Məhərrəmova
T.
Habil
Kaman 72 illik sirdaşından "Zəminxarə" ilə
ayrılacaq
H.Əliyev:
"Səhnəyə elə adamlar gəlib ki, mən o
səhnəyə çıxmağa utanıram"
Kamanın
ecazkar səsi varlığımıza hakim kəsilir, bizi
ovsunlayır. Milyonlara tanış olan həzin səs doğma
yurdumuzu tərənnüm edir. İfaçı
çalır... Kamanının səsi oynaq ləpələr
kimi cilvələnir, billur çeşmələr kimi
qaynayır, şəlalələr kimi coşur.
İfaçı çalır... Biz Azərbaycan
təbiətinin ətrini duyur, meşələrin
pıçıltısını, suların, quşların
səsini eşidirik. Habil Əliyev çalır... Milyonlar
nəfəsini belə dərmədən onu dinləyir... O,
bizi uzaq keçmişimizə aparır. Xalqın
qəhrəmanlıqla dolu tarixinin səhifələrini bir-bir
vərəqləyir. Əsil musiqinin nə demək olduğunu
insanlara bir daha anladır...
80
illik ömrünün nə az-nə çox, düz 72 ilini
xalqın musiqi incilərinin qorunmasına, saflaşmasına
həsr edən Habil Əliyevin ifası həmişə
dinləyicilər üçün belə doğma,
əvəzedilməzdir.
Heç
nədən narazılığım yoxdur
- Bu yaxınlarda ANS
kanalında bir daha səhnəyə
çıxmayacağınızı bildirmisiniz. Bu
qərarınız səhhətinizlə bağlıdır,
yoxsa başqa səbəb var?
- Bu, 80 yaşımla
bağlıdır. İstəmirəm ki, səhnədən
çala bilməyəndə düşüm.
İstəyirəm ki, camaat məni elə həmişə
ustad ifaçı kimi xatırlasın. Mən yaşda
adamın artıq namaz qılan, oruc tutan vaxtıdır. Bu
sənət isə cavanlıq sevir. Başqa sənət
sahibləri - müəllimlər, həkimlər yaşa
dolduqca püxtələşir daha çox hörmət qazanırlar.
Ancaq bu sənətdən gərək vaxtında
çəkiləsən. Bu sənət qocalığa
yaraşmır. Axı 80 yaşında səhnəyə
çıxıb çalmaq olmaz. Həm də artıq
cavanlar gəlir. Qoy sənəti onlar saxlasın, necə ki,
indiyə qədər mən saxlamışam.
- Sənətdən,
illərlə dostluq etdiyiniz kamançadan ayrılmaq
qərarını vermək asan idimi?
- Yox, asan deyildi.
Həmin verilişdə dedim ki, kamança ilə
xudahafizləşirəm, ancaq bu o demək deyil ki, çala
bilmirəm. Əvvəla, 80 yaşım var. İkincisi,
səhnəyə elə adamlar gəlib ki, mən o
səhnəyə çıxmağa utanıram. Mən xalqdan
halallıq istədim. Dörd övladımı bu
sənətlə oxutdurmuşam. Hamısı ailə sahibi
olub. Xalq məni dolandırıb. Dövlət də necə
lazımdırsa, məni qiymətləndirib. Heç
nədən narazılığım yoxdur.
- Bəs
kamanınızın musiqisinin dadını xalqın
damağında qoyub uzaqlaşmaq hardasa günah deyilmi?
- Yox... indiyə
qədər nə çalmışamsa, hamısının
lent yazıları var. O lent yazıları radionun da, televiziyanın da
Qızıl Nondunda saxlanılır. Əgər
səsləndirsələr, xalq həmişə
eşidəcək. Nəyim varsa
ordadır, artıq mənə ehtiyac yoxdur.
- Siz öz ifanızla Habil
məktəbi deyilən bir məktəb
yaratmısınız. Bəs bu məktəbin
davamçıları necə, varmı? Bu
gün əllərində kamança tutanlardan
razısınızmı?
- Çox razıyam. Dahilərdən
biri deyib ki, "Müəllim o deyil ki, tələbəni
qarşısında oturdub dərs keçsin; müəllim
odur ki, dərs deməsin, ancaq onun tələbələri
olsun". Hərdən kamançaya qulaq
asanda, inanın ki, qəhərlənirəm. Çünki əvvəllər kamançalar
"erməni yolu" çalardı. İndi
isə kasetlər, disklər müəllim olub. Gənc ifaçılar evdə qulaq asıb həmin
yola uyğun çalırlar. Bu yolun qorunub
saxlanmasına çox sevinirəm.
