Məhərrəmova T.
Səhnəmizin ən gözəl, ən
uzunömürlü Leylisi
Böyük bir
sənət yolunun yolçusu idi Həqiqət Rzayeva.
Sənətin yeni üfüqləri onu daim cəlb edirdi
və o, bu sənət yolunun adi yolçusu deyildi. O, bu
yolları çox vaxt özü salırdı.
Muğamatı gözəl bildiyindən Həqiqət
xanım adi xanəndə deyildi. O, təkcə mahnı ifa
etmirdi, insanları öz incə qəlbinin, böyük
ürəyinin duyğu və hisslərinə tabe
edərək xüsusi bir sehrə salırdı, ovsunlayaraq
tərbiyə edirdi.
"Onun səhnəyə qədər
keçdiyi yol çox ağır olmuşdu" - deyə
gəlini Gülər xanım xatırlayır:
- Həqiqət 5 aylıq körpə ikən
atası vəfat etmiş, ailənin bütün yükü
anasının çiyinlərinə
düşmüşdü. Anası əl işləri
görməklə ailəni dolandırmağa məcbur idi. Bir
müddət sonra o, bir fəhləyə ərə gedir
və onlar Bakıya köçürlər. Lakin orada da dolana
bilmədikləri üçün yenidən Lənkərana
qayıdırlar. Bu zaman Həqiqətin 11 yaşı
vardı. Onun oxumaq vaxtı çoxdan
çatmışdı, ancaq oxumaq üçün heç
bir maddi imkan yox idi. Elə bu zamanlar Lənkəranın
mədəni həyatında çox mühüm hadisə
baş verir. Gənc müəllimə Məryəm xanım
Bayraməlibəyovanın təşəbbüsü ilə
şəhərdə birinci qız məktəbi təşkil
edilir. Məktəbin binası olmadığından
Məryəm xanım böyük xeyriyyəçilik
göstərərək məktəbi evində açır.
Lakin bu, yeni bir çətinlik doğurur. Valideynlər binası
olmayan məktəbə qızlarını
göndərmək istəmirlər. Məryəm xanım
evbəev, qapı-qapı gəzərək ata-anaları yola
gətirməyə səy edir və nəticədə 8-9
qızın öz evində oxumasına nail ola bilir. Bu
qızlardan biri də Həqiqət idi. Həqiqətin
anası Zeynəb onun əlindən tutaraq birbaşa
Məryəm xanımın yanına gətirir: "Allah
eşqinə, mənim qızıma da yazı-pozu
öyrət, bəlkə o da bir ağ günə
çıxdı" - deyir. Beləliklə, Həqiqət
həmin məktəbdə oxumağa başlayır.
Ağ günün sorağı ilə
Anasının dediyi o ağ günün fikrini
eləyə-eləyə bu balaca qız yazmaq, oxumaq
öyrənir. O ağ günü araya-araya teatr
dərnəyinə üzv yazılır. Get-gedə
yaxşı səsinin olması, çalıb-oxumağa
böyük həvəs göstərməsi hamının
diqqətini çəkir. Ona görə də
ömürlük səhnəyə bağlanır.
Məktəbdə "Vətən" adlı ilk tamaşada
oynadığı rol rəhbər təşkilatların da
diqqətini cəlb edir. Maarif komissarı Dadaş
Bünyadzadənin əmri ilə məktəbin
müdriyyətinə, xüsusən oğlan rolunu
gözəl oynadığına görə
Həqiqətə təşəkkür elan edilir.
Beləliklə, dərnəkdə Həqiqət dramatik rollar
oynamaqdan daha çox məlahətli və güclü
səsilə fərqlənir, məktəbin tamaşalarına
xüsusi bir zinət verirdi. Get-gedə onun sorağı
məktəbdən kənara da yayılmağa başlayır.
Çox keçmir ki, yeniyetmə qız
"Damğa" Teatrına dəvət alır. Bu teatrın
səhnəsində bir-birindən maraqlı obrazlar oynayır,
hər yerdə qızğın alqışlarla
qarşılanır. Bəzi kəndlərdə
azərbaycanlı qızın muğamat oxuyacağını
eşidən kəndlilər "qadın nədir,
oxumağı da nə olsun" - deyə etirazlarını
bildirirdilərsə də, tamaşadan sonra Həqiqətin
gözəl səsinə heyranlıqlarını
gizlətmirdilər. "Damğa" Həqiqətin
həyatında körpü rolunu oynayır. Məhz bu
teatrın səhnəsində oxuyub-oynayarkən böyük
səhnəyə - Opera Teatrına dəvət alır.
