Mehdixanli T.

 

Gülürdü ki, güldürsün

 

Xidmətləri milli teatrımızın tarixinə yazılmış səhnə xadimlərindən biri özünəməxsus jestləri ilə fərqlənmiş, neçə-neçə yaddaqalan obraz yaratmış Eldəniz Zeynalov olub. O, istedadını, əsərdə baş verən hadisələrə münasibətini orijinal formada tamaşaçılara çatdırardı.
Eldəniz Zeynalovun aktyorluq peşəsini seçməsi təsadüfi olmamışdı. Səhnədə, ekranda obrazlar qalereyası yaratmış görkəmli aktyor, xalq artisti Həsənağa Salayev onun dayısı idi.
Kiçik yaşlarından ürəyindən qəribə həsrət keçər, dayısı kimi alqışlanmaq, tanınmaq istərdi. Bu arzuyla da İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldu. Məşhur sənətkarlardan, pedaqoqlardan dərs aldı. Tələbəlik illərində ayrı-ayrı teatrlarda, bədii filmlərdə epizodik rollarda oynardı. Ali təhsilini başa vuranda gənc aktyoru Azərbaycan Dövlət Dram Teatrına dəvət etdilər.
Eldəniz tez-tez deyərdi: "Teatrı evim, səhnəni ailəm, oynadığım rolları övladlarım qədər sevirəm". Bəzən həyatda da yaratdığı obrazların kəlamlarını səsləndirər, gah sərt, gah da yumşaq təbiətli olardı.
Teatrsevərlərin hörmətini qazanan Eldəniz üçün əsla fərqi yox idi ki, ona əsas, ya da epizodik rol tapşırırlar. Deyərdi: "Mən aktyoram. Elə çalışmalıyam ki, fəaliyyətim kollektivin ümumi işinə kömək etsin". İlk gündən son gününə qədər 151 rol oynamışdı. Əksəriyyətində nüfuz, ad-san qazanmışdı. Ekranda yaratdığı ən uğurlu obrazlardan biri "Əhməd haradadır?" filmindəki Əhməd rolu olmuşdu. Quruluşçu rejissor, görkəmli sənətkar Adil İsgəndərov deyərdi ki, filmdə yaddaqalımlı ifaçılardan biri Eldənizdi. Onun gülüşü, bəzən məcburiyyət qarşısında qalıb ciddi görkəm alması daha çox diqqəti çəkir.
Eldənizə təbəssüm yaraşırdı. Elə hey gülərdi ki, güldürsün. Unudulmaz komik aktyorlar Əliağa Ağayev Fazil Salayevlə dostluq edərdi. Bir gün "Komediyalar aləminə səyahət" televiziya verilişinin çəkilişində Eldəniz gözlənilmədən soruşdu: " Əliağa əmi, üçün məni görəndə alça yeyən adam kimi sir-sifətini turşudursan?" Əliağa Ağayev qəfil eşitdiyi suala yarızarafat, yarıciddi cavab verdi: "Çünki səhnədə, ekranda elə hey özün gülürsən, tamaşaçılar gülmür". O da gülə-gülə dedi: "Ay əmi, axı hamı sizin kimi ustad olmazE"
Azərbaycan televiziyasının videotekasında unikal sənət nümunələri saxlanılır. "Komediyalar aləminə səyahət", "Görüşlər, xatirələr", "Yeri görünənlər", "Gülürəm ki, güləsən" bir çox başqa verilişlərdə Eldəniz Zeynalovun ifaları, xatirələri yaşayır. Hər dəfə həmin verilişlər ekranda göstəriləndə sevimli aktyorun sənətə qəlbən bağlılığı yenidən göz önündə canlanır. O, oynadığı hər rolun üstündə yarpaq kimi əsərdi. Bilmədiyini soruşar, öyrənərdi. Çəkdiyi əzablar da bəhrəsini verərdi: həmişə alqışlarla, rəğbətlə qarşılanardı.
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev:
- Kino sənətimizdə xidmətləri olan insanların anım günlərini vaxtaşırı qeyd edirik. Onlardan biri tamaşaçıların sevimlisi Eldəniz Zeynalovdur. Ötən əsrin 70-80-ci illəri başqa sahələrdə qazanılan uğurlarla yanaşı, ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin intibah dövrü kimi tarixə yazılıb. Neçə-neçə bədii əsər yaranmış, tamaşalar oynanılmış, kinofilmlər çəkilmişdir. Eyni zamanda, neqativ hallara qarşı da mübarizə aparılmışdır. Bu baxımdan "Mozalan" kinojurnalının xidməti danılmazdır. Eldəniz Zeynalov da həmin satirik ekran nümunələrinin hazırlanmasında fəallıq göstərmişdir. Mərhum aktyorun "Mozalan"da oynadığı rolların əksəriyyəti mənfi obrazlardır. O, həmin rollarda öz yerini tapan aktyor olub. Çünki onun gülüşündə dərin məna, məntiq vardı.
E.Zeynalov əsl sənət fədaisi idi. Çəkdiyi cəfaları, əziyyətləri hədər getməzdi. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində 1974-cü ildə əməkdar, respublikamız müstəqillik qazanandan sonra isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. İndi sevimli aktyorun anadan olmasının 70 illik yubileyidir.
Eldəniz Zeynalov ömrünün gənclik illərindən xatirələrini, özü demiş, "can dəftəri" yazardı. Sevimli aktyorun son qeydlərini həyəcansız oxumaq mümkün deyil: "Əsl aktyoru yanan, gilə-gilə əriyən şama oxşadıblar. Öz fəaliyyətimdə şahidi oldum ki, bu, doğru bənzətmədi. Çalışdım, əzab çəkdim, sevdiyim peşəyə sadiq oldum, dayım Həsənağanın yolunu layiqincə davam etdirdim. Çox təriflər eşitdim, təltiflər gördüm. Ancaq komik aktyor, dostum Fazil Salayevin dünyasını dəyişməsi xəbərini eşidəndə sanki ürəyimin başına ox batdıE" Həmin gündən başlayaraq Eldəniz sıxıldı, gözləri tor gördü, taqəti kəsildi. Haqq dünyasında dostunun görüşünə tələsdi. İndi isə komik rolların mahir ifaçısı kimi xatirələrdə yaşayır.

Azərbaycan.-2007.-25 may.-S.8.