Allahverdiyev C.
125 yaşlı teatr
İrəvan
Azərbaycan teatrının fəaliyyəti haqqında
1941-ci ildə II
Dünya Müharibəsi başlananda digər teatrlar kimi
İrəvan Azərbaycan Dram Teatrı da öz
repertuarını vətənpərvərlik ruhunu
aşılayan tamaşalarla zənginləşdirdi. S.Vurğunun
“Xanlar”, S.Rüstəmin “Qaçaq Nəbi”
pyesləri məhz həmin ildə tamaşaya qoyuldu. Az sonra
Cəfər Cabbarlının “Aydın” pyesi, Ə.Haqverdiyevin
“Pəri cadu” faciəsi və Molyerin “Jorj Danden” komediyası da
teatrın repertuarına daxil edildi.
Molyerin maraqlı
bir süjet üzərində qurulan “Jorj Danden” komediyasında
rejissor Əli Şahsabahlı, rəssam K.Markaryan və
aktyorlar ansamblının işi elə ahəngdarlıq
yaratmışdı ki, tamaşaçılar
özlərini XVII əsr Fransa həyatının
içində hiss edirdilər. Əsər komediya üslubunda
yazılsa da, güclü ictimai motivlərə
geniş yer verilməsi və səhnə
ustalarının məharəti tamaşaçı
ilə hadisələr arasındakı zaman və məkan
fərqini itirmişdi.
Daha əlamətdar bir
hadisə Spendiarov adına İrəvan Dövlət
Opera və Balet Teatrının “Koroğlu” operasını
tamaşaya qoyması oldu. Tamaşa
göstərilməzdən əvvəl teatrın direktoru
Varjapetyan radioda səslənən müsahibəsində
operanın rejissor Əcəmyanın quruluşunda
səhnələşdirildiyini, Budaqyanın isə
tamaşanın dirijoru olacağını da
açıqlamışdı. Baş rolların
ifaçıları isə Sara-Talyan və Duşik
Xaçaturyan idi. Tamaşa iyun ayının
ortalarında göstəriləcəkdi. Qeyd
edək ki, 1941-ci il iyulun 1-də radio ilə sovet xalqına
müraciət edən Stalin düşmənə qarşı
mübarizədə mətin olmaq üçün başqa
xalqların qəhrəmanları sırasında Azərbaycan
xalqının qəhrəman oğlu kimi Koroğlunun da
adını çəkmişdi. Bundan
əvvəl 1938-ci ilin aprelində Moskvada Azərbaycan
incəsənəti dekadası keçiriləndə Stalin
“Koroğlu” operasına iki dəfə tamaşa
edərək ürəkdən bəyəndiyini, bu
əsərin uvertürasından tutmuş, final
səhnəsinə qədər insanları
mübarizəyə səsləyən böyük bir
musiqi olduğunu etiraf etmişdi.
1939-cu
ildə Səməd Vurğun “Xanlar” pyesini qələmə
aldı və Azərbaycan Dram Teatrı kimi, İrəvan
Azərbaycan Dram Teatrı da bu əsəri tamaşaya qoymaq
üçün hazırladı. Əslində isə
məqsəd “dahi rəhbərin” obrazını
səhnədə canlandırmaqla özlərini həmin
dövrdə adamları qarabaqara izləyən repressiya
təhlükəsindən sığortalamaq idi.
1940-cı ilin teatr
mövsümündə İrəvan
tamaşaçılarına təqdim edilən “Xanlar”
pyesinin quruluşçu rejissoru Baxşı
Qələndərli Stalinin obrazını yaratmaqdan
ötrü “Partiyamızın şanlı tarixini” daha
yaxşı öyrənmək lazım gəldiyini
vurğulayırdı: “Onun üçün
də mən ÜİK(b) P tarixinin qısa kursunu, Stalin
yoldaşın həyat və fəaliyyəti, köhnə
bolşeviklərin böyük Stalin haqqındakı
xatirələrini, Tbilisidə 1 may nümayişi, Stalin
yoldaşın bütün qurultay və
yığıncaqlardakı məruzə və
çıxışlarını və s. materialları
dərindən öyrənmişəm.”
Koba rolunun
ifaçısı Əli Zeynalov bu işin məsuliyyətini
tam dərk edirdi. Kiçicik bir səhv aktyorun məhvinə
səbəb ola bilərdi. Yalnız Əli Zeynalov deyil,
İ.Hüseynov, Əli Şahsabahlı, A.Tağıyev
tarixi obrazlar üzərində işləyərkən bu
təhlükəni unutmurdular.