Könlündəki sönməz ümid onu ardınca
aparır... Həqiqətə Konservatoriya kimi bir təhsil
ocağında təhsil almaq qismət olur. Burada Üzeyir
bəyin nəzarəti altında Cabbar Qaryağdı, Seyid
Şuşinski və Qurban Pirimov kimi ustad sənətkarlardan
dərs alır. Sonralar onun Konservatoriyadakı
təhsilindən bəhs edən Qurban Pirimov yazırdı:
"Həqiqət qadın oxuyanlar içərisində
gözəl səsə malik olan aktrisadır. Onun səsi zil,
bəm, orta, bir sözlə, tarın bütün
pərdələrində gəzişir. O, səsini nə
cür işlətmək lazım olduğunu yaxşı
bilir. Ona görə də Həqiqət xanım yaxşı
oxuyanlardan ayrılır".
"Ərəbzəngi bacı"
Həqiqət Rzayevanın səhnəyə
gəlişi lap göydəndüşmə olur. Bir payız
günü maraq musiqisevərləri təzə
afişanın qarşısına çəkir. "Şah
İsmayıl" yeni quruluşda: reyissor - Yusif Ulduz,
Ərəbzəngi rolunda Həqiqət Rzayeva.
Görkəmli xanəndə Hüseynağa
Hacıbababəyov xatırlayırdı ki, Müslüm
Maqomayev və Məmmədtağı Bağırovla
birlikdə onun səsinə qulaq asanda çox
bəyəniblər: "Müslüm bəy mənə
tərəf dönüb gülümsəyərək
pıçıltı ilə dedi: "İşin
düzəldi, Hüseynağa, bu qız sənin əsl
Ərəbzəngin olacaq". Sevincdən gözlərim
yaşardı. İlk dəfə idi ki, belə güclü,
məlahətli səsi olan azərbaycanlı qızına rast
gəlirdim. Səslərimiz uyğun gəlirdi. Bəm və
zildə oxumaqda nə Həqiqət xanım məndən,
nə də mən ondan geri qalırdım. Səhnədə
bir-birimizi gözəl başa düşürdük".
Həmin obrazın ilk həyəcanı
isə illər keçdikcə Həqiqət xanımın
yadından çıxmayacaqdı.
...O gecə tamaşa salonu
ağzınacan dolu idi. Hökumət loyasında da çoxlu adam var idi. Hamı mühüm
hadisə baş verəcəyini gözləyirdi.
Müslüm bəy Həqiqətin qrim otağına
gələrək nəcib bir narahatlıqla: "Həqiqət,
bacım, bütün ümİdim sənədir, görək
neyləyəcəksən" - deyib intizarlı
gözlərlə ona baxdı. Həqiqət onu
arxayın edib yola saldı. Lakin bu zaman doğrudan da
narahatlıq duydu: "Birdən oynaya bilmədim, onda necə
olar, mən ki, biabır olaram, onda gərək bir daha
səhnəyə çıxmayam. Bu
düşüncələr reyissorun "Həqiqət,
səhnəyə!" harayı ilə qırıldı
və Həqiqət hər şeyi unudaraq
qılıncını və qalxanını
götürüb səhnəyə atıldı. Pərdə açıldı, orkestr
səsləndi. Ərəbzəngi mağaradan
çıxdı və
"Ərəbzəngiyəm,
kəsmişəm yolu,
Buyursun hər
kəsin güclüdür qolu!"
- deyə
oxumağa başladıqda salonda gurultulu alqış qopdu. Həqiqət diriyorluq edən Müslüm bəyin
üzünə baxdı, onun gülümsədiyini
görüb cürətləndi və pərdəni
məharətlə başa vurdu. Sonra
isə istər tamaşaçılar, istərsə də
səhnə arxasında olan teatr işçilərinin
alqış və təbrik səsləri bütün
teatrı bürüdü. Bu vaxt Müslüm bəy
Həqiqətin yanına qayıdaraq: "Bacım,
Həqiqət, çox sağ ol, sən mənim
başımı ucaltdın" - deyə onun əllərini
sıxdı. O gündən Müslüm bəy Həqiqəti
öz adı ilə deyil, "Ərəbzəngi
bacı", deyə çağırmağa başladı.
Sarabskinin ən vəfalı Leylisi
...Qayğı dolu, sevinc dolu çətin bir
yol başlandı onun həyatında. Həqiqət Rzayeva gah
bu səhnənin məsum Leylisi, gah sevdalı Əslisi, gah
mübariz Ərəbzəngisi, gah da kövrək
Şahsənəmi oldu. Ancaq ona daha çox şöhrət
gətirən, onu ucaldan Leyli obrazı idi. Həqiqət
xanım səhnəmizin ilk Leylisi deyildi. Ancaq ən gözəl,
həm də ən uzunömürlü Leylisi idi. Bu rolu onun
qədər gözəl oynayan ikinci aktrisa olmayıb. Sarabskini
Məcnunsuz təsəvvür etmək mümkün
olmadığı kimi, onu da Leylisiz təsəvvür
etmək olmazdı. O, Sarabskinin ən vəfalı Leylisi idi.
Təəssüf ki, onun yaratdığı Leylinin lent
yazıları qalmayıb.
