biz bu çalarları Habilə qədər heç bir kaman ifaçısında görməmişik. O, sadəcə çalmır, yaradır. Bəziləri kimi yaradıcılıqda axtarışlarını eninə-uzununa yox, dərin qatlara tuşlayan Habil düşündüyünə görə bizi də düşündürməyi bacarır. Düşündürməyən sənət sənət deyil. Buna görə biz Habilə çalğıçı, yaxud ifaçı deyil, sənətkar deyirik".
Əlbəttə, kamançada çalanlarımız çox olub. Habil Əliyevdən öncə də, sonra da. Bu sənətin fədailəri sırasında Habil Əliyev fərqli olaraq qalmaqda davam edir. Bu məxsusluq o qədər qüdrətli və təsirlidir ki, orta əsrlərdən üzü bəri təriflənən, klassik ədəbiyyatda adı tez-tez çəkilən kamançanın az qala yaradıcısı, məhz ilk çalanı da Habildir deyə düşünürük. Çünki ustad sənətkarımız kamançanın həyatını tamam dəyişdi. Onun avazına yeni xallar, rənglər, ovqatlar, nalələr qatdı. Bu, hər kəsə nəsib olan sənət uğuru deyil ki, çalğısının ilk təranələrindən kamanı dilləndirənin məhz Habil olduğunu dərhal hiss edirik. Böyük sənətkarımız bu möhtəşəm zirvəni fəth edənədək əzablı yollar keçib. Habil müəllim deyir: "Həmişə hər yerdə çalışmışam ki, məni yalnız adi çalğıçı kimi dinləməsinlər. Muğamın xarakterinə uyğun hekayətə qulaq assınlar. Onlara elə gəlsin ki, bu musiqili ovqatı yaradan öz ürəyinin hekayətini söyləyir. Bu səbəbdən də həmişə gözümü yumub ürəyimlə tellərin ünsiyyətinə çalışıram".
Habil kamanının ovsunlu ifaları Azərbaycan muğamlarına, xalq mahnılarına, bütövlükdə musiqi dünyamıza yeni bir çağlayış qüdrəti, titrəyiş, daha dəqiq desək, kaman mərhələsi gətirdi. Ötən əsrin 50-ci illərinə qədər "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "BayatıKürd", "Segah", "Zabul" muğamlarını çoxları ifa edib. Xalqımızın ruhunda, ürəyimizin dərinliklərində əbədiyaşarlıq tapmış bu bəşəri incilərin Habil kamanında öz yozumu oldu. Sanki bu muğamlara yeni təravətli ömür, qəribə yeni cazibə qüdrəti gəldi. Hər dəfə onları Habilin ifasında dinləyəndə ilk dəfə eşidirmiş kimi heyrətlə varlığımıza çəkirik və bizə elə gəlir ki, ustadın bundan sonra belə möcüzəli çalğısı ola bilməz. Amma sənətdə zirvə silsilə dağa bənzəyir. Habilin hər bir ifası möcüzədir. Maraqlısı da odur ki, bu qəribə hal davam etməkdədir.
Bu il görkəmli sənətkarımızın 80 yaşı tamam olur. O, 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Uşaqlıqda bəxti onda gətirmişdi ki, o, məktəbdə oxuduğu illərdə dövrün məşhur xanəndəsi və musiqi müəllimi Əhməd Ağdamski onların evində kirayədə qalırdı. Əhməd Ağdamskinin hər axşam müxtəlif qonaqları olardı. Əsasən onun yanına musiqiçilər gələr, muğamlardan, təsniflərdən, xalq mahnılarından danışar, yeri gəldikcə onlardan parçaları ya tarda, ya da kamançada ifa edərdilər. Bütün bu baş verənlərə uşaq marağı ilə qulaq kəsilən balaca Habilin qəlbinə sənət məhəbbəti də elə o illərdən düşmüşdü. Habil Əliyev ömrünün dünənini xatırlayanda deyir: "Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri Əhməd Ağdamski, o birisi isə anamdır. Əhməd Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı".
Habil məktəbə gedəndə altı yaşı var idi. Musiqi alətləri boyundan hündür idi. Əvvəllər tar sinfində oxumaq istəsə də, aləti sinəsində tuta bilmədiyindən kamançanı seçmək məcburiyyətində qalıb. Sinif yoldaşlarından fərqli olaraq bir neçə ay Habil kamançanı dizi üstündə yox, stol üstünə qoyub çalarmış. Ritmi düzgün tutması, musiqi duyumu, yaddaşı onu hamıdan fərqləndirirmiş.
Yeddinci sinfi və musiqi təhsilini bitirəndən sonra Habil Əliyev pedaqoji məktəbə daxil olub. Bu o zaman idi ki, İkinci dünya müharibəsinin vahiməsi bizim ölkəmizi də bürümüşdü. Ailənin bütün ağırlığı ananın və Habilin çiyinlərinə düşmüşdü. Böyük qardaşı Məhəmmədiyyənin cəbhədən qara kağızı gəlmişdi. Habil Əliyev danışırdı: "Anam nalə çəkib şivən qoparırdı. Mən ağlaya bilmirdim. Ancaq çalırdım. Dərdimi kamana deyirdim. Onda elə bil bütün anaların, bacıların kədəri kamançamın simlərinə hopmuşdu. Sanki çəkilən ah-fəryadların əks-sədası kimi yeni bir musiqi parçası yaranmışdı. İndi də kamanımda o sədalar, fəryadlar qalmaqdadır".
