Məhərrəmova T.
Bizim aramızda xoşbəxt adam ola
bilməz
Samir Qulamov, aktyor-reyissor: "Cəmiyyətə
demək istədiklərimi
kiminsə dilindən deməyə
çalışmışam"
Artıq
sevinməyə dəyər: gənclər teatr aləminə
yeni ifa tərzləri, yeni yozum gətirirlər. Teatra yeni
nəfəsin gəldiyini yalnız indi-indi hiss etmək olur. İnanmaq olar ki, belə davam edərsə,
köhnə teatr "ənənə"lərinin
zəncirləri məhz onların istedadlarının
gücü ilə qırılacaq.
Bu sözlərin
reallığına inanmaq üçünsə Akademik Milli
Dram Teatrının səhnəsində ötən ay
premyerası keçirilən Viktor Hüqonun
"Kvazimoda"sını görmək kifayətdir. Tamaşanın
quruluşçu reyissoru Samir Qulamov "Kvazimoda"ya
qədərki yoldan söhbət açır.
- "Kvazimoda"
tamaşası reyissor kimi ilk işiniz idi?
- Bundan əvvəl
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
Sumqayıt Dram Teatrında Nodar Dumbadzenin "Ağ
bayraqlar" adlı əsərini tamaşaya qoymuşam. Daha sonra Namiq Qurbanovun "Məbəs"
tamaşasını səhnələşdirmişəm.
"Azdrama"nın səhnəsində
ilk premyeram "Məbəs" olub. Aprelin əvvəlində
isə "Kvazimoda"nı tamaşaya
qoydum. Onu da deyim ki, 27 yaşına qədər
heç bir tamaşa qoymamışdım. Nazirlik bu eksperimenti gənc reyissor kimi ilk dəfə
mənimlə həyata keçirdi. Maqbet Bünyadov
ictimai baxış zamanı dedi ki, "Azdrama"nın tarixində ilk dəfədir ki, gənc
reyissora tamaşa verilir.
- Reyissor kimi işinizdən
razı qaldınızmı?
- Təbii ki, heç bir
işindən razı qalmırsan. Getdikcə
daha çox öyrənməlisən. Rusiya
teatrları haqqında kitablar almışam. Əgər mən işimdən razı qalsam,
elə bu səviyyədə də qalaram. Tamaşaçılar
da, tənqidçilər də tamaşaya çox
yaxşı qiymət verdilər. İctimai
baxış günü sənətşünas Aydın
Dadaşov hətta məni dramaturq kimi təbrik elədi.
Çünki tamaşaya İblis obrazı
əlavə etməklə, ona monoloqlar yazmışdım.
- Məşhur bir
əsərə bu əlavələr nəyə lazım idi?
- Fikirləşirdim ki, Allah
adamı olan şəxs bir qıza görə
Tanrısından uzaqlaşırsa, bunun bir səbəbi
olmalıdır. Əsərdəki Baş
təlxək obrazını həm də İblis kimi
vermişdim. İblisin timsalında Baş
təlxək daha da böyümüşdü.
- Klassik ədəbiyyatda
İblis, Şeytan obrazlarına kifayət qədər
çox müraciət olunub. Obraz
vasitəsilə sizin konkret hədəfləriniz
vardımı?
- Təbii ki,
cəmiyyətə demək istədiklərimi kiminsə
dilindən deməyə çalışmışam. Əsərdə bir epizodda deyirdim ki,
aşağıda çox vəhşiləşmiş insanlar
var. Aşağı düşsən, səni
parçalayıb öldürərlər. Həmin epizodda demək istəyirəm ki, nə
olsun ki, mən eybəcər doğulmuşam, amma mən
insanam. Nə olsun ki, onlar
gözəldirlər, ancaq vəhşidirlər. Bir də mən İblisdən ona görə
istifadə eləmək istədim ki, ən böyük arzum
Hüseyn Cavidin "İblis" tamaşasını qurmaq
idi. Mən bu arzumu Mədəniyyət
Nazirliyinə də bildirmişdim. Dedilər
ki, "İblis"ə qədər hansısa əsəri
məşq elə. Mən də
"Ağ bayraqlar"ı seçib "İblis"ə
qədər bu əsəri məşq etmək istədim.
