Azərbaycan
Prezidenti İlham Əliyev mayın 16-da Dövlət Kukla
Teatrında, Heydər Əliyev adına Sarayda və
Dövlət Rus Dram Teatrında aparılan əsaslı
təmir və yenidənqurma işləri ilə tanış
olmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19
fevral tarixli sərəncamına uyğun
olaraq, Bakının ən böyük mədəniyyət ocaqları
əsaslı təmir
edilir və yenidən qurulur.
Bu mühüm dövlət əhəmiyyətli
işi daim nəzarətdə saxlayan
Prezident İlham Əliyev əvvəlcə
Dövlət Kukla Teatrına gəldi. Dövlətimizin başçısı
uşaqların teatra rahat gəlib-getməsini təmin etmək üçün ətrafdakı kiçik və köhnə tikililəri sökərək
ərazini abadlaşdırmaq
və səliqə-sahman yaratmaq barədə tapşırıqlar
verdi.
Binanı gəzərkən
Prezident İlham Əliyev təmir-bərpa işlərinin layihəsinə və teatrın təmirdən sonrakı görünüşünü
əks etdirən şəklə baxdı. Bildirildi ki, hazırda, əsasən, bəzək-tərtibat işləri aparılır.
Bərpaçılar divarlarda
uşaqların zövqünə
uyğun çəkilmiş
rəsmlərin orijinallığını
saxlamağa çalışırlar.
"Embawood" şirkəti
paralel olaraq sanitariya qovşağını,
kommunikasiya xətlərini,
səs və işıq sistemini də tamamilə dəyişdirir. Bütün
avadanlıq Avropanın
ən məşhur şirkətlərindən alınır.
Prezident İlham Əliyev həm də tarixi memarlıq abidəsi kimi tanınan bu binanın tamaşalara gələn uşaqların
ürəyincə olması
üçün təmir-bərpa işlərinin yüksək səviyyədə
davam etdirilməsini tapşırdı.
***
Dövlətimizin başçısının
sərəncamına əsasən
təmir-bərpa və yenidənqurma işləri
gedən mədəniyyət
ocaqlarından biri də Heydər Əliyev adına Saraydır. Ulu öndərin saysız-hesabsız yadigarlarından
biri olan bu saray 35 il
ərzində ilk dəfədir əsaslı
şəkildə yenidən
qurulur. Prezident İlham Əliyev təmir-bərpa işləri yenicə başlananda da buraya gəlmiş, görüləcək işlərin
layihəsi ilə tanış olmuşdu.
Dövlətimizin başçısına
ötən aylarda görülmüş işlər
barədə məlumat
verildi. Bildirildi ki, təmir-bərpa və yenidənqurma ən müasir texnologiyalar əsasında aparılır,
mütəxəssislər konstruksiyaların
və mühəndis qurğularının faktik
vəziyyətini ekspertizadan
keçirdikdən sonra
təmir işlərinin
mexanizmi müəyyənləşdirilir.
Sarayın əsaslı
şəkildə yenidən
qurulması işlərini
bu sahədə kifayət qədər təcrübəsi olan
"Azəraqrartikinti" Səhmdar
Cəmiyyəti və
Türkiyənin tanınmış
"Pim proje" şirkəti görür.
Səhnə və salonun işıqlandırma,
səs sistemləri tamamilə yeniləşdiriləcəkdir.
İstilik və havalandırma avadanlığı
da dünyanın tanınmış firmalarından
alınır. Bəzək
və tərtibat işlərində də xaricdən gətirilmiş
materiallardan istifadə
olunacaqdır. Yenisi ilə əvəz ediləcək oturacaqlar sökülmüş, kommunikasiya
xətlərinin və
sanitariya qovşağının
quraşdırılmasına başlanmışdır.
Prezident İlham Əliyev Sarayın fasadında edilən dəyişikliklərlə də
maraqlandı, binanın
daha baxımlı və əzəmətli görkəm alması üçün hər bir işi dəqiqlik
və incəliklə
görməyi tövsiyə
etdi.
***
Daha sonra Dövlət Rus Dram Teatrına gələn Prezident İlham Əliyevə məlumat verildi ki, digər teatrlardan fərqli olaraq, bu binanın
tamaşa salonunun tavanı qəza vəziyyətində idi.
XIX əsrin sonlarında
tikilmiş bina ayrı-ayrı dövrlərdə müxtəlif
funksiyaları yerinə
yetirmiş, ötən
əsrin 20-ci illərində
isə teatra çevrilmişdir. Uzun illər təmirsiz qalması binanın bərbad hala düşməsinə səbəb
olmuşdur. Prezidentin məlum sərəncamına
əsasən aparılan
təmir-bərpa işləri teatrın binasına ikinci həyat verəcəkdir. Bütün mühəndis-texniki qurğuları, işıqlandırma, səs
sistemləri tamamilə
dəyişdiriləcəkdir. Elektrik, rabitə, yanğın təhlükəsizliyi
xəbərdarlığı, ümumi havalandırma sisteminin, qazanxananın avadanlığı dünyanın
məşhur şirkətlərindən
gətirilir. Təmir-yenidənqurma işlərini
"Nurgün" inşaat
şirkəti yerinə
yetirir.
Prezident İlham Əliyev binanın köhnəliyini nəzərə
alaraq tikinti texnologiyasına diqqət yetirməklə, teatrı
ən müasir səviyyədə təmir
etmək barədə
tapşırıqlar verdi.
Teatrın bədii rəhbəri və baş rejissoru, xalq artisti Aleksandr
Şarovski mədəniyyətə,
incəsənətə, sənət
adamlarına həssas
münasibətə görə
dövlətimizin başçısına
minnətdarlığını bildirdi.
Azərbaycan.-2007.-17 may.-S.1-2.