Müharibədən sonra Habilin böyük bacısı İmişlinin Məzrəli kəndinə köçüb. Habil də kamançasını qoltuğuna vuraraq onlarla gedib. Xalq şənliklərində, toy-büsatlarda iştirak edib. "Payıma düşən pulu anamgilə yollaryırdım", - deyə söyləyən Habil 1947-ci ildə Ağdaşa qayıdaraq pionerlər evində dərnək rəhbəri vəzifəsində işləyib.
1952-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmaq üçün Bakıya gəlib. O zaman bu məktəbin direktoru bəstəkar Süleyman Ələsgərov idi. Habilin qeyri-adi istedadı tezliklə sənətkarın diqqətini çəkib. Məşhur tarzən, muğam bilicisi Qurban Pirimovdan, xanəndə Xan Şuşinskidən sənət sirlərini öyrənən Habil ifaçılığı ilə bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Soltan Hacıbəyov Habilə filarmoniyada işləməyi məsləhət görüb. O vaxt filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli idi. Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov gənc çalğıçıya diqqətlə qulaq asmış, onun ifasındakı muğam və xalq mahnılarını məftunluqla qarşılamışlar. Beləliklə, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətə başlayan Habil Əliyev öz kamançası ilə Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarları müşayiət etmişdi.
Habil Əliyevin televiziyada ilk konserti 1961-ci ildə olub. İfa etdiyi "Segah" muğamı dövrün görkəmli sənətkarları tərəfindən bəyənilib. O, bir çox muğamlarımıza yeni kamança həyatı verib. Ötən əsrin 50-ci illərindən başlayaraq mahir kamança ustası kimi məşhurlaşan Habil Əliyev hələ sovet dövründə dünyanın 30-dan artıq ölkəsində konsert proqramları ilə çıxış edib. Azərbaycan muğamlarının səsi haralardan gəlmirdi: Fransa, Polşa, Misir, Bolqarıstan, Monqolustan, Hindistan, Pakistan, Türkiyə, İran, İsveç, Hollandiya, Şotlandiya, Əlcəzair, Tunis, İngiltərə, İrlandiya, Yaponiya, Suriya, Mozambik, İtaliya, Almaniya, İsveçrə, AmerikaE Bu ölkələrin səhnəsində Habil Əliyev xalq mahnılarımızı səsləndirib, muğamlarımızı ifa edib.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Sənət meydanına çıxdığı gündən musiqi mədəniyyətimizin ənənəsini yaşadaraq inkişaf etdirən Habil Kaman Azərbaycan ifaçılıq sənətinə "Habil segahı" bəxş etmişdir. Dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin dahi sənətkara həsr etdiyi "Habilsayağı" simfonik əsəri artıq dünyanın bir çox ölkəsində tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Həmişə sənətə ciddi münasibət bəsləyən Habil Əliyevin milli musiqi tariximizdə özünəməxsus yolu var. Son illər musiqidə baş verən bəzi xoşagəlməz hallar onu bərk narahat edir. Bu barədə tez-tez müxtəlif müzakirələrdə iştirak edən Habil Əliyev deyir: "Əzəl hər kəs təqdim etdiyi sənəti mükəmməl bilməlidir ki, səhnədə utanmasın. İkincisi, müğənninin, ifaçının, bir sözlə, camaat qarşısına - səhnəyə çıxanla hər kəsin bütün hərəkəti çalınan musiqinin, oxunan sözün ovqatından doğmalıdır. Səhnəyə çıxanla xalq arasında müqəddəs pərdə olmalıdır. Gözümüzü açıb belə görmüşük. Vay o gündən ki, tamaşaçı ilə ifaçı arasında bütün etik münasibətlər pozulsun. Bu, faciədir. Təəssüf ki, son illər Azərbaycan səhnəsində, ekran və efirdə çimərlik əhvalı duyulur. Mən bunun qəti əleyhinəyəm. İnsan öz əndamını deyil, sənətini nümayiş etdirməlidir. Axı yaşlı nəsildən öyrənməyin, götürməyin nəyi pisdir? Azərbaycan musiqi mədəniyyətində yüz ildə indən belə örnək ola biləcək səhnə xadimlərimiz, ifaçılarımız, musiqiçilərimiz olub. Nə olub bizim gənclərə? Nə görməmişlikdir? Belə hallar dünya şöhrətli sənətimizin parlaq ziyasına kölgə salır. Tarixin ələyi həmişə narın ələnib. Zövqsüz, primitiv "xaric" oxuyub-çalanları, toyxanalarda yazılan kasetlərə qulaq asanları görəndə əsəbiləşməyim, neyləyim?! Mən həmişə kamanı ürəyimlə, duyğularımla dilləndirmişəm. Heç tamaşaçını da görməmişəm. Filarmoniya həmişə müqəddəs sənət ocağı sayılıb. Görün orada kimlər konsert veribE"
Misilsiz ifası ilə pərəstişkarları sehirləyən Habil Əliyev yalnız dinləyiciləri, tamaşaçıları deyil, həmkarlarını da valeh edən ustaddır.
Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə 1964-cü ildə əməkdar, 1978-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Dövlət tərəfindən dəfələrlə müxtəlif orden və medallar alan Habil Əliyev hazırda prezident təqaüdçüsüdür.
Ürəyinin səsini kamanda dilləndirən əllərin var olsun, ustad! Bizi ovsunladığın o ilahi sədalarda uzaq keçmişinin xiffəti, bugünümüzün ovqatı, sabahımızın ümid dolu anları var.

Azərbaycan.-2007.-30 may.-S.8.