Mehdixanlı T.

 

Ehtiramla anılan sənətkar

 

Həsən  Əbluc  altmış beş il əvvəl qədim Təbriz şəhərində anadan olmuşdur. Körpə vaxtında valideynləri Bakıya gəlmişdilər. Çətin dolanışığa, güzərana baxmayaraq, o, orta məktəbi başa vurub Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində oxumuşdu. Sonralar müxtəlif xarakterli obrazlar qalereyası yaratmış aktyor, bədii qiraət ustası, bacarıqlı pedaqoq kimi tanındı. Əməkdar artist fəxri adına layiq görüldü. Sadəliyi,  qayğıkeşliyi  ilə fərqləndi. Ancaq bəzən  qəmli-qüssəli  olardı.

"Təbrizim, Təbrizim,  gözəl  Təbrizim"  misrası  dilindən düşməzdi.

O, sadə, səmimi olduğu qədər ciddi xarakter sahibiydi. Kövrək qəlbi, zərif ürəyi, incə duyumu vardı. Yazıçı-şairlərin sevimlisiydi. Xalq şairi Süleyman Rüstəmin "Təbrizim" şeirini hər dəfə səsləndirəndə müəllif kövrələrdi, dinləyicilər . Çünki Həsənin səsində intizarın yanğısı, vüsalın həsrəti, nisgilin göynərtisi vardı.

Tələbəlik illərindən teatr sənətimizin korifeyləri Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov Həsənin xətrini çox istəyirdilər. Ali təhsilini başa vuran il onu Gənc Tamaşaçılar Teatnda aktyor kimi qəbul etdilər. Xarakterinə, zövqünə, dünyagörüşünə uyğun rollar oynadı. Xalq artisti, rejissor Ağakişi Kazımov Həsən Əblucu belə xatırlayır:

- Ötən əsrin 70-ci illəri Gənc Tamaşaçılar Teatrının inkişaf dövrü olub. Xuraman Qasımova, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynaga Sadıqov, Tariyel Qasımov kimi sənətkarlarımız teatrda fəaliyyət göstərirdilər. Ancaq Həsən Əblucun özünəməxsus dəst-xətti vardı. Saatlarla məşq edərdi. Etibar olunan rolun taleyini yaşayardı. "Komsomol poeması" tamaşasındakı ifası teatrsevərləri valeh etmişdi. Onun aktyorluq istedadına söz ola bilməzdi. O, istedadlı qiraət ustası idi. Bəxtiyar Vahabzadənin şeirlərini necə ustalıqla söylərdi:

Arazın o tayı Vətənim, bu tayı Vətənim,

Vətəni görməyə yox ümidim mənim.

 Həsən  Əblucun  aktyorluq fəaliyyətinin çox hissəsi "Azərbaycanfilm" kinostudiyası və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə bağlı olmuşdur. Yüzdən artıq bədii filmin ana dilimizdə səsləndirilməsində iştirak etmişdir. Uzun illər televiziyanın Ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru işləmiş, unudulmaz aktyorla sıx yaradıcılıq əlaqəsi saxlamış əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Nahid Hacızadə deyir:

- O, istedadlı aktyor, bədii qiraət ustası idi. Sevdiyi sənət onun əlindən tutub irəliyə aparardı. Yazıçı İsi Məlikzadənin "Qatarda" əsəri əsasında rejissor, xalq artisti Ramiz Həsənoğlunun lentə aldığı eyni adlı tamaşaya hər dəfə baxanda istər-istəməz kövrəlirəm. Həsən teletamaşada tərəf-müqabillərinə - Yaşar Nuriyə, Hamlet Xanızadəyə nisbətən fəal deyil. Lakin baxanlar ilk andan hiss edirlər ki, o, cərəyan edən hadisələrə münasibətini büruzə verməsə , rastlaşdığı neqativ hala qarşı biganə deyil. Onun sükuta dalması, alnını ovuşdurması əsl sənətkar əlamətləri kimi yadda qalır.

H.Əbluc Mədəniyyət incəsənət Universitetində səhnə danışığından dərs deyərdi. O, ömrünün bəxtəvər çağlarını yaşayanda heç inanmadığı müsibət baş verdi: sabiq sovet silahlı qüvvələri Bakıya yeridildi, dinc, silahsız soydaşlarımız amansızcasına qırğına məruz qoyuldu. Bu vəhşiliyin qurbanı olmuş şəhidlərin məzarları önündən o, saatlarla ayrılmazdı. İçin-için yanardı. Gördüyü "qırmızı tabutlar" onu şam kimi əridərdi. Ömrünün ən çiçəklənən, yaradıcılığının inkişaf edən dövründə iztirablara, həyəcanlara dözə bilmədi.

Həsən Əbluc son nəfəsinə qədər Təbrizə getmək, göz açdığı diyarı görmək həsrətiylə yaşadı. Amma... O, artıq 13 ildir ki, cismən aramızda olmasa da, xatirəsi həmişə onu sevənlərlə birgədir. Aktyorluğunu, pedaqoji fəaliyyətini, insanlığını uca tutanlar indi onu ehtiramla yad edirlər.

 

Azərbaycan.- 2007.- 3 may.- S. 11.