Müharibə dövründə
Həqiqət xanım da əsgərə dönüb tez-tez
cəbhə bölgələrinə yollanır.
Əsgərlər qarşısında şirin, həzin
mahnıları ilə konsertlər verir. 416-cı Taqanroq
diviziyasının əsgərləri üçün
ürəyinin bütün hərarəti, səmimiyyəti ilə oxuduğu nəğmələri
veteranlar indi də xatırlayırlar. Oğlu Azər Rzayev
isə o günləri yadına salaraq deyir ki,
"Dağlar"ı, "Lənkəran
havaları"nı elə bir şövqlə oxuyardı ki,
hamının gözü yaşarardı.
Müharibə hələ davam edirdi.
Dünyanın böyük bir hissəsi hər gün
atəş səslərindən diksinirdi. İranda isə
sakitlik idi. Azərbaycanın incəsənət ustaları bu
qədim torpağa qastrol səfərinə
çıxmışdılar. Həqiqət Rzayeva Tehranda,
Rəştdə, Ərdəbildə, Zəncanda... oxuyurdu...
və elə həmin ildə ona Respublikanın Xalq artisti kimi
şərəfli, o illər üçün nadir, hər
yaxşı ifaçıya nəsib olmayan ad verirlər.
Həqiqət xanım respublikanın hər
yerindən və kənardan da məktublar alırdı.
"Leyli və Məcnun"a tamaşa edən Mixail adlı
bir rus əsgəri sağalıb vətəninə
qayıtdıqdan 4 il sonra Həqiqətə məktub
göndərərək öz təşəkkürünü bildirirdi: "Siz Leylini elə
oynayırdınız ki, sizin dilinizi bilməyən mən
hər şeyi başa düşür, duyur və
sevirdim". Beləcə, məktubların ardı-arası
kəsilmirdi. Xalq şairi Səməd Vurğun isə Voroşilova
şeirlə yazılmış məktubunda onu Bakıya
dəvət edərək
"Eşit Həqiqətin incə səsini,
Bülbülün Qarabağ şikəstəsini"
- deyə şövqlə yazırdı.
İdeal qadın
Gəlini Gülər xanım
xatırlayır:
- Səsindəki yanğı,
səmimiyyət, oxusundakı həssaslıq, təbiilik
ilə Həqiqət xanım bu adamların hər biri
üçün yaxın idi, doğma idi. Ömründə
bircə dəfə də olsun onu dinləyənlər, avazını,
ifasını bircə dəfə eşidən kimi
inanırdılar ki, bu adama
ürək qızdırmaq, onunla ən yaxın
ünsiyyətdə olmaq mümkündür. Doğurdan da
belə idi. Həqiqət xanım elə oxuması
qədər səmimi, həssas və kövrək idi. O,
oxuyurdu, muğamsevərlər heyran qalırdılar və başlayırdılar
bu müğənni qadının həyatındakı ən
üzdə olan cizgilərlə maraqlanmağa:
"Görəsən, həyat yoldaşı kimdir,
övladları varmı?"
Mənimçünsə o, ideal qadın
obrazı idi. Təkcə mənə münasibəti ilə
deyil, hamıya qarşı belə idi. Biz onunla bir dam
altında yaşamışıq. Aramızda olan
münasibət ana-bala səmimiyyətindən o yana
ötməyib. Nə vaxtsa sözləşməyimiz də
yadıma gəlmir. Olduqca səliqəli, xanım-xatın olan
bu insan özünə diqqət yetirməyi çox
sevərdi. O, evdə olanda adət etmişdik, onu narahat
etməmək üçün ayaqlarımızın ucu
ilə gəzərdik. Sakitliyi çox sevirdi. Biz musiqini
sevməyi daha çox ondan öyrənmişik. O,
övladlarına da sənətə əsl məhəbbət
aşılayıb. Azər də onun kimi ömrünü
musiqiyə bağladı (Azər Rzayev - bəstəkar, Musiqi
Akademiyasının professoru - T.M.). Övladları onun musiqi
ənənəsini bu gün də yaşadırlar.
Bu səsin aydınlığı
Çox təəssüf ki, indiki nəsil
nəinki Həqiqət Rzayevanın oxumaların, heç
adını da eşitməyib. Müğənnini vaxtilə
səhnədə görənlər, oxumasını canlı
eşidənlər isə çox azdır. Arabir radionun
fonotekasından səsləndirilən kövrək
mahnıları onun ifasını yada salır. Bu səsin
kövrəkliyi insanı gah üzündən işıq
yağan məsum bir körpəyə, gah da ay-ay, il-il
böyüdüb bir ulusun başbiləninə çevirir. Bu
səsin aydınlığında duyğuların büllur
kimi saflaşır. İstəyirsinizsə biləsiniz
Həqiqət xanım necə insan, necə xanəndə olub,
onun oxumalarına qulaq asın və... düşünün.
Kaspi.-2007.-18 may.-S.16.