"Sən
hamıya qalib gəldin"
- Bəs "Habil segah"ı deyimi
necə yaranıb?
- "Segah" segahdır. Ancaq mən
"Segah"da yeni axtarışlar elədim. Yeni xallar, yeni guşələr, yeni barmaqlar,
deyilməmiş sözlər tapdım. Ona
görə də adını "Habil segah"ı qoydular.
Hara gedirdimsə "Habil segah"ını
çalmağımı istəyirdilər.
Ümumiyyətlə,
Bakıya gələndən sonra mənim işlərim
yaxşı gətirdi. Bir gün yoldaşlarımdan biri -
"rayonda oturmuşdum, rahatlığım vardı", -
deyə gileylənirdi. Dedim ki, biz Bakıya gəldiyimiz
günü yadımıza salsaq, Bakını da çox
istəyərik, bakılıları da. Ona
görə həmişə Bakıya gəldiyim günü
yadımda saxlayıram. Mən rayonda bu
şöhrəti qazana bilərdimmi? Min
dəfə bundan yaxşı da çalsaydım, bu
şöhrəti rayonda tapmaq olmazdı. "Balıq
dəryada böyüyər" - deyiblər.
- Habil müəllim, Filarmoniyanın
o vaxtkı ab-havasından danışın. Səhnədə
kimlər vardı, xalq musiqisinə münasibət necə idi?
- Yaralı
yerimə toxunursunuz... Əsil musiqi ab-havası var idi o vaxt.
Filarmoniyada konsert keçiriləndə zala ancaq musiqini
sevən və qiymətləndirməyi bacaran adamlar
yığışırdı. Konsertlərdə də
kimlər oxuyurdu? Xan Şuşinski, Şövkət
Ələkbərova, Sara Qədimova, Əbülfət
Əliyev, Fatma Mehrəliyeva... İndi isə
oxuyanlarımız o qədərdir ki... Bəxtiyar Vahabzadə
demişkən, "Kaş ki, bu qədər ordumuz
olaydı!" Qurban Primov, Hacı
Məmmədov, Allahyar Cavanşirov kimi üç tarzən
çalışırdı Filarmoniyada. İrşad
Məmmədov qaval çalırdı. Sənətin elə
vaxtı idi ki, məni yaşadan da o fəxr oldu.
İstər-istəməz musiqiçi olmağımla,
korifeylərlə çiyin-çiyinə
çalışmağımla fəxr edirdim. Orada
işlədiyim hər günüm, hər qastrolum mənim
üçün xatirədir.
O zaman
Azərbaycanın rayonlarına qastrol səfərlərinə
gedərdik. Hansı rayon üzüm, pambıq planını
yerinə yetirirdisə, ora konsert verməyə gedirdik.
1956-cı
ildə televiziya açıldı. Mən televiziyanın
açılışında bir neçə musiqi parçası
ifa etdim. O zaman televiziya indiki telekanallar kimi fəaliyyət
göstərmirdi. Televiziyada sənətin öz yeri var idi.
Sonra televiziya üçün lent yazılarımı
yazdılar. Bundan sonra respublikanın bütün
rayonlarında daha yaxşı tanındım.
- İndi
xaricə yolu düşən ifaçıların
istinasız olaraq hamısının bir deyimi var:
"anşlaqla konsert verdik, bütün zalı
titrətdik". Siz tez-tez xarici səfərlərdə olurdunuz.
Orada çaldığınız musiqiləri necə
qarşılayırdılar?
-
Yoldaşlarım hamısı deyir ki, Habilin
çalğısı üçün millətin fərqi
yoxdur. Habil üçün fərqi yoxdur ki, Azərbaycanda
çalır, yoxsa başqa ölkədə. Səfər
öncəsi istər-istəməz fikirləşirdim: necə
çalım ki, o xalqın xoşuna gəlsin. Həmin
ölkələrdə Azərbaycanda çaldığım
kimi çalmırdım. Olduğum ölkənin radiosunda milli
musiqilərinə qulaq asır, sonra çaldığım
muğamları, musiqiləri onların ladına
uyğunlaşdırırdım. Ona görə də
çaldığım musiqini bütün
ölkələrdə bəyənirdilər. Hətta,
rəhmətlik Rəşid Behbudovun ansamblı ilə
Pakistanda olanda prezident Ziyaülhəqq üçün
ayrıca bir saatlıq konsert təşkil olundu. Mən də
həmin konsertdə solo çaldım. Ziyaülhəqq
səhnəyə çıxıb hamını təbrik
elədi, xoş sözlər söylədi. Mənə
çatanda isə "sən hamıya qalib gəldin", -
dedi. Belə xatirələr həyatımda çox olub.
