Qaliboğlu E.

 

“Dərbənd Teatrına yeni-yeni yaradıcı nəfəslər gərəkdir”

 

Ağaxan Salmanlı: "Kimin ürəyindən o teatrda işləmək keçirsə, buyursun, gəlsin"

Xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı, prezident mükafatçısı Ağaxan Salmanlı hazırda Gənc Tamaşaçılar Teatrında aktyor rejissor işləməklə yanaşı ham Dərbənd Azərbaycan Teatrının quruluşçu rejissorudur. Aktyor "Xalq Cəbhəsi" müsahibəsində bildirib ki, hər iki teatrda ardıcıl, gərgin işlər davam edir: "Təbiidir ki, eyni vaxtda iki teatrda işləmək asan deyil. Dərbənd teatrının yeni mövsümünü ötən ilin payızında Tamara Vəliyevanın "Mənim göyərçinim" əsəri əsasında hazırladığımız tamaşa ilə açdıq. Bununla yanaşı uşaqlar üçün Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasını hazırlamışıq. Bütün il boyu Dərbənd rayonunun elə bir orta məktəbi, uşaq bağçası qalmayıb ki, orada bu tamaşanı oynamayaq. Ötən ilin dekabrında isə T.Vəliyevanın "Bankir adaxlı" əsərini səhnələşdirdik. Məncə, əsərin səhnə həyatı uğurlu alındı. Bu əsərin ardınca teatr Üzeyir Hacıbəyovun məşhur "Məşədi İbad" (O olmasın, bu olsun") musiqili komediyası üzərində işləməyə başlayıb. Artıq əsərin partiturası Dərbəndə aparılıb".

Eyni zamanda teatr Rəvan Tohiroğlunun "Bir etmərəm" nağıl-tamaşasını uşaqlar üçün hazırlayıb. Bu əsər növbəti teatr mövsümündə tamaşaçılara təqdim ediləcək. Üçüncü teatr mövsümüdür ki, Dərbənd teatrının quruluşçu rejissoru olaraq çalışdığını bildirən Ağaxan Salmanlı daim teatrın repertuarında yeniliklər etməyə çalışdıqlarını, istəklərinə nail olduqlarını deyir. Di gəl ki, hələ Dərbənd teatrının özünün binasının olmaması teatrın kollektivi üçün sözün əsil mənasında problemlər yaradır. Lakin bütün bunlara baxmayaraq A.Salmanlı kollektivin işinin öhdəsindən daim gəldiyini bildirir: "Hazırda Dərbənd teatrı üçün bina tikilir. Hələlik biz məcburiyyət qarşısında hazırladığımız tamaşaları orda-burda göstərməyə məcburuq. Yer probleminin olması səbəbindən bizim həmişə cari repertuarımız olur. Ümid edirik ki, Dərbənd teatrı üçün tikiləcək binada bizim üçün minimal şərait olacaq. Hər halda maksimal şəraitli teatr binası üçün tələblər başqadır".

"Bankir adaxlı" tamaşasını müasir olsa da, mayasında klassik yön olduğunu qeyd edən A.Salmanlı uğurlu alınan əsərin Azərbaycanda da nümayiş etdiriləcəyini bildirir: "Tamaşa üçün İncəsənət Universitetinin sonuncu kurs tələbəsi Səlim Nəsirli maraqlı bir musiqi yazdı. Tamaşanı Azərbaycanın Xaçmaz-Xudat bölgəsində uğurla oynadıq".

Yeri gəlmişkən, qeyd edək ki, Bakının Nərimanov rayonu ilə Dərbənd rayonu "qardaşlaşmış" rayonlardır: "Qərara gəldik ki, "Bankir adaxlı" ilə Əhməd Orucoğlunun "Nənənin kələyi" komediyasını Bakının tələbkar tamaşaçılarına göstərək. Həmçinin imkan olarsa, Musiqili Komediya teatrında bu tamaşanı göstərmək istəyi var". A.Salmanlı "Nənənin kələyi" tamaşasını hələ 3 il qabaq Gənc Tamaşaçılar Teatrında hazırlayıb: "Əsər xalq artisti, qüdrətli sənətkar Firəngiz Şərifovaya görə hazırlanmışdı. Dərbənddə yaşı 80-ə yaxın olan Dağıstanın xalq artisti Dürriyə xanımın timsalında Nənə obrazının uğurlu alınacağına əmin olduqdan sonra məşqlərə başladıq, doğrudan da hər şey yaxşı alındı.

Gənc Tamaşaçılar Teatrında hazırlanan tamaşa isə xeyli vaxtdır ki, oynanılır. İndiyə kimi Azərbaycanın xeyli rayonlarında bu tamaşanı oynamışıq. Kollektivin tamaşanı ürəklə oynaması getdiyimiz yerlərdə hamının rəğbətini qazanmasına səbəb olur. Camaat şikayətlənir ki, elə teatrlar var, nümayiş etdirdikləri tamaşaları çox zaman könülsüz, keyfiyyətsiz səhnə tərtibatı ilə oynayırlar, üstəgəl ixtisar edirlər. Ümid edirəm ki, Dərbənd teatrı tikiləcək, orada da teatr binamız olacaq. Nəticədə həm o teatr üçün hazırladığımız tamaşalar illərlə repetuarda qalacaq.

Hazırda ölkə rəhbərliyi səviyyəsində bütün teatrların inkişafına diqqət var. Azərbaycan teatrlarının dünya standartları səviyyəsində olacağına inanıram. Bildiyimə görə, artıq Gənc Tamaşaçılar Teatrının adminstrativ sahəsi hazırdır. Növbədə səhnə ilə zaldır ki, onların üzərində gedir. Çox keçməz ki, yüksək yaradıcılıq şəraiti olan bir teatrda işləyəcəyik. Amma Dərbənd teatrının inkişafı məni həmişə çox düşündürür. Ora daim yeni-yeni yaradıcı nəfəslər gərəkdir. Tək elə Ağaxan Salmanlı ilə olmur. Gərək teatrın iinkişafında yeniliklər olsun. "Bəyanat" verirəm ki, kimin ürəyindən o teatrda işləmək keçirsə, buyursun, işləsin".

Sonda A.Salmanlı onu da bildirdi ki, R.Tohirdoğlunun "Körpəm" Uşaq Teatrında "Orxan qarı" nağıl-tamaşası üzərində işə başlayıb

 

Xalq cəbhəsi.-2007.-30 may.-S.15.