Mehdixanlı T.

 

Mənalı yaşanan ömürlər

 

135 il yol gələn milli teatrımızın, 109 yaşlı kino sənətimizin fədailəri olub, hazırda da bu sahədə həvəslə çalışanlar var. Vaxtilə səhnəyə çıxmaq, müxtəlif səhnəciklər göstərmək heç birmənalı qarşılanmırdı. Ömür-günlərini teatra bağlayanlar təhqir, təqib olunurdular. Lakin o insanlar amallarından dönməyiblər. Ekran əsərlərini araya-ərsəyə gətirmək üçün minbir zillətə qatlaşıb, nəticədə zəhmətlərinin bəhrəsindən seviniblər. Bu gün həmin insanlar unudulmurlar. Adları tarixə düşür, fəaliyyətləri barədə monoqrafiyalar, tədqiqat xarakterli məqalələr yazılır. Həmkarımız Mehdi Mükərrəmoğlunun yenicə işıq üzü görmüş "Ömrün çarpaz rakursları" kitabı da bu baxımdan xarakterikdir.
Oxucular toplu ilə ilk tanışlığa İlham Abbasovun ön söz əvəzi qeydləri ilə başlayır: "Mehdi Mükərrəmoğlu müxtəlif peşəli kino sənətkarlarına həsr olunmuş portret-oçerklərində ümumi mülahizələrdən daha çox özünün şəxsi müşahidə təəssüratlarına əsaslanır". Müəllifin bu fikrini oxucular tərəddüdsüz qəbul edir. Çünki Mehdinin haqqında söz açdığı ifaçının fototəsviri olmasa da, söhbətin kimdən getdiyi elə ilk cümlədən duyulur. Məsələn, "Qəlbində ölüm ağrısıE" yazısında əgər istedadlı rejissor Lətif Səfərovun şəkli olmasaydı da, oxucular hiss edərdilər ki, söhbət kimin yaradıcılığından gedir. M.Mükərrəmoğlu vurğulayır ki, Lətif müəllim təkcə "Bəxtiyar" bədii filmini ekranlaşdırsaydı, yenə adı kinomuzun tarixinə yazılardı. Ona görə ki, bu ekran əsəri dünyanın əksər ölkələrində uğurla nümayiş etdirilib. Unudulmaz ifaçı, Bəxtiyar obrazını bənzərsiz yaradan Rəşid Behbudov isə deyərdi: "Qərib ölkələrə səfərlərə gedən zaman qeyri-rəsmi görüşdüyüm adamlar mənə "Bəxtiyar" deyə müraciət edərdilər. İnciməzdim, əksinə, sevinərdim. Lətif müəllimə qarşı istəyim birə-beş qat artardıE"
Azərbaycan teatr, kino sənətində böyük xidmət göstərənlərdən biri xalq artisti, müəllif yazdığı kimi, "Qəlblərdə yaşayan sənətkar" Ələsgər Ələkbərov olub:
"O, 50-dən artıq obrazlar qalereyası yaradıb. Aktyorun səhnədə görünməsi əslində tamaşanın taleyini həll edərdiE" İstər-istəməz sual yaranır: bəs ekranda necə? Suala cavabı "Böyük dayaq", "Fətəli xan", "Uzaq sahillərdə" başqa filmlərdə axtarmaq, aktyorun necə məharətlə oynadığı rolları xatırlamaq kifayətdir.
"Ömrün çarpaz rakursları" kitabında "Öz havasına oynayan adam" yazısı maraqla oxunur. Burada söhbət sevimli aktyor, rejissor, pedaqoq, təşkilatçı Adil İsgəndərovdan gedir. Onun Azərbaycan teatr, kino sahəsində xidmətləri bənzərsizdir. Müəllif görkəmli şəxsiyyətin taleyinə, yaradıcılığına, əziz xatirəsinə işıq salır: "Adil İsgəndərovun yaradıcı irsi doğrudan da, əsil məktəbdir. Onun yetirmələri hələ çox-çox illər kino-teatr sənətimizi yaşatmaq, ucaltmaq qüdrətinə malikdir". Adil İsgəndərov ömrünün 42 ilini sənətə, sənətkarların yetişməsinə sərf etmişdi. Onun adı, səriştəsi, insani, yaradıcılıq keyfiyyətləri dünən , bu gün , sabah da milli teatrımızın, kinomuzun inkişafı uğrunda hörmətlə çəkilib, inanırıq ki, bundan sonra da belə olacaq. Ümumiyyətlə, "Ömrün çarpaz rakursları" kitabında gərgin əməyi, axtarışları ilə şöhrət qazanmış teatr-kino xadimlərimizin fəaliyyətlərindən ətraflı məlumatlar verilib. Müəllifin "Lal çinar" "Bütün bunlardan sonra..." ssenariləri maraqla oxunur.

Azərbaycan.-2007.-20 may.-S.6.