Əsər tamaşaya
qoyulduqdan sonra məlum oldu ki, həm rejissor, həm də
aktyorlar öz vəzifələrinin öhdəsindən
uğurla gələ biliblər. Tamaşanı
bütövlükdə xarakterizə edən M.Asim pyesin məzmunu
və kollektivinin işini yüksək qiymətləndirirdi.
Müharibə dövrünün siyasəti tələb edirdi
ki, tamaşaya qoyulan hər bir əsər adamlarda
vətənpərvərlik hisslərini
gücləndirsin. Ona görə
də teatr bu sahədə həmişə
axtarışlar aparırdı. Yadelli
işğalçılara qarşı tamaşaçıda
nifrət oyadan, günün tələbinə cavab
verən əsər axtaran teatr rəhbərliyi
S.Vurğunun “Vaqif” pyesinə müraciət etdi. 1937-ci ildə
yazılan “Vaqif” əsəri 1938-ci ildə Adil
İsgəndərovun rejissorluğu ilə tamaşaya qoyuldu.
Əsərə görə şair Stalin mükafatı
aldı. İrəvan Azərbaycan Dram Teatrı
B.Qələndərlinin rejissorluğu ilə əsəri
səhnələşdirdi.
Həmin dövrdə
“hər şey cəbhə üçün, hər şey
qələbə üçün”” şüarı hakim
olduğundan məhəbbət mövzusunda
əsərlər hamı tərəfindən qınaq
obyektinə çevrilmişdi. Bu məqamı
nəzərdən qaçıran Ə.Şahsabahlı
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini
tamaşaya qoyduğu üçün tənqid
atəşinə məruz qaldı.
İrəvan Azərbaycan
Teatrının vətənpərvərlik hissləri
aşılayan uğurlu tamaşalarından biri də
1943-cü ilin mayında səhnələşdirilən
“Nizami” pyesidir. Məlumdur ki, 1941-ci ildə böyük
şairin anadan olmasının 800 illik yubileyi bütün
SSRİ miqyasında, hətta blokada şəraitində olan
Leninqradda (Sankt-Peterburq) da qeyd edilib. Bu münasibətlə
S.Vurğun “Fərhad və Şirin”, M.S.Ordubadi “Qılınc
və qələm” əsərlərini yazıblar.
M.Hüseyn də Nizami mövzusunda öz qələmini
sınayaraq eyniadlı pyes yazıb. Erməni dilini
mükəmməl bilən professor Mirəli Seyidov o vaxtlar
İrəvan şəhərində bu tamaşaya baxaraq
əsər haqqında geniş rəy yazıb.
1945-ci ildə Əli
Zeynalov 11 il işlədiyi İrəvan Azərbaycan Dram
Teatrının səhnəsində bir sıra obrazlar
yaratdıqdan sonra Bakıya döndü.
Müharibə
qurtardıqdan sonra teatr öz ənənələrinə
sadiq qalaraq 1946-cı il dekabrın 8-də “Müsyö Jordan
və Dərviş Məstəli şah” əsərinin ilk
tamaşasının 50 illiyi münasibətilə
əsəri yenidən səhnələşdirdi.
Azərbaycan
teatrının Ermənistanın paytaxtında
fəaliyyət göstərməsi, təbbi ki,
ermənilərin xoşuna gələ bilməzdi. Onlar
bircə gün də öz mənfur xislətlərindən
əl çəkməmişdilər. Moskvanın təsiri
ilə bəzi güzəştlərə getsələr
də, öz məqsədlərindən əl
çəkmirdilər. Hələ 1942-ci ildə A.İ.Mikoyanın hazırladığı layihə
əsasında SSRİ Dövlət Müdafiə
Komitəsində Azərbaycan xalqının Sibir və
Qazaxıstana köçürülməsi haqqında
məxfi qərar hazırlanmışdı, 1945-ci il
noyabrın 21-də SSRİ Nazirlər Soveti xaricdə
yaşayan ermənilərin Ermənistana
köçürülməsi haqqında qərar
verəndən sonra xarici ölkələrdən
təqribən 100 min erməni köçüb gəldi.