- Bu tamaşadan sonra rəylər
necə oldu?
- Çox xoşlarına
gəldi. Tamaşanı festivalda da oynadım
və iki diploma layiq görüldüm. Yəqin
bəyəndilər ki, sonradan "Kvazimoda"
tamaşasını mənə dövlət sifarişi kimi
həvalə elədilər. Yəqin
bəyəniblər ki, indi də Rusiyaya oxumağa
göndərirlər. Gərək ki,
Sant-Peterburqda teatr reyissorluğu üzrə təhsil
alacağam. Bundan əlavə, Beynəlxalq
Kino Məktəbinin kinoreyissorluq fakültəsinə daxil
olmuşam.
"Mənim
dostlarım..."
- Siz sənətə aktyor
kimi gəlmisiniz. Bəs hələ aktyor kimi
sözünüzü tam deməmiş reyissorluq həvəsi
hardan yarandı?
- O vaxt bizdə kinoreyissorluq
fakültəsinə cəmi 4 nəfər qəbul oluna
bilərdi. Bizə deyirdilər ki, həmin
fakültəyə daxil olmaq çətindir. Onu da bilirdim ki, yaxşı reyissor olmaq
üçün aktyorluqdan başlamalısan.
Çünki ilk növbədə aktyoru hiss etməlisən. Mən bəzən kiməsə obrazı başa
salanda onu oyunumla göstərirəm. Məşhur
reyissor Sled Dodin deyir ki, reyissor aktyorlarla bərabər
səhnədə olmalı, ayağını-ayağı
üstə aşırıb məşqə
baxmamalıdır. Yeri gəldikdə,
oynayıb aktyora göstərməlidir. Aktyor reyissorun
nəfəsini səhnədə hiss etməlidir. Ona görə də mən ilk növbədə
aktyor olmaq istədim. Mehdi Məmmədov, Ədil
İsgəndərov da aktyor olublar. "Dirilən adam"ı oynayana qədər
özümü heç vaxt yaxşı aktyor kimi qəbul
etmirdim. Çünki bizimlə
işləyən yox idi. Oturub
ayaqlarını-ayaqlarının üstünə
aşırıb mənə mizan verirdilər. Nəyi bacarırdımsa, onu özüm edirdim.
Tələbə auditoriyasından
səhnəyə gəlmişdim, nəyi bacara bilərdim ki?
Düzdür, müəllimlərimdən
çox şey öyrənmişdim. "Azdrama"nın səhnəsi üçünsə az
şey bilirdim. Mən yalnız "Dirilən adam"
tamaşasında aktyor kimi yaşadığımı -
ürəyimin səhnədə necə döyündüyünü,
damarlarımda qanımın necə axdığını hiss
elədim. Tamaşaçılar da durub alqışlayanda hiss
edirdim ki, gənc aktyor kimi nəyəsə nail oluram. Kinolara da çox çəkildim. Reyissor kimi bir çox sənədli filmim
göstərildi. Ancaq mən
səhnədə 30 yaşıma qədər Aydını,
Hamleti oynamaq istəyirdim. Ona görə
də indi öz tamaşamda baş rol verdiyim aktyorları
görəndə öz timsalımda sevinirəm. Mənimlə yaxşı işləyə
bilməmişdilər, ancaq mən onlarla
işləməyə çalışıram.
- Bir neçə il bundan əvvəl müsahibələrinizin
birində demişdiniz ki, reyissorlar adətən rolları
yaşlı aktyorlara verirlər ki, onlarla işləmək
daha asandır. Siz bu acını
yaşadığınız üçün cavanlarla
işləməyə daha çox üstünlük
verirsiniz?
- Mənim tamaşamda
təkcə Ayşad müəllimlə Firuz Xudaverdiyev
yaşlı nəslə aiddir. Qalanları
hamısı gənclərdir. Mən
həmişə görürdüm ki, cavan əsgəri,
baş qəhrəmanı 50 yaşlı aktyor oynayır.
