Xeyrəddin Q.
Poeziya
ruhlu musiqi
... Londonda
ürəyimdə aparılan cərrahiyyə
əməliyyatından sonra yenicə İstanbula
qayıtmışdım. Çətin günlər
keçirirdim. Əhvalım da yaxşı deyildi. Televizorun
düyməsini basdım ki, görüm Azərbaycanda,
Bakıda nə var, nə yox. Gördüm Ramiz Quliyev tarı
sinəsinə sıxıb, həzin bir mahnı ifa edir.
Mənə elə gəldi ki, tar da ağlayır, onu belə
həzin səsləndirən tarzən də. Bir dəqiqədə
sanki bütün həyatım dəyişdi,
ağrıları da unutdum. Studiyaya zəng vurub ömrüm
boyu eşitdiyim ən gözəl ifalarına görə Ramiz
Quliyevə minnətdarlığımı bildirdim. Ondan
xahiş etdim ki, “Segah” muğamını çalsın.
Əlbəttə, verilən efir vaxtında bu, mümkün
deyildi. Odur ki, Ramiz müəllim böyük
ədəb-ərkanla dedi: “Mən sizə bir “Segah” borclu!”
İllər keçdi.
Doğrusu, İstanbuldan vurduğum zəngi unutmuşdum.
Muğam Teatrında keçirilən yaradıcılıq
gecəmə Ramiz müəllimi də dəvət
etmişdim. O, çıxış etdi, haqqımda xoş
sözlər söylədi və mənə İstanbul
xahişimi xatırladaraq dedi: “İndi sənin
üçün istədiyin “Segah” muğamını
çalacağam”. O, “Segah” çaldı, nə
çaldı! Həmin gecədən ən çox yadımda
qalanı da Ramiz müəllimin “Segah”ı oldu...
“... İstanbuldakı
konsertlərin birində Ramiz Quliyev C.Cahangirovun “Ana”
mahnısını özünəməxsus ustalıqla ifa
edəndən sonra - əslində, bunu çalğı adlandırmaq
düz olmazdı, çünki tar sanki dil açıb
oxuyurdu - qoca bir qadın səhnəyə qalxaraq
minnətdarlıq əlaməti kimi tarzənin əlini
öpmək istəyir. Bundan utanan Ramiz müəllim
əllərini arxasında gizlədərək qadını bu
fikrindən birtəhər daşındırır və
tanımadığı qoca ananı qucaqlayıb,
salondakılara bildirir ki, həmin qadın üçün
mahnını yenidən çalacaq. Yaşlı qadın
mizrabı ona bağışlamağı xahiş edir və
deyir ki, övladlarına vəsiyyət edəcək ki, onu
axirət dünyasına yola salanda bu mizrabı
gözünün üstünə qoysunlar... Bu epizod
İstanbulda çıxan “Axşam” qəzetində
ətraflı təsvir olunmuşdur”.
Ramiz Quliyevin 1987-ci
ildə İranda verdiyi konsertlərdən təsirlənən
böyük şair Şəhriyar isə ona belə bir
məktub göndərmişdir: “Tarix boyu yetişən min bir
çeşidli qılınc qəhrəman, şücaət
qələm, söz və saz ustadları kimi, ustad Ramiz,
sənin adını tarixdə görürəm,
Təbrizdə, qəlbimdə görürəm. Sənin kimi
bir övlad yetişdirən ana bəxtiyardır. Səni
yetirən Vətən xoşbəxtdir. Tarının
sədaları həmişə qulağımda
səslənir. Azərbaycanı mizrabının gücü
ilə dünyaya tanıdan oğul, səni bağrıma
basıb gözlərindən öpürəm!”
Ramiz Quliyev öz ifası
ilə bütün dünyanı məftun etmişdir.
1974-cü ildə ifaçıların Moskvada 20 gün davam
edən ümumittifaq müsabiqəsindən sonra RSFSR xalq
artisti N.Çaykin demişdir: “Tarzən Ramiz Quliyev xalq
musiqisinin ifasında parlaq ustalıq nümayiş etdirdi”.
