Məhərrəmova T.
Avropada
partlayış etmək istəyirəm
Heç vaxt öz işindən razı
qalmayan Xalq artisti Ağakişi Kazımov bu niyyətində
israrlıdır
Kazan Teatrında
"Aydın"ı, "Azdrama"da "Qərib
oğlan"ı, "Darıxma, ana"nı,
"Özümüzü kəsən qılınc"ı,
GTT-da "Yazıram, sevmə məni"ni, İrəvan
Teatrında "Məni qanamayın"ı, Dyüsoldorf
şəhərində "İkinci səs"
tamaşalarını görənlər artıq Xalq artisti
Ağakişii
Kazımovun reyissor dəst-xəttinə yaxşı
bələddirlər. Bu yaxınlarda isə
tamaşaçılar Akademik Milli Dram Teatrın
səhnəsində onun quruluşunda tatar
yazıçısı Tufan Minullinin "Alın
yazısı" (Ərmağanlı Əlməndər)
qəmli komediyasını gördülər.
Reyissorla görüşüb
premyeradan sonrakı təəssüratları
bölüşdük:
-
Təxminən 2 il bundan əvvəl sizdən müsahibə
götürəndə Tufan Minullinin "Alın
yazısı" əsərini
səhnələşdirdiyinizi demişdiniz. Ancaq
tamaşanın hazırlanması çox uzun çəkdi.
Bu gecikmə nə ilə bağlı idi?
- Sözün
düzü, məni o zaman teatrda işdən
çıxartdılar. Sonra bu məsələ müsbət
həll olundu ki, peşəkarları teatrdan
uzaqlaşdırmaq olmaz. Düzdür, həmin müddət
çox uzun çəkmədi. Mən Mədəniyyət
və İncəsənət Universitetinin kafedra
müdiriyəm. O müddətdə işimi qaydası ilə
orada davam etdirirdim. Ona görə də tamaşanın
hazırlanması bir az ləngidi. Sonradan teatrın
rəhbərliyi dəyişdi və onlar səhnəyə
öz repertuarlarını gətirdilər. Keçən il
Tatarıstan Dram Teatrı "Ərmağanlı
Əlməndər" tamaşası ilə Bakıya qastrola
gəlmişdi. Mən onda Almaniyada idim. Həmin
tamaşanı da görə bilmədim. 1975-ci ildə isə
o tamaşanı Kazan teatrında görmüşdüm. Onda
mən Dağıstan Akademik Teatrında işləyirdim.
Həmin tamaşanı tatarlar "Azdrama"da oynayandan sonra
burada çox bəyənilib. Əsər "Dədə
Qorqud" mövzusudur. Tamaşaya baxandan sonra "nə
üçün bu əsər bizdə
hazırlanmır?", deyə maraqlanırlar. Onu da qeyd edim
ki, teatrın rəhbərliyi bu əsəri məhz mənim
hazırlamağımı məsləhət bildi. "Bu
əsəri burada tapmaq olarmı?" - deyə
rəhbərlik məndən soruşdu. Dedim ki, bu
əsərin rus, türk və tatar variantları məndə
var. Bu əsəri Azərbaycan dilinə də
tərcümə eləmişdim. Yanvar ayının axırlarında
əsərin məşqlərinə başlamaq qərara
alındı.
- Vaxtilə
Kazan Teatrında gördüyünüz həmin tamaşa
ilə hazırda səhnələşdirdiyiniz əsərin
reyissor yozumu arasında hansı fərqlər var idi?
- Mən
heç vaxt başqasının qoyduğu əsəri
təkrar edə bilmərəm. Heç kəsin gətirdiyi
ideyanı da təkrarlaya bilmərəm. Hətta rol
bölgüsünü də ona oxşar etmərəm.
Azdan-çoxdan öz yolum, öz baxışım var. Ancaq
burada başqa bir amil də çıxır. O faktora
görə də çox şey dəyişdi.
Ümumiyyətlə, mən bu əsəri yumoristik yanrda
görə bilmədim. Tatarıstanda böyük
sənətkarlar bu tamaşanı komik şəkildə
oynayırlar. Ancaq bu yozum məni qane eləmirdi.
Təsəvvür edin: həyat və ölüm. Həyat və
ölüm problemini yumora çevirmək olmaz. Reyissor
dostlarımdan kimsə bunu o yozumda təqdim edə bilər.