İlk dəfə zalda tamaşaçı kimi
oturub baxanda tamaşaçıların "bunlar bizi
ələ salırlar" - deyə iradlarını da
eşidirdim. Təsəvvür edin, 18 yaşlı bir
obrazda ağ saçlı bir kişi
səhnəyə çıxır. Mən bu
iradları eşidə-eşidə qərara aldım ki, 20
yaşında obrazı 20 yaşlı oğlan da
oynamalıdır. Bundan sonra
gənclərlə işləməyə başladım.
Özü də elə adamlarla işlədim
ki, ömrü boyu onlara rol vermirdilər. Nə
vaxta qədər boy-buxunlu, içi dolu bir gənc
səhnədə nizə tutmalıdır? Onu da deyim ki, "Azdrama"da 11 aktyor
"Kvazimoda" tamaşasında oynamaqdan imtina etdi. O
adamlar imtina elədi ki, onlar mənim dostlarım idi. İndiyə qədər çəkdiyim
bütün filmlərdə onların hamısından
istifadə etmişdim. Bəzilərini
verilişimə qonaq da çağırmışdım.
Tamaşanın təsdiq olunması haqqında
əmr divara vurulana qədər onlar məndən rol
istəyirdilər. Baş rolu
vermədiyimə görə məşqlərdən imtina
etdilər. Guya Aslanla, Vəfa ilə, İlyasla
oynamağı qəbul etmək istəmirdilər. Ona görə də mən başqa teatrların
aktyorlarından tamaşamda oynamağı xahiş etdim.
Sumqayıt Teatrından Cəlalı, Gənclər Teatrından
Ayşad müəllimi,
İctimai
baxış günü nazirlikdən nümayəndə
də gəlmişdi. Həmin aktyorlardan bəziləri söz
alaraq: "Samir bu tamaşanı bizimlə də qursun, dubylor
kimi oynayaq" - dedilər. Ona sevinirəm ki, Yaşar Nuri,
Siyavuş Aslan, Ramiz Novruz kimi aktyorların hər biri
mənə deyirlər ki, böyük məmnuniyyətlə
səninlə işləyərik. Rəşid
Səməndər deyir ki, böyük məmnuniyyətlə
sənin quruluşunda Napoleonu oynamaq istərəm. Hicran
Nəsirova ictimai baxışdan sonra mənə
yaxınlaşaraq: "Böyük məmnuniyyətlə
sənin quruluşunda "Maqbet"də ledi Maqbeti
oynayaram" - deyə bildirdi. Mənə
xoşdur ki, 29 yaşlı reyissora artıq bu cür
təkliflər edirlər.
Qısqanclıq
- Reyissor amiranəliyi
deyilən bir fikir var. Məşq prosesində
özünüzdən qat-qat yaşlı aktyorlarla necə
davranırsınız?
- Belə bir söz var:
"Reyissor səhnədə qəddar olmalıdır,
üzüyumşaq olsa səhnədə heç vaxt
yaxşı tamaşa hazırlaya bilməz". Maqbet
müəllim: "Siz Samirin xasiyyətini bilmirsiniz, o,
səhnədə kobud olur" - deyə aktyorları
xəbərdar elədi. Ayşad müəllim dedi ki,
mənə xoşdur, sevinirəm ki, o, belə işləyir. Məşq prosesində Ayşad müəllimlə
çox hörmətlə danışırdım,
gənclərin isə üstünə qışqıra bilirdim.
Firuz müəllim də mənə yaxınlaşaraq:
"Mənim üstümə səsini qaldır. Hiss
edirəm ki, sən mənə çox şeyi deyə
bilmirsən" - dedi. Düzdür, səsimi
qaldırmasam da, nə lazımdırsa deyirdim. Ancaq təhqir eləmirdim, özüm aktyor
olduğum üçün başa düşürəm ki,
aktyoru təhqir etmək olmaz.
- Bəzən reyissorlar
qurduqları tamaşada aktyor kimi özlərinə baş rol
verirlər. Bir dəfə demişdiniz ki, Hamleti
oynamaq istəyirsiniz. Əgər
"Hamlet"i səhnələşdirməli olsanız, baş
rolu özünüzə həvalə edərsiniz?
