Xəlilzadə F.
Prezident
İlham Əliyevin 31 mart 2007-ci ildə imzaladığı
sərəncama əsasən opera səhnəmizdə
çıxış edən ilk azərbaycanlı qadın
müğənni Həqiqət Rzayevanın anadan
olmasfının 100 illiyi dövlət səviyyəsində
qeyd edilir.
Məlumdur ki, ötən
əsrin 20-ci illərindən
başlayaraq musiqimizin
inkişafında, təbliğində
böyük işlər
görmüş fədakar
qadın müğənnilərimiz
olub ki, onların taleləri çox oxşar idi. Eyni maneələri aşmalı,
mübarizə aparmalı,
Azərbaycan qadınının
hansı mənəvi
gücə, istedada malik olduğunu sübuta yetirmək üçün üzləşdikləri
çətinlikləri fədakarlıqla
dəf etməli idilər. İndi də adlarını böyük ehtiramla çəkdiyimiz Həqiqət
Rzayeva, Cahan Talışinskaya, Sürəyya
Qacar, Münəvvər
və Yavər Kələntərli bacıları
o dövrün gül çələngi
idilər. Həqiqət
Rzayeva bu sənət fədailərinin
öncüllərindən biri
idi.
Həqiqət Rzayeva
20 may 1907-ci ildə Lənkəran şəhərində
anadan olmuşdu. Əslində valideynləri
ona Süsən adı vermişdilər. Qızlıq familiyası da Əliyeva idi. Həqiqət adını səhnəyə
gələndən sonra
götürüb. Rejissor
Hüseyn Rzayevlə ailə qurduqdan sonra soyadını da dəyişib.
İlk təhsilini Lənkərandakı Qızlar
məktəbində alan
Həqiqət xanım
hələ uşaqlıq
illərindən qeyri-adi
musiqi istedadı və oxumaq qabiliyyəti ilə seçilirdi. Doğrudur, anasının ən böyük arzusu idi ki, qızı
yazı-pozunu bilsin. Amma Zeynəb
xanımın ağlına
da gəlməzdi ki, balaca qızcığaz
Azərbaycan opera səhnəsinin çox möhtəşəm bir sənətkarına çevriləcək.
Hələlik arzular müəllimliyə qanadlanırdı.
1923-cü ildə Bakıda
Pedaqoji Texnikumda təhsil alan Həqiqət Rzayeva tələbə ikən dram dərnəyinə yazılıb. O, iştirak
etdiyi tamaşalarda muğam parçaları ifa edərmiş. Həmin dövrdə Bakıda "Damğa"
adlı satirik teatr açılır. Axşamlar teatrda işləyən Həqiqətin çıxışları
müəllimlərin diqqətini
cəlb edirdi.
1928-1932-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasının
muğam şöbəsində
oxuyan Həqiqət Rzayeva Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski və Qurban Pirimov kimi sənətkarlardan dərs almışdı.
Milli operanı inkişaf etdirmək istəyən Üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, Hüseynqulu Sarabski və başqaları opera səhnəsində qadın
ifaçılarının olmamasından çox əziyyət çəkirdilər.
Hətta bəzi partiyaları ifa edən kişilər də sonradan bir daha operaya
qayıtmırdılar. 1927-ci ilin bir payız
günündə opera səhnəsində
əsl inqilab baş verdi. Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Ərəbzəngi
rolunu ilk dəfə olaraq 20 yaşlı azərbaycanlı
qız Həqiqət xanım təqdim etdi. Burada bir faktı
da diqqətə çəkək ki, sonra göstərəcəyi
40 illik səhnə fəaliyyəti boyunca Həqiqət Rzayeva 500 dəfədən çox
Ərəbzəngi, min
dəfədən artıq
Leyli obrazını tamaşaçılara təqdim
edib.
Ədəbiyyatşünas alim Rəfael Hüseynov yazırdı:
"Həqiqət Rzayeva
səhnəmizin ən
uzunömürlü Leylisi
oldu. Bu rolu onun qədər
oynayan ikinci aktrisa olmayıb (sözsüz ki, sayca). Mən bir şeyə təəssüf edirəm.
Niyə onun yaratdığı Leylinin
lent yazıları qalmayıb?" Həqiqətən
də unudulmaz müğənninin səsi
çox qeyri-adi olub. Bu, hər ifaçıya
nəsib olan səadət deyil ki, eyni opera
səhnəsində həm
Ərəbzəngini, həm
də Leylini, Əslini, Şahsənəmi
ifa edə bilsin. Çünki bu obrazlar arasında
həm görünüşcə,
həm də səs etibarilə müəyyən fərqlər
var. Ərəbzəngi nə qədər tunc biləkli, gur səsli, bir sözlə, şahlarla güləşən,
döyüşən igid
timsallı bir qızdırsa, Leyli əksinə, həzin, zərif, məsum, utancaq, bir qədər
də zəifdir. Əgər Ərəbzənginin
səsi dağı-daşı titrədirsə,
Leylinin ahları birbaşa qəlbə, ürəyə tuşlanır. Mütəxəssislər
söyləyirlər ki,
Həqiqət xanım
çox ustad sənətkar idi. Onun milli opera
səhnəsindəki fəaliyyəti
həqiqətən əfsanə
idi.
Həqiqət Rzayeva adi ifaçı deyildi. O, həm də pedaqoji fəaliyyət göstərir,
gələcək kadrların
yetişdirilməsi ilə
də məşğul
olurdu. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Məktəbində dərs demiş, eləcə də Opera və Balet
Teatrında məşqçi-pedaqoq olmuşdur. "Şərəf nişanı"
ordeni və medallarla təltif olunmuş Həqiqət Rzayeva Azərbaycanın xalq artisti idi.
Onun həyat yoldaşı Hüseyn Rzayevin də Azərbaycan mədəniyyətinin
inkişafında böyük
rolu olub. O, 45 il Opera Teatrının
quruluşçu rejissoru
kimi çalışıb.
Həqiqət xanımın
iştirak etdiyi tamaşaların əksəriyyətinin
quruluşunu məhz Hüseyn Rzayev özü verirmiş. Onun təşəbbüsü
ilə 1950-ci ildə Tənqid və Təbliğ Teatrı açılıb. On il sonra isə
Həqiqət xanımın
vaxtilə məşğul
olduğu "Damğa"
adlı satirik teatrın yenidən fəaliyyət göstərməsinə
nail olub.
Güclü və gözəl, eləcə də məlahətli səsə malik Həqiqət Rzayevanın
yaratdığı obrazların
hamısı tamaşaçılar
tərəfindən sevilirdi.
Səsi müxtəlif ölkələrdən
gəlirdi. İkinci Dünya müharibəsi illərində Azərbaycan
incəsənət ustaları
ilə birgə cəbhələrdə döyüşçülərimizlə
görüşən Həqiqət
xanım oxuduğu mahnılarla onları qələbəyə ruhlandırırdı.
Xalq artistimiz bir neçə
bədii filmə də çəkilib.
"İsmət", "Ögey ana" filmlərində yaratdığı
obrazlar bu gün də maraqla izlənilir.
Sevimli həyat yoldaşı və gözəl ana olan Həqiqət xanımın övladları
da Azərbaycan mədəniyyətinin görkəmli
nümayəndələridirlər.
SSRİ Dövlət mükafatı
laureatı, professor, xalq artisti Azər
Rzayev ailə şəcərəsinin ənənəsini
ləyaqətlə yaşadan
və davam etdirən böyük sənətkarımızdır. Azər Rzayevin yaradıcılığı Azərbaycan
bəstəkarlıq məktəbinin
yeni və unudulmaz səhifələrindən
biridir.
Deyirlər ki, Həqiqət
Rzayevanın səsi o qədər həzin və ürəyəyatımlı imiş
ki, onun ifalarına sadəcə qulaq asmaq mümkün
deyilmiş. Səsinin
ahəngindəki qəribə
kədər insanı
sehrə salar, düşüncələrə qərq edərmiş. Azərbaycan xalq mahnılarını və
muğamlarımızı böyük
məhəbbətlə sevən,
həmişə sənətə
məsuliyyətlə yanaşan
Həqiqət Rzayevanın
ədəbi irsindən
bəhrələnmək indi
daha vacibdir. Çünki belə sənətkarlar musiqiyə
son dərəcə ciddiyyətlə yanaşıblar.
Özləri də yüksəliblər,
sənəti də inkişaf etdiriblər.
Azərbaycan.- 2007.- 20 may.- S. 6.