Ancaq mən ümumiyyətlə, təbiət etibarı
ilə bunu qəbul edə bilmirəm. Ona
görə rol bölgüsündə də ciddiyətə
fikir verdim. Əsərə redaktə də elədim.
Əsərin sonunda kiçik bir səhnə var: Əcəl
Əzrayılın yanına qayıdır. Əzrayıl
"nə oldu?" - deyə soruşur. Əcəl cavab verir
ki, gəlib, dəhlizdə gözləyir. Bu zaman
qışqırıq qopur və Məlaykə
yüyürə-yüyürə gəlir: "o, məni
öpdü". Əzrayıl: "Kim?"
deyə soruşanda, Məlaykə "qoca" - deyə cavab
verir. Əcəl deyir ki, o, qoca deyil, Ərməndərdir,
Ərməğanlı Ərməndər. Əsər bu
səhnə ilə başa çatır. Ərməndər
ölümə qalib gəlir. Çünki
Ərməndər o dünyada da həyat eşqi ilə
yaşayır.
Ancaq biz son səhnəni
atmağa məcbur olduq. Bunun əsas səbəbi tamaşanı
Tatarıstan Respublikasının prezidenti Mintamir Şaymiyevin
70 illiyi münasibəti ilə hazırlamağımız
oldu. Biz bu əsərlə Tatarıstana
qastrola gedəcəyik.
- Son səhnədəki
dəyişikliyə müəllifin münasibətini
öyrəndinizmi?
- Biz müəllif Tufan Minullinə
və Tatarıstanın mədəniyyət nazirinə teleqram
vurub icazə almaq istədik. Onlardan cavab
gəlmədi. Martın 26-da Tatararıstan
teatrının 100 illik yubileyi münasibətilə
Bakıya
qayıdandan üç gün sonra Mədəniyyət və
Turizm Nazirliyi əsəri istədi. Sonra əsəri
dövlət sifarişi ilə hazırlamağı və əsərə
ciddi yanaşmağı tapşırdılar.
Biz
əsərin sonunda Əlməndər kişinin
ölümünü yumoristik şəkildə təqdim
etmədik. Əsərdə aktyorların oyunları da
ayrı-ayrı traktovkalardır. Başqa cür də ola
bilməzdi. Çünki Tatarıstanda məni yaxşı
tanıyırlar. Sonra "yəqin kişi geri qalıb" -
deyə düşünə bilərdilər. Bu, həm də
Tatarıstan prezidentinin sevdiyi əsərdir, ona görə
də ciddi olmalıdır. Bəlkə də tatar tamaşaçısı
deyəcək ki, bu yumoristik olmalıdır. Ancaq bizə
komediya lazım deyil.
- Yeri
gəlmişkən, premyerada tamaşa zalının
çoxunu elə Bakıda yaşayan tatarlar tutmuşdu.
Bəs onların tamaşaya və son səhnədəki
dəyişikliyə münasibətləri necə oldu?
- Çox pis
oldu. "Axırıncı səhnəni niyə
atmısınız?" - deyə narazılıqlarını
bildirdilər. Etirazları ancaq bundan ibarət idi. Bilirsinizmi,
necə ki, əvvəllər bizdə bir nəsil Səməd
Vurğunun "Vaqif" poemasını əzbər bilirdi,
eləcə də 1974-cü ildə hazırlanan bu
əsərə də Tatarıstanda baxmayan yoxdur.
Tamaşanın
premyerasına Tatarıstanın Bakıdakı
nümayəndəsi də gəlmişdi. O deyir ki, hər dəfə
kəndə anamı görməyə gedəndə o:
"məni bir də həmin tamaşaya apar, o
əsərə yenə baxım, çünki Əcəl
gəlsə, mən də Əlməndər kimi tez qol
çəkən deyiləm" - deyir. Bu əsər tatarlar
üçün sanki simvola çevrilib.
- Bəlkə
tatarların əsərə belə komedik yanaşması insanın
ölümə qarşı gülüşüdür.
Yəni ölüm olum qarşısında nədir ki? Biz
isə ölümü insan həyatının sonu kimi,
faciə kimi qəbul edirik.
- İnsan
həmişə nikbin olmalı, başqalarına sevinc
gətirməlidir. Tamaşanın ideyası budur.