- Yox, bu mənim
əvvəllər arzum idi. Hansısa bir
reyissorun quruluşunda Hamleti oynamaq istərəm.
Əgər özüm qurduğum tamaşada Hamleti oynasam, ola bilər ki, məşq prosesində
hansısa aktyor yerində olmaz. Onun oynunu
nəzərimdən qaçıra bilərəm. Fikrim obrazda qalar, aktyorlara nəzarət edə
bilmərəm. Nəticədə
tamaşa itirər. Bəlkə də
mən Hamlet obrazı qazanaram, amma əvəzində çox
şey itirə bilərəm. Mən
istəyirəm ki, ən arxa plandakı aktyor da boş
dayanmasın, oynasın.
- Dini tamaşalarda
iştirakınız İslama
bağlılığınızdan irəli gəlir? Yoxsa sadəcə, qonorar xatirinədir?
- Mən mömünəm,
dini kitablar oxuyuram. Mənə elə gəlir
ki, İslamı bilmədən insan şüuru tam
kamilləşmir. Üç il bundan
qabaq "Zaman" Teatrının "Zeynəb"
tamaşasında oynadım. Onlar mənim
"Ağ bayraqlar" tamaşamı görəndən sonra
Peyğəmbərlə (ə.s.ə.) bağlı
"Məbəs"i səhnələşdirmək
üçün məni dəvət elədilər. Bəlkə də dinə yaxınlığım
tamaşa qoymağımda kömək edir. İş elə gətirdi ki, "Məbəs"
ilk tamaşam oldu. İlk tamaşamın
xeyir-duasını bu tamaşa ilə aldım. Çox maraqlıdır ki, "Kvazimoda" aprelin
27-si, bu tamaşadan sonra isə "Məbəs"
oynanmalı idi. Ancaq iş elə gətirdi ki,
"Məbəs" "Kvazimoda"dan qabağa
düşərək aprelin 2-də oynandı.
- Paralel surətdə iki
tamaşanın hazırlanması hardasa işinizdə,
düşüncənizdə haçalanma yaratmırdı ki?
- Tamaşanın
vaxtlarını bölmüşdüm. Fikir gərginliyi
təbii ki, olurdu, hər an beynim yorulurdu. Ona görə də məşqlər arasında
müəyyən fasilə yaradırdım ki, beynim
dincəlsin.
-
"Kvazimoda"dan sonra aktyorların, tənqidçilərin
tamaşaya münasibətindən danışdınız. Bəs
reyissor həmkarlarınızın rəyləri necə oldu?
Onlarda qısqanclıq yaranmadı ki?
- Qısqanclıqla
yanaşanlar da oldu. Təbii ki, ən çox
uğuruma sevinən müəllimim Azərpaşa Nemətov,
reyissor Əsgər Əsgərov oldu. Ağakişi
Kazımov da məni təbrik elədi. Ancaq
o biri reyissorları sevinən görmədim. Düzdür, hamısı məşqlərimə
baxırdılar. Bəlkə də onlar
artıq pafos teatrının məhv olduğunu
gördülər. Aydın Dadaşov birinci premyeradan
sonra qulağıma dedi ki, bunlar hələ dərk
eləmirlər ki, sən Milli Dram Teatrını naftalindən
çıxartdın. Bəlkə də dərk
edirlər, sadəcə, özlərini elə
göstərirlər. Nə vaxta
qədər səhnəyə pafosla çıxmaq,
boğazdan yuxarı qışqırmaq olar? Artıq o dövr çoxdan getməli idi, ancaq
belə oldu ki, mən buna imza atdım. Tamaşa
qurmağımıza da imkan vermirdilər. Rəhbərliyin
özü də imkan vermirdi. Maqbet müəllim
mənə dedi ki, niyə müsahibə verəndə daha
çox nazirliyin adını çəkirsən, mənim
yox? Cavab verdim ki, sizin də adınızı
çəkmişəm, ancaq siz mənim üçün
nə etdiniz ki? Axı, siz mənim
üçün nə etdiniz ki, sizə ürəklə
təşəkkür də edim? Bir saat 20
dəqiqə məşq etdikdən sonra bizi zaldan
çıxarırdılar. Mən
çox da şikayət eləmirdim. Nazirlikdən
maraqlananda deyirdim ki, çox yüksək səviyyədə
gedir. Aktyorlar kənardan gəldiyi
üçün onları teatra buraxmırdılar. Qapıçıya oynayacaq aktyorların
siyahısını vermirdilər.Tamaşaların
afişalarını da şəhərdə axşam
çıxıb özümüz yapışdırırdıq.
