Salmanov R.

 

Teatrın yubileyi ərəfəsində yeni sənət uğurları

 

Son dövrdə İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, Hidayətin “Bu dünyanın adamları”, “Durnalar qayıdanda”, Elçinin “Poçt şöbəsində xəyal”, Tamara Vəliyevanın “Mənim ağ göyərçinim”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”, İftixar Piriyevin “Dan yeri söküləndə” və bir-birindən maraqlı onlarca digər səhnə əsərləri ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu il 125 yaşı tamam olur. Bədnam qonşularımız tərəfindən ölkəmizə qarşı qondarma torpaq iddiaları başlanan gündən Bakıya pənah gətirmiş İrəvan Teatrı uzun illər öz binası olmadığına baxmayaraq, bir an belə yaradıcılıqdan qalmayıb, yeni-yeni tamaşalarla daim öz pərəstişkarlarını sevindirmişdir.
Artıq bir neçə aydır ki, teatr kollektivi yubiley tamaşaları ilə ölkəmizin ayrı-ayrı bölgələrində qastrol səfərlərində olmuş və bu günlərdə Bakıya dönmüşdür. Hər yerdə hörmət və ehtiramla qarşılanmalarını qeyd edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev yaxşı əsərə, eləcə də gözəl aktyor oyununa hələ də böyük maraq olduğunu xüsusi qeyd edərək bu səbəbdən tamaşalarının daim anşlaqla keçdiyini bildirdi. Yubiley tamaşaları sırasında “Durnalar qayıdanda” və “Bu dünyanın adamları”, “Poçt şöbəsində xəyal”, “Mənim ağ göyərçinim” və digər tamaşaları xüsusi qeyd etmək yerinə düşərdi. Bu gün kollektivimiz artıq formalaşıb, dəyərli aktyorlar öz yerini tapıb. Onlardan biri də sevimli aktyorumuz, xalq artisti Arif Quliyevdir. Ömrünün 35 ilindən çoxunu sevdiyi peşəyə həsr etmiş aktyor müxtəlif məzmunlu saysız-hesabsız obrazlar qalereyası yaratsa da, ