Həqiqət Rzayeva - 100

 

Professionallıq və artistizm

 

Cabbar Qaryağdıoğlu ilə Qurban Pirimovdan dərs almışdı. Bununla fəxr edirdi. Həm də bu ünlü sənətkarlara minnətdar idi. Çünki məhz onlar Həqiqət Rzayevanın sənətə olan arzusunu bir az da alovlandırmış, öz xeyir-duasını vermişdilər...

Həqiqət Rzayeva (Əliyeva) 1907-ci il mayın 20-də Lənkəranda anadan olmuşdur. Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənnilərindəndir. Kiçik yaşlarından Lənkəranda qadın məktəbində, 1923-cü ildən isə Bakıda Pedaqoji texnikumda təhsil almışdır. Elə o vaxtlar musiqili tamaşalarda çıxış etmişdir. 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxumuşdur. Yuxarıda qeyd etdiyimiz kimi Cabbar Qaryağdıoğlu və Qurban Pirimovdan dərs almışdır. 1927-1952-c illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, muğam və Azərbaycan xalq mahnılarının ifaçısı kimi də geniş şöhrət qazanmışdır.

Güclü, gözəl və məlahətli səsə malik Həqiqət Rzayevanın yaradıcılığı üçün yüksək professionallıq, artistizm səciyyəvi olmuşdur. Ərəbzəngi (M.Maqomayev - «Şah İsmayıl»), Leyli, Əsli, Telli (Ü.Hacıbəyov - «Leyli və Məcnun», «Əsli və Kərəm», «Arşın mal alan»), Şahsənəm (Z.Hacıbəyov - «Aşıq Qərib») onun yaratdığı əsas obrazlarıdır.

Xalq artisti H.Rzayeva A.Zeynallı adına Bakı Musiqi Məktəbində dərs demiş, Azərbaycan Opera və Balet Teatrında muğam şöbəsinin məşqçi-pedaqoqu olmuş, bir sıra kinofilmlərə çəkilmişdir.

1969-cu il avqustun 2-də vəfat etmişdir.

 

Mədəni-maarif.- 2007.-¹ 5.-S.54.