Turanə

Tamaşalarımız festivalların bəzəyidir

Maqbet Bünyadov: Çoxdan idi ki, belə alqışlar görməmişdik

Bu yaxınlarda Türkiyədən qayıdan Akademik Milli Dram Teatrının kollektivi yenidən səfərə hazırlaşır. Teatrın binasının təmirə dayandırılması ərəfəsində yaradıcı kollektiv gərgin fəaliyyətdədir.

Kollektivin qardaş Türkiyədə olan uğurlarından danışan teatrın baş direktoru Maqbet Bünyadov bizimlə səfər təəssüratlarını bölüşdü. M.Bünyadov əvvəlcə ötən il ərzində teatrın əldə etdiyi uğurlardan söhbət açdı. Elçinin “Qatil” əsəri ilə Kazanda, Ufa şəhərində keçirilən festivalda, Türkiyənin Açıq Məkan Teatrında çıxış edən kollektivin ifası tamaşaçılar  tərəfindən böyük maraqla qarşılandığından əsəri Türkiyədə də səhnələşdiriblər.

Teatrın ötən il əldə etdiyi daha bir uğuru isə Bəhram Osmanovun quruluşunda səhnələşdirilən eksperimental rejissor işi olan Dostoyevskinin “Cinayət və cəza” tamaşası oldu. Bu səhnə əsəri Misirdə keçirilən festivalda böyük maraqla qarşılanıb. Bu ay Trabzonda keçirilən 8-ci Beynəlxalq Qaradəniz Teatr Festivalı da teatrın nailiyyətləri siyahısına əlavə olundu. Maqbet Bünyadov dedi ki, festivalda bütün teatr kollektivləri eyni cür qarşılansa da, sonda bizlərə münasibətləri dəyişib: “Hamı böyük həyəcanla öz çıxışını gözləyirdi. Festivala bizimlə yanaşı Fransa, Makedoniya, İran, Rusiya, Ukrayna, Gürcüstan və başqa ölkələrin kollektivləri qatılmışdı. Festivalın ilk günü türk xalqının öndəri M.K.Atatürkün məqbərəsi ziyarət olundu. Mərasimdə türk vali və bələdiyyə başqanları ilə tanış olmaq imkanı qazandım. Onları tamaşaya baxmağa dəvət etdim. Çıxış edəcəyimiz gün Trabzonsporun  Futbol turniri də var idi. Bələdiyyə sədrləri yarışa getmək istəyirdilər. Təkid etdim ki, futbolunuza hər zaman baxmaq imkanınız var, yaxşı olardı ki, bu gün tamaşamızı seyr etməyə üstünlük verəsiniz. Teatrın səhnəsi bir gün bizim öhdəmizə  verildi. Səhnə alışdığımız genişlikdə deyil, kiçik olsa da, texniki işçilərimiz gözəl tərtibat hazırladı”.

“Kaş araba aşmayaydı” tamaşasının festival təşkilatçılarının istəyi ilə seçildiyini söyləyən baş direktor quruma əvvəlcədən teatrın repertuarında olan 5-6 səhnə əsərinin CD-nin göndərildiyini vurğuladı. M.Bünyadov festivalın əsas meyarının teatrın səviyyəsi, aktyor oyunu və rejissorun quruluş keyfiyyətindən ibarət olduğunu söylədi.

Festival çərçivəsində səfərlərinin də maraqlı keçdiyini deyən baş direktor bildirdi ki, kollektiv səfərə avtobusla çıxmışdı. Turnedə bölgələrimizdə qonaq olan kollektiv Kürdəmir, Qazax ziyalıları və ağsaqqalları ilə də görüşüb.

Tamaşanın ilk dəqiqələrində böyük həyəcan yaşadıqlarını deyən Maqbet müəllim çox çəkmədən həm səhnəni, həm də tamaşaçıları ələ aldıqlarını söylədi. Tamaşaçılar nəinki Siyavuş Aslan və Bəsti Cəfərovanın, bütün aktyorların ifasına heyran qalıblar. Tamaşanın sonunun onlar üçün gözlənilməz olduğunu söyləyən baş direktor çoxdan idi ki, belə coşqu görmədiklərini də etiraf etdi: “Tamaşaçılar aktyorlarımızı ayaq üstə alqışlayaraq səhnədən buraxmaq istəmirdilər. Hər bir yaradıcı insan üçün bu cür alqışlar əvəzolunmaz, xoş hisslər, gözəl təsir bağışlayır. Bizi festivalın prizi ilə elə həmin gün mükafatlandırdılar. Biz də öz növbəmizdə əliboş getməmişdik. Özümüzlə xəritəmizi, milli-mədəni dəyərlərimizi əks etdirən suvenirlər aparmışdıq. Həmin gün türk vali və bələdiyyə başqanlarının dəstəyi ilə ziyafət təşkil olundu. Gecədə vurğulandı ki, Azərbaycandan olan teatr kollektivinin nümayiş etdirdiyi tamaşa festivalın bəzəyi idi. Ən gözəl aktyor oyununa görə isə Xalq artisti Siyavuş Aslan mükafatlandırıldı”.

M.Bünyadov teatrın planlarından da danışdı. O, bildirdi ki, yaxın gələcəkdə teatrın Gürcüstana və Kayseri şəhərinə səfərləri nəzərdə tutulub. Türkiyədə keçiriləcək Türk Dünyaları Teatrlar Festivalına dəvət alan kollektivə Mədəniyyət və Turizm Nazirliyi dəstək olarsa, o zaman iyunun 8-9-da teatrın yenidən Türkiyəyə səfəri gözlənilir. M.Bünyadov bildirdi ki, teatr respublikamızın bölgələrinə də səfər edəcək. Mayın 20-dən sonra kollektiv Ağdaş, Göyçay, Kürdəmir, Yevlax və Zərdab tamaşaçılarını sevindirəcək. Mayın 22-də isə əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Stefan Sveyqin “Tənha qadının məktubu” əsəri tamaşaçıların ixtiyarına veriləcək. Amerikanın ölkəmizdəki səfirliyilə iş birliyində olan Akademik Milli Dram Teatrı Artur Millerin “Körpüdən mənzərə” tamaşasını mövsümün sonuna kimi təhvil verəcək. Xatırladaq ki, tamaşa Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda səhnələşdirilir.

Yeni Azərbaycan.-2007.-18 may.-S.8.