Xaricdən gələn ermənilərlə yerli
kommunistlərin birləşməsi
azərbaycanlıların sıxışdırılması
ilə nəticələndi. Bu sıxıntı
özünü teatrda da göstərirdi. Getdikcə
teatra gələnlər azalır, tamaşalar əvvəlki
coşğunluqla qarşılanmırdı. Teatrın
baş rejissoru Baxşı Qələndərlinin, rejissor
Ə.Süleymanovun, aktyorlardan Ə.Zeynalovun, Ə.Babayevin,
Z.Babayevanın, İ.Hüseynovanın, G.Rəhimovanın,
A.Tağıyevin və onlarla teatr fədaisinin ciddi səyləri
nəticəsində teatr öz işini zəif də
olsa davam etdirirdi. Belə ki, teatr kollektivi
məktəblərə gedir, rayon və kəndlərdə
kolxozçular və məktəblər üçün
tamaşalar göstərirdilər. Onların repertuarında
gənc Azərbaycan dramaturqu İlyas Əfəndiyevin
“İşıqlı yollar” pyesi əsas yer tuturdu. Bu pyesi
göstərə bilmək üçün rejissorlar hər
şeyə əl atırdılar. Məsələn, raykom
katibi kişi olduğu halda, onu qadın surəti və
qadın rolu ilə əvəz edirdilər.
1949-cu ildə
S.S.Axundovun “Eşq və intiqam” pyesi tamaşaya qoyuldu.
Güclü
əsərlərlə tamaşaçıları teatra
cəlb etmək niyyətində olan B.Qələndərli
1949-cu ilin əvvəllərində S.Vurğunun “Fərhad
və Şirin” pyesini səhnələşdirdi.
Tamaşanın uğurları haqqında o vaxt geniş rəy
yazmış Ə.Nağıyev və M.Seyidov deyirdilər: “Fərhad və Şirin” dramını
müvəffəqiyyətlə tamaşaya qoymaqla C.Cabbarlı
adına Azərbaycan Dövlət Dram teatrı kollektivi bir
daha öz yaradıcılıq iqtidarını və vətən
müharibəsi günlərində fədakar
əməklə xalqa xidmət etdiyini nümayiş etdirir”.
Buna baxmayaraq,
İrəvanda azərbaycanlı əhalinin azalması
teatrın fəaliyyətini dayandırmağa məcbur
edən faktorlardan biri idi. SSRİ Nazirlər
Sovetinin “Kolxozçuların və digər azərbaycanlı
əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında”
23 dekabr 1947-ci il tarixli qərarı azərbaycanlıların
deportasiyası üçün başlıca sənəd
oldu. 3 ay sonra yenə SSRİ hökumətinin 10 mart
1948-ci il tarixli “Kolxozçuların və digər
azərbaycanlı əhalinin Ermənistan SSR-dən
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi üzrə tədbirləri”
haqqında qərarı prosesi daha da sürətləndirdi.
Ermənistanda yaşayan 100 min azərbaycanlı - 1948-ci
ildə 10 min nəfər, 1949-cu ildə 40 min nəfər,
1950-ci ildə 50 min nəfər olmaqla deportasiya
olundular.
Beləliklə,
İrəvan Azərbaycan Dram Teatrı 1949-cu ildə öz
fəaliyyətini dayandırdı.
Bu günlərdə
Cəfər Cabbarlı adına İrəvan Azərbaycan
Dövlət Dram Teatrının 125 illiyi qeyd olunur. Bu isə
teatrın yaranma tarixinə yenidən nəzər salmağı
tələb edir. İrəvan Azərbaycan teatrının
birinci dövrünü tədqiqatçılar sovet rejimi
zamanında siyasət xatirinə 1882-1918-ci, ikinci
dövrünü 1922-1928-ci illərə aid edirlər.
Dövlət Statuslu dövr kimi 1928-1949, dördüncü
dövrü kimi isə 1949-1987-ci illər
götürülür.
Biz isə İrəvan
Azərbaycan Teatrının tarixini aşağıdakı kimi
dövrləşdirməyi daha elmi hesab edirik:
Birinci dövr:
Təşəkkül və formalaşma dövrü
(1882-1922);
İkinci dövr:
Dövlət Statuslu yüksəliş dövrü (1929-1949);
Üçüncü
dövr: Dövlət Statuslu yeni mərhələ (1967-1988).
Yeni
Azərbaycan.-2007.-26 may.-S.12.