Əgər xalqın nəbzini tuta bilirsənsə,
əgər bir sənətdə sənin haqqın varsa bu
sözləri eşidəcəksən. Xalqın qoyduğu
yolla getmək lazımdır. İndi elə çalırlar
ki, musiqi azərbaycançılıqdan çıxır.
Hər millətin öz musiqisi var. Bu musiqinin yaxşı
ifaçısı olmaq üçün, ilk
növbədə azərbaycançılıq qorunmalıdır.
Amma indi musiqini başqa xarici ölkələrin musiqisi ilə
qarışdırır, adını da oranyeman qoyurlar. Biz
həmişə öz işimizdə, sənətimizdə azərbaycanlı
olduğumuzu göstərməliyik. Ancaq indi bir az perik
düşüblər. Nə geyim-kecimlərindən, nə
də sənətlərindən hansı millətə
məxsus olduqlarını ayırd eləmək olmur.
Əlbəttə, yenilik lazımdır. Ancaq o yenilik
köhnəlikdən yaxşı olmalıdır.
Gəlin, təzədən
başlayaq
- Bu gün
musiqimizin qarmaqarışıq vəziyyətindən sizin
qədər gileylənən ikinci sənətkar tapmaq çətindir.
İxtiyarınız olsaydı, bu aləmdə nəyi
dəyişərdiniz?
- Estrada yanrında oxuyanlar
adlarını "pop", "rok" qoyurlar. Onların işinə qarışmaq
istəmirəm. Çünki mənim
yanrım deyil. Ancaq həmin yanrla
maraqlananlardan soruşardım ki, bu musiqi sizə hansı
zövqü verir? Bu musiqidən nə
başa düşürsünüz? Bəxtiyar
Vahabzadənin gözəl bir sözü var: "Ögey
musiqiyə qulaq asıram, mənə çatmır. Qulaq asmıram, mədəniyyətim
çatmır". Çoxları
özünü mədəni göstərmək
üçün bu cür musiqilərə qulaq asır. Bu musiqilərin ən böyük zərəri
ondadır ki, gənclərin tərbiyəsini pozur. Buna dözə bilmirəm. Mənim də
nəvələrim var. Görün, Bəxtiyar Vahabzadə
musiqiyə necə fərq qoyur: "Bizim musiqimiz daşa
təsir eləyir. Qulaq asırsan,
başını yellədirsən. Amma o
musiqilər ayağa təsir eləyir, eşidən kimi
oynayırsan". Oynamaq da lazımdır.
Ancaq oynamaq üçün də bizim çox gözəl
oyun havalarımız var. Onları bir kənara atıb elə
şeylər çalırlar ki... İndiki
toylar diskotekaya dönüb. Əlimdə
ixtiyar olsaydı, bunları yığışdırardım.
Deyərdim, gəlin azərbaycanlı olaq,
təzədən başlayaq.
- Bir ara oğlunuz
Rəvan da səhnədə idi, oxuyurdu. Ancaq
daha ekranlarda görünmür. Olmaya
nədənsə küsüb?
-
Əvvəldən ona dedim ki, bu sənətə
gəlməkdə gecikmisən. Sənət artıq
bataqlıqdır, ora gəlsən, çıxa bilməzsən.
Oğlum olduğu üçün xarakterini yaxşı
bilirəm. Haqqı, ədaləti, düzgünlüyü
sevəndir. Sənətdə isə düzgünlük
qalmayıb. Dedi ki, ürəyim doludur. Gömrükdə,
polis sistemində bir müddət işlədi. Ancaq
yarıda qoyub çıxdı. İstər-istəməz
gəlib bu sənətin içinə düşdü. Bir
gün də "Ata sən düz deyirsən, artıq qala
bilmirəm, burda boğuluram" - deyib sənətdən
uzaqlaşdı. Nə dediyimi özü də başa düşdü.
Televiziya kanallarından da deyirdilər ki, çox əla
oxuyursan, pul ver, səni çəkək.
Qəribədir,oxuyan, çalan niyə pul verməlidir? Siz pul
verin ki, biz gəlib öz sənətimizi göstərək.
Əvvəllər yaxşı oxuyana pul verirdilər. Nə
isə... Rəvan da oxudu, populyar oldu. Camaat onu çox istəyirdi.