“Siz, sadəcə olaraq,
muğam ifa etmədiniz, həm də bizə Azərbaycanda
olmaq imkanı bəxş etdiniz!” (RSFSR xalq artisti
V.İvaşov).
Tarzən Ramiz Quliyev
təkcə solo ifa etməmiş, o, Şərq
üçlüyü ilə dünyanın bir sıra
ölkələrində çıxış etmiş,
simfonik orkestrlərin tərkibində böyük
bəstəkarların əsərlərini yüksək
səviyyədə səsləndirmişdir. Ümumittifaq
radiosunun böyük konsert studiyasında çoxmillətli
sovet musiqisinə həsr olunmuş konsert gecəsində
F.Əmirovun, T.Quliyevin, A.Məlikovun, habelə
tanınmış rus və dünya klassik
bəstəkarlarından Çaykovski, Bize, Motsart, Qriq və
Raxmaninovun əsərlərindən nümunələri
böyük məharətlə dinləyicilərə
çatdırandan sonra rus çalğı alətləri
orkestrinin rəhbəri A.Q.Mixaylov “ilk dəfə orkestrimizin
tərkibində tar səsləndirildi. Bu, hamımızı
heyran etdi. Hərarətli, emosional, dinamik musiqi əsəri
olan “Qaytağı” çox xoşumuza gəldi” demişdir.
Ramiz Quliyevin tarı
Azərbaycanın şəhər, rayon və
kəndlərində, Filarmoniyada, Opera Teatrında, Heydər
Əliyev adına sarayda, ali məktəblərin
salonlarında, mədəniyyət saraylarında, meydanlarda,
klublarda səslənmişdir. Tarzəni hər yerdə sevmişlər,
alqışlamışlar. O, Azərbaycan tarını
Sankt-Peterburqda, Səmərqənddə, Tbilisidə, Kiyevdə,
Riqada, Daşkənddə, Ankarada, İzmirdə, İstanbulda,
Mərzində, Maltəpədə, Əfqanıstanda,
Hollandiyanın şəhərləri olan Amsterdamda, Rotterdamda,
Haaqada, İsveçdə, Berndə, Fransada, ABŞ-da,
Yaponiyada, Almaniyanın Berlin, Bonn, Nurunberq
şəhərlərində, Kərbəlada, İranın
Tehran, Təbriz, Şiraz, Məşhəd, Urmiya, İsfahan
şəhərlərində... tanıtmışdır.
Ramiz müəllim
Hollandiyada “Səni sevirəm, Hollandiya!” xalq
mahnısını ifa edərkən salondakı
tamaşaçılar ayağa qalxaraq bir səslə bu
mahnını oxumuşlar.
“Çox şadam ki,
simpozium sayəsində Ramiz Quliyevin
yaradıcılığı ilə tanış ola bildim. Onun
çıxışı sensasiya idi və
dinləyiciləri, münsiflər heyətini riqqətə
gətirdi. Gizlətmirəm, o cümlədən, məni
də”. Bu sözləri YUNESKO yanında Beynəlxalq Milli
Musiqi Şurasının üzvü, xalq musiqisinin
tədqiqatçısı İ.İ.Zemsovski demişdir.
Alman
musiqişünası ənənəvi musiqi
şurasının və musiqi cəmiyyətinin prezidenti
E.Ştokman fikirlərini belə ifadə etmişdir: “Mən
Berlində, Humboet Universitetinin musiqi şöbəsində
işləyirəm. Ərəb ölkələrinin musiqisi
ilə məşğul oluram. Azərbaycan xalqının
klassik muğamlarına yaxından bələdəm.
Səmərqənddə ilk dəfə olaraq istedadlı
tarzən Ramiz Quliyevin ifasında çox mürəkkəb
muğamların parlaq, heyranedici çalğısını
eşitdim. Onun barədə yalnız məftunluqla
danışa bilərəm. Ümid edirəm ki, tezliklə
Azərbaycana gələ biləcək, orada Ramiz Quliyevlə
yaxından tanış olacağam və bu, virtouzun ifa
tərzini öyrənəcəyəm”.