Əlməndər 25 yaşından dul qalan Həmdəbanunu
tək qoymaq istəmirdi. "Bunları qoyub hara
gedəcəyəm?" deyirdi. Əlməndər birinə
kömək etməyə digərini xoşbəxt
etməyə çalışırdı. Deyirdi ki, mən
insan kimi öz borcumu yerinə yetirirəm. Ola bilər ki,
əsərin Tatarıstanda bu qədər çox
yaşamasının səbəbi onların yumoristik
yanaşmasıdır. Onu da deyim ki, bu, çox uduşlu
kartdır. Biz bu əsəri Kazana aparsaq, gərək ciddiliyi
ilə oynayaq. Oradan qayıdandan sonra isə rollarda yenidən
dəyişiklik etmək olar. Çox aktyorlarımız bu
tamaşada oynamaq istədiklərini deyirlər. Bəlkə
də tamaşanın ömrünü daha da uzatmaq
üçün onu daha çox yumorla yoğuraram.
Hələlik isə bunu istəmirəm. Amma siz
haqlısınız. Bu yolu müxtəlif
istiqamətlərdə getmək olar. Ola bilsin ki, sonradan
dəyişək. Tamaşa gedə-gedə o qədər
redaktə etmişik ki... Rolu, ifaçını,
yönümünü dəyişmişik.
- Gərək
ki, əvvəlcə Əlməndər rolunu Siyavuş Aslana
vermişdiniz. Onun roldan imtina etməsinin səbəbi nədir?
- Doğrudur, Əlməndər rolunu
Siyavuş Aslana vermişdim. Hacı
İsmayılov isə Əcəli oynayırdı. Sonra Siyavuşun ÜHS Teatrında başı
qarışıq olduğu üçün gələ
bilmədi. Ona görə rolları
dəyişdik.
- Ümumiyyətlə, reyissor kimi
tamaşa sizi tamamilə qane elədimi?
- Heç vaxt tamaşalarımdan
razı qalmamışam. 1972-ci ildə Heydər
Əliyev "Azdrama"da Nodar Dumbadzenin "Darıxma, ana"
əsəri əsasında hazırladığım
eyniadlı tamaşaya baxdı. O qədər
təriflədi ki... Mən isə evə
gedəndən sonra əsər haqqında fikirləşib 27
səhv tapdım. Ona görə də
deyirəm ki, heç vaxt öz işimdən razı
qalmamışam.
- Bəs onda reyissorları öz
işindən razı salan nədir?
- Tamaşa elə bir şeydir ki, onu
hər dəfə başqa cür oynayırlar. Sizin
gördüyünüz tamaşa daha təkrar olunmayacaq.
Hər əsər öz-özlüyündə
təkrar olunmazdır. Çünki
hər şey aktyorun həmin günkü
əhval-ruhiyyəsindən asılıdır. Aktyorlar hər dəfə yeni oynayır. Belinski Hamlet haqqında resenziya yazanda 26 dəfə
tamaşaya baxıb və hər dəfə də yazıb.
Nəticədə "Şekspirin Hamlet
dramı" əsərini nəşr etdirib.
- Demək istəyirsiniz ki, premyeradan
sonra tamaşa artıq aktyorlarındır, sizin deyil?
- Bəli, tamaşanın kapitanı
reyissor köməkçisi, sahibi aktyorlardır. Bünövrə yaxşı qoyulursa, davamlı
və uzun ömürlü olur. Bünövrə
möhkəm qoyulmursa, tez çürüyür,
dağılır. Ümumiyyətlə,
mən həmişə cavan reyissorlara deyirəm ki, 5
tamaşanız olsun, ancaq hamı tərəfindən qəbul
olunsun.
- Bu mövsümdə
tamaşaçılar sizin yozumda daha hansı tamaşaya baxa
biləcəklər?
- Teatr köçür və
təmirə dayanırıq. Bu ilin
axırına kimi 6-7 nəfərlik mobil bir tamaşa
hazırlamaq istəyirəm. Ancaq əsas
məqsədim Heydər Əliyevin 85 illik yubileyinə
tamaşa hazırlamaqdır. Material
hazırdır və həmin tamaşanı Berlin Türk
Teatrında qoymaq istəyirik.
- Niyə məhz
- Yaxşı mənada Avropada
partlayış eləmək istəyirəm. İnşallah
teatrımız təmirdən çıxanda həmin
əsəri burada da səhnələşdirəcəyik.
Kaspi.-2007.-23 may.-S.16.