Yaxşı mahnıları vardı. İndi
sənətdən ayrılandan sonra heç bir işlə
məşğul deyil.
Yubiley...
- Mayın 29-da
doğum gününüzdür. 80 yaşınız tamam
olur. Yubileyiniz dövlət səviyyəsində qeyd olunacaq.
Bəzi sənətkarlar deyir ki, mən yubiley keçirmək
istəmirdim, dostlarım məcbur elədi. Bəziləri
də "Yubileyimin keçirilməsi mənim arzumdur"
söyləyir. Siz hansındansız?
- Mən
ömrümdə yubiley keçirməmişəm. Artıq
80 yaşım tamam olur. Yubiley deyəndə hərə bir
şey fikirləşir. Yenə də yubiley keçirmək
istəməzdim. Niyə başqalarını narahat eləyim?
Ancaq qohum-əqraba, dost-tanış hamısı dedi ki, 80
yaş elə bir həddir ki, o, hər adama qismət olmur. Ona
görə də bu yaşı bayram kimi qeyd eləməyimi
məsləhət gördülər. Mədəniyyət
və turizm nazirindən xahiş elədim ki, may ayında
tədbirlər çox olduğu üçün yubiley
gecəsini sentyabrın axırında keçirsin. Yubiley
tədbiri Filarmoniyada keçiriləcək. Özüm
oranı istədim. Çünki mən Filarmoniyada
böyümüşəm. Gözümü açandan orada
işləmişəm. Ona görə də o sənət
ocağı mənim üçün hər yerdən
doğmadır.
-
Dost-tanışlarınız çox düzgün deyirlər
ki, 80 yaş hər adama qismət olmur. Bəs sizin
özünüz üçün bu yaş nə deməkdir?
- Doğrusunu
deyim ki, bu qədər yaşamağa mənim ixtiyarım
çatmırdı. Ona görə ki, çox ağır
günlər keçirmişəm. Uşaqlığım
müharibə dövrünə təsadüf edib. Atam,
böyük qardaşım cəbhədən
qayıtmayıblar. Onda mən təzəcə kamançada
çalmağa başlayırdım. Evdə qalan 5 baş
ailəni saxlamaq üçün pul qazanmağa məcbur
oldum. Şükür Allaha ki, müharibədən salamat
çıxdıq. Mən oxumaq üçün Bakıya -
Asəf Zeynallı adına Musiqi Məktəbinə gəldim.
Bu məktəbə gəlməyimin əsas səbəbi,
Ağdaşa qayıdıb oradakı musiqi
məktəbində müəllim işləmək idi.
Məni dərhal məktəbə qəbul elədilər.
Müəllimim erməni Mkrtıçyan idi. O
nəzəriyyəni yaxşı bilirdi, mənsə ondan
yaxşı çalırdım. O vaxt Filarmoniyanın direktoru
Soltan Hacıbəyov idi. Günlərin birində o, həmin
məktəbə yaxşı bir kamança çalan
gəldiyini eşidir. Məşhur tarzən Hacı
Məmmədov bir gün mənə yaxınlaşaraq
"Soltan Hacıbəyov səni çağırır. O,
səni Filarmoniyada işə götürmək
istəyir" - dedi. O zaman Filarmoniyada kamança çalan
təkcə erməni Nevton Qriqoryan idi. Filarmoniyaya işə
götürüləndən sonra işlərim uğurlu
alınmağa başladı.
- Yəqin
elə buna görə deyirlər ki, Habil Əliyev
kamançanı ermənilərin əlindən alıb
xalqımıza qaytardı?
-
Ermənilər o vaxt kamançada fironluq edirdilər. Mən
onların əlindən kamançanı almamışam.
Kamança yenə də ermənilərin əllərində
qalır. Ancaq mən kamançada azərbaycanlı kimi
çalmışam. Ermənilərin
çalğısından, ifa tərzindən camaatın
qulağını qurtarmışam. Çünki muğam,
Azərbaycan musiqisi mənim qanımdadır. Doğma musiqini
olduğu kimi xalqa çatdıra bildim. Ona görə də
xoşa gəldi. Xalq da, dövlət də bu
sənətimə çox böyük qiymət verdi.
Fəxri ad, prezident təqaüdü,
"Şöhrət" ordenini mənə ümumilli
liderimiz Heydər Əliyev verib. İlham Əliyev də
mənə ev hədiyyə elədi. Yeni binanın 15-ci
mərtəbəsində yaşayıram. Qocalanda adam
şəhəri gəzə bilmir. Ancaq buradan baxanda
bütün Bakını görürəm, ürəyim
açılır.