“Mən
Fransada milli elmi mərkəzdə işləyirəm. Həmçinin, Strasburq Universitetində dərs deyirəm. İran musiqisi sayəsində mütəxəssisəm. Ona görə də, Azərbaycan musiqisini və muğamlarını
sevirəm. Ramiz Quliyevin
ifası mənə xüsusi təsir bağışladı. Onun ifası,
gözəl improvizasiyası,
novator xarakteri ilə fərqlənir” (Fransız musiqişünası
Jan Dürinqi).
“Həyatımda
tarzənlərin bir çoxunu dinləmişəm,
lakin belə çalğı eşitməmişəm. Bədiilik, ustalıq
və virtouzluq baxımından onun ifası bənzərsizdir.
Bilirəm ki, ən mürəkkəb muğamları
çalmaq mümkündür,
lakin Ramiz Quliyevin simfonik orkestrlə konsertini eşitdikdə heyran oldum. O, qədim musiqi alətinin yeni imkanlarını açıb göstərdi.
Belə ustad sənətkarına görə Azərbaycan xalqını təbrik edirəm” (məşhur türk müğənnisi
Adnan Sayqun).
Parisdə çıxan “Liberasion” qəzeti isə Ramiz Quliyevi “Şərqin Paqaninisi” adlandırmışdır.
Biz bilərəkdən
böyük sənətkar
Ramiz Quliyev haqqında dünyada tanınmış sənətkarların
fikirlərini çatdırdıq. Azərbaycanın görkəmli incəsənət
xadimləri də ustad tarzən haqqında qiymətli fikirlər söyləmişlər.
Mayestro Niyazi demişdir: “Ramiz Quliyevin ifaçılıq
sənətində onun
özünəməxsus orijinal
dəst-xətti durur.
Onun ifa etdiyi muğamları
elə ilk xallardan tanımaq mümkündür.
Ramiz heç vaxt adi ifaçı olmayıb. O, tarzənlər
arasında yaradıcı
sənətkardır”. Bu fikirlər Solmaz Qasımovanın “Səslən,
tarım!” kitabında
toplanmışdır.
Niyazi, həm də “Ramizin ifasında muğamlara poeziya hopub” demişdir.
Əlbəttə, bir qəzet məqaləsi ilə Ramiz Quliyev haqqında
bütün fikirləri
çatdırmaq mümkün
deyil. Onun yaradıcılığı,
ifası, ustalığı
haqqında kitablar, yüzlərlə məqalə,
resenziyalar yazılıb,
film çəkilib. Ramiz Quliyevi
sevən minlərlə
azərbaycanlının qəlbində
nə qədər xoş sözlər var. Bu
günlərdə Filarmoniyada
görkəmli sənətkarın
60 illik yubileyi böyük təntənə
ilə qeyd edildi. Həmin gecədə iştirak
etmək, əvəzedilməz
tarzənin gözəl
ifasını dinləmək
şərəfi bizə
də nəsib oldu. Ustadın bütün vücudu,
vurduğu xallar sənətkarlıqdan, məsuliyyətdən
yoğrulmuşdu. Eşitdim ki,
o, düz bir ay fasiləsiz məşq etmiş, həmin yubileyə hazırlaşmışdır.
Bax, budur sənətkar məsuliyyəti!
İki gün əvvəl ömrü boyu zəhməti, istedadı,
qabiliyyəti, səmimiyyəti,
mehribanlığı, nəzakəti
ilə qazandığı
ad-sanın, şöhrətin
üstünə bir “Şöhrət ordeni” də gəldi. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalq artistini bir daha qiymətləndirdi.
Prezidentin bu qiyməti ümummilli liderimiz Heydər
Əliyevin ədəbiyyat
və incəsənət
xadimlərinə göstərdiyi
daimi qayğının,
böyük işinin
davamıdır. Sərəncam
Ramiz Quliyevi sevənlərin ürəyindən
oldu!
Biz də Ramiz müəllimi təbrik edən minlərlə insana qoşulur və deyirik: “Ramiz müəllim, sizi dinləmək, tarınızın
səsini həmişə
eşitmək istəyirik!
60 yaşınız
mübarək olsun!”
Yeni
Azərbaycan.-2007.-16 may.-S.8.