Şou-biznesə daha bir
ittiham
Nizami Cəfərov:
“Şou-biznes Azərbaycana sənət standartlarından uzaq
bir xaos şəklində gəldi”
Qəribə olsa da son
zamanlar hamımızada belə bir sual yaranıb - Şou-biznes
mədəniyyətimizə xələl gətirə
bilərmi?
Mövzu ilə bağlı Milli Məclısın Mədəniyyət komissiyasının sədri, Atatürk mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərovun fikirlərini öyrənməyə çalışdıq. Şou-biznesin Azərbaycana klassik formada mövcud qayda-qanunlara uyğun bir şəkildə gəlmədiyini deyən Nizamı müəllim, milli-mənəvi və mədəni sənətkarlıq təhlükəsi yaşadığımızı bildirdi: "Təcrübə göstərir ki, şou-biznes Azərbaycana sadəcə, adı şou-biznes olmaqla, sənət standartlarından uzaq bir xaos şəklində gəldi. Xaos da ilk növbədə ondan ibarətdir ki, şou-biznesin külli miqdarda maliyyə problemi var. Və həmin maliyyə problemləri hər şeydən əvvəl özünü göstərir. Şou nümayəndələrinirn vergidən yayınması, normal qazancın gizlədilməsi prosesləri baş verir. Bu qazancın gizlədilməsi prosesi də müxtəlif səviyyələrdə, o cümlədən prodakşnların istehsal etdikləri layihənin televiziyalara ötürülməsinə qədər davam edir. Özəl telekanallarımız isə bəzən bu cür zövqsüz müğənniləri və onların zövqsüz kliplərini tamaşaçıya sənət adı altında təqdim edirlər.
Göstərilən kliplərin çoxu bazar üçün istehsal olduğuna görə sənət keyfiyyəti çox aşağı olur. Keyfiyyətsiz mal da incəsənətimizə ziyan vurmaqla yanaşı, mənfi təsir göstərir. Zənnimcə şou-biznes haqqında bir qanun qəbul edilməlidir"
Nizami müəllim, əhalinin müəyyən təbəqələrini mədəniyyət ocaqlarından uzaq düşməsində günahı mədəniyyət sahəsində çalışan adamların səriştəsizliyində görmək olarmı?
Bəli bu bizim klassik mədəniyyətlə , musiqi ilə məşğul olan profesionallarımızın sənəti normal təqdim etməmələrindən irəli gəlir. Biz ilk növbədə klassik musiqini, xalq musiqisini yüksəltməliyik ki, gəlir və maraq şouya yox mədəniyyətə olsun.
Müstəqillik mədəniyyətimizə nə verdi?
Müstəqillik mədəniyyətimizə, çox şey verir. Ən azından fərdin yaradıcılıq qabiliyyətini genişləndirdi. Bu gün artıq senzura deyimi yoxdur. İncəsənətin istənilən üslubları, tendensiyaları, meylləri inkişaf edə bilər. Bir sözlə hər insan sənət yaradıcılıq baxımından nəyə qadirdirsə onu həyata keçirməyə azaddır. Bir vaxtlar dəyərli bəstəkar və cazmen Vaqif Mustafazadə də sənətində müxtəlif təzyiqlərə məruz qalmışdı. İndi isə artıq nə deyirsən de, nə istəyirsən oxu, nə istəyirsən yaz, bu baxımdan heç bir problem yoxdur. Əsas meyar gərək sənətkarlıq, peşəkarlıq olsun. Lakin şou aləmin bu səviyyəyə çatması bir az qəliz məsələdir. Çox təssüf gənclərimiz bu xəstə təsir altına tez düşürlər. Bu da gələcəkdə yaranacaq sənətin, incəsənətin, texnologiyalarını zəiflədir. Gəlin bir şeyə nəzər yetirək. Bizim orta məktəb şagirdlərimiz, xüsusilə də yuxarı sinif şagirdləri müğənni olmaq arzusundadır. Özü də mütləq şou sferasına daxil olmaq istəyirlər. Çünki orada yüngüllük, tez bir zamanda məşhurlaşmaq görürlər. Təbii ki, ifaçının burada digər maraqları da az deyil. Avtomobil, ev və xırda mənafe texnologiyaları. Ancaq bir müddətdən sonra anlayırlar ki, heç də düşündükləri kimi deyil. O zaman ayılırlar ki, artıq mövcud olduqları istedad korlanıb.
Mədəniyyətimizin maariflənməsi üçün bizə nə lazımdır?
Bizə yaxşı qanunlar, gənclərimizə isə düzgün savad lazımdır. Biz onları azad şou sferasına buraxa bilmərik. Əgər onların incəsənətə meyli, istəyi varsa bunu onlara düzgün formada aşılamaq lazımdır.
Hazırda mədəniyyətlə bağlı nə kimi yeni işlər görürsünüz?
Yeni qanunlar hazırlayırıq. Həmin qanun hardasa 10 il bundan əvvəl qüvvədə idi. Bu gün onu yenidən işləyirik. Digər tərəfdən yaradıcı təşkilatlar haqqında qanunlar yaxın günlərdə təqdim edəcəyik. Çox guman ki, qarşıdan gələn sessiyaya bu qanunlar qəbul olunacaq.
Yeni xəbər.- 2007.- 19 may.- S. 16.