-
Yaradıcılığınız haqqında sənədli
film çəkilib. Təbii ki, həyatınızın
çox kiçik anları o filmdə əksini tapıb.
İndiki yaşamınızla bağlı həmin ekran
işinə nəyi əlavə etmək istərdiniz?
- Mənim
haqqımda oçerklər çəkilib. O da
müəyyən dəqiqələrə hesablanıb. 30
və ya 40 dəqiqəlik bir filmə mənim 80 illik
ömrümü yerləşdirmək olarmı? Bunun
üçün gərək ayrıca vaxt ayrılsın.
1984-cü ildə Filarmoniyada bir məclis keçirildi.
Həmin məclisi lentə yazıb saxlayırlar. Deyərdim
ki, haqqımda çəkilən bütün filmlərdən
o daha yaxşıdır. Səhnədə sənət
yoldaşlarım Şövkət Ələkbərova, Sara
Qədimova, Əbülfət Əliyev oturmuşdu. Məclisi
şair Şahmar Ələkbərov aparırdı.
İnanın ki, zaldakılar durub dağılmaq istəmirdi.
Sənətin dolğun vaxtı idi. Qəfildən kiminsə
əli ilə korlandı. Musiqimizi dağıdıb
ağzını tufana çevirdilər. Sağ olsun, Mehriban
xanımı, muğamlarımıza diqqət
göstərməsəydi, bəlkə tamam məhv
olmuşdu. O, bizə çox böyük dəstək verdi.
Kamança danışan dilimdir
- Sizcə
sənətkarın yaşca, yoxsa ruhən qocalması
qorxuludur?
-
Əlbəttə ki, ruhən... Özümdən ona
görə narazıyam ki, qocalandan sonra
"əyləc"im tutmur. Hansı sözü ki, demək
olmaz, deyirəm, saxlamağa gücüm çatmır.
Mən görürəm ki, yaxşıya pis deyirlər,
dözə bilmirəm. Dərhal reaksiya verirəm. Bu da
çoxlarının xoşuna gəlmir. Əlbəttə,
istəmərəm ki, 80 yaşında düşmənim
olsun. Ancaq üzümə söyən olsa, bəlkə də
onu bağışlayaram. Musiqimizdə haqsızlıq
görəndə bağışlaya bilmirəm.
Çünki bu, xalqın əmanətidir. Xalq da öz
musiqisinə özü nəzarət eləməlidir.
- Evdə
özünüz üçün çalırsınız?
- Kamança
danışan dilimdir. Ümummilli liderimiz Heydər Əliyev
mənə "Şöhrət" ordeni verəndə
razılığımı söyləmək
üçün icazə istədim. Dedi ki, sən kamança
ilə nə lazımdırsa, hamısını demisən.
- Yubileyinizə
necə hazırlaşırsınız? Yəqin ki, Habil
kamanı üçün darıxan dinləyicilər
sizdən yenə də canlı ifa
gözləyəcəklər. Nə çalacaqsınız?
-
Xudahafizləşmək üçün lirik muğam
çalacağam. Öz təbiətimə,
sənətdən gedişimə uyğun olaraq
"Zəminxarə" ifa edəcəyəm. Bu muğam
üstündə minarələrdə azan verirlər. Qoy bu
səslə bilsinlər ki, xudahafizləşirəm...
- Niyə
belə kədərli notlarla ayrılmaq istəyirsiniz?
-
Təsəvvür edin ki, 72 ildir kamança əlimdədir. Kamança 72
illik dostumdur.
Ondan ayrılanda necə darıxmayım? Əlimə kamançanı alanda nə
uşaqlarım, nə ailəm vardı. Elə
bilirdim ki, həyatda yeganə sirdaşım
kamançadır. Ona görə də
ondan ayrılmaq mənim üçün çətindir.
- Yubileyinizə, 80 yaşınıza
arzunuz nədir?
- Açığını deyim?! Arzularım qalmayıb. Bu
sənətlə bağlı arzularımı xalqımdan da,
dövlətimdən də görmüşəm. Arzum budur ki, elə bütün xalqım mənim
kimi yaşasın. Çünki artıq
rahatlığım var. Ancaq bəzən insan
rahatlığı ömrü qurtarana yaxın tapır.
Rahatlıq tapana qədər çalışmaq, işləmək
lazımdır...
Kaspi.-2007.-26.-29 may.-S.22.-23.