Tamaşaların dekorasiyalarını,
paltarlarını, eskizini özümüz
hazırlayırdıq. Amma indi direktorumuz
qəzetlərə müsahibəsində deyir ki
gənclərə yer vermişik, "Kvazimoda" kimi
gözəl bir tamaşa hazırlamışıq. Mənsə deyirəm ki, siz imkanı
yaratmadınız, o azadlığı mən özüm
aldım. Biz institutda oxuyanda "Azdrama"nın səhnəsində yeriməyi
arzulamışdıq, ancaq bu yeriməyi də bizə
çox görürdülər. Nə vaxta
qədər pərdə açılanda
tamaşaçılar eyni simaları görəcək? İndi isə nazirlik gənclərə yol
açıb.
- Sizə elə gəlir ki,
artıq bu tamaşa ilə "Azdrama"nın
səhnəsinə çıxmağın tilsimlərini
həmişəlik qırmısınız? Bundan
sonra səhnədə nəinki yeriyə, hətta
yüyürə də biləcəksiniz?
- İnşallah,
bizə dövlət sifarişi ilə tamaşalar
verilməlidir. Hətta nazirlik tərəfindən
rayonlara gənc reyissorlar göndəriləcək ki,
onların içində mən də varam. Mən Lənkəran Dram Teatrını seçdim.
Arzum o teatrın səhnəsində "Oqtay
Eloğlu"nu hazırlamaqdır. Bir
neçə variantım var. Yanna d'Arkı da hazırlamaq
istəyirəm. Yaşar Nuri
üçün bir aktyorun monoloqunu hazırlamışam.
Xoşbəxtlik haqqında
yaza bilmirəm
- Bir dəfə də
demişdiniz ki, kinoda sərkərdə rolunu oynamağı
arzulayırsınız. Gərək ki, bununla
bağlı reyissorlardan təklif də
almışdınız. Həmin
layihənin taleyi necə oldu?
- Bu, "Cavad xan" filmi
idi. Mənim tərəfimdən maneələr
oldu. Bilirsinizmi, məni heç vaxt pul
maraqlandırmayıb. Müqavilədəki
şərtlər heç də aktyorun xeyrinə deyildi.
Heç olmasa, o şərtlərdən bir
bəndi aktyorun xeyrinə olmalı idi. Aktyorla
bu qədər kobud rəftar eləmək olmaz. Məsələn, müqavilədə
çəkiliş gününün müddəti
göstərilmirdi. Hətta, onların
icazəsi olmadan Gəncədən Bakıya gələ
bilməzdim. Filmin
çəkilişləri aylarla davam etsəydi belə,
mən Gəncədə və ya Zaqatalada qalmalı idim.
Bundan əvvəl Eldar Quliyevin və Vaqif
Mustafayevin filmlərində çəkilmişəm. Onlar aktyorun çəkiləcəyi konkret
günü deyirlər. Çünki
mənim başqa işlərim də var. Müqavilənin
şərtləri sərf etmədiyi üçün
filmdə iştirakdan imtina etdim.
- Yaxşı,
"Kvazimoda" kimi ağır bir tamaşa hara, klipmeykerlik
hara?
- Heç vaxt klip reyissoru
olmağı arzulamamışam. Klipi də
kinoreyissorluq arzumu gerçəkləşdirmək
üçün çəkirdim. Sanki
hər dəfə böyük bir filmin məşqlərini
edirdim. Çünki o klipləri süyet
xətti ilə çəkirdim. Bir də
ki, mən təkcə klip çəkməmişəm.
İctimai Televiziyada Hamlet Xanızadə,
Vəfa Fətullayeva haqqında, o cümlədən bir
çox rəssamlar barəsində sənədli filmlər çəkmişəm.
"İdeal" verilişinin müəllif
və reyissoru, "Həmsöhbət" verilişinin
reyissoru olmuşam. Eləcə də
"Srace", "Lider" televiziyalarında
verilişlər hazırlamışam. Çox
maraqlıdır ki, apardığım layihələri
heç bir problem olmadan təsdiq ediblər. Ancaq heç vaxt televiziyaya sonadək bağlanmaq
istəməmişəm. İndi də
televiziyaya daimi bağlanmamaq şərtilə
müəyyən sənətkarlar haqqında verilişlər
hazırlamaq istəyirəm.
Məni maliyyə o qədər də
maraqlandırmır. Çünki kənardan da qazancım olur.
Özünüz bilirsiniz ki, teatrda maaş azdır. Ancaq teatr aktyoru da, reyissoru da özünə
çox bağlayır. Doğru
deyiblər ki, teatr bataqlıqdır, insanı çəkir.
Mən Sumqayıt teatrında tamaşa
qurmağa gedəndə bilirdim ki, orda böyük bir
məbləğ qazanmayacağam. Bir aydan
çox məşqlərə getdim və mənə cəmi
200 manat pul verdilər. Bunun
əvəzində isə ən azı 5-6 klipdən imtina
elədim. Hansı ki, o kliplərdən
yaxşı pullar qazana bilərdim.
-
"Həyatımda adi insanlardan fərqli olan qeyri-adi
günlərim çoxdur. Hər
günümü yazmaq ürəyimdən keçir".
Bu da sizin sözlərinizdir.
- Hər günümü
yazıram. Allah deyir ki, əgər məni
güldürmək istəyirsənsə, planlarından
danış. Ona görə də plan
yazıram. Məsələn, reyissorluqla
bağı arzularımın belə tez həyata
keçəcəyinə inanmırdım. Məsələn, planlarımda yazmışdım
ki, imkan versələr, 29-30 yaşımda ilk tamaşamı
hazırlayaram. Ancaq iş elə gətirdi ki, 27
yaşında "Ağ bayraqlar"ı, "Kvazimoda"nı isə 29 yaşımda hazırladım.
- Vaxtilə şeirlər
də yazırdınız. Deyirdiniz ki,
şeirlərinizin əsas mövzusu sevgidəndir, nə
qədər fikirləşsəniz də, xoşbəxtlik
haqqında yaza bilmirsiniz. Arzularınıza
çatandan sonra da bu barədə yazmaq çətindir?
- Yenə də
xoşbəxtlik barədə yaza bilmirəm. Xoşbəxtlik
daimi olmadığından bu barədə konkret söz
demək olmur. Axı mən tam
xoşbəxt deyiləm, necə yazım ki, xoşbəxtəm?
Tutaq ki, bu gün bir tamaşama görə sevindim, sabah elə uğursuzluğum ola bilər ki,
düz yazmamış olaram. Bu gün yaza
bilərəm ki, xoşbəxtlik axtarıram. Bir də
ki, mən hələ həyatda tam xoşbəxt adam görməmişəm. Dostlarım
var ki, həyatda hər şeyləri var. Amma adama
ürəklərini açanda görürsən ki, sən
ondan daha xoşbəxtsən. Xoşbəxtlik
həm sevgidən tam deyil, həm də həyatdan,
işdən. Ola bilər ki, tam
xoşbəxt insan o olsun ki, özündən çəkilib
ancaq Allaha ibadət etsin. Bizim aramızda xoşbəxt adam ola bilməz. Bədbəxtliklə
xoşbəxtlik tez-tez yerlərini dəyişir. Ona görə də xoşbəxtlik haqqında
yazmaq məndə heç vaxt alınmır.
Kaspi.-2007.-12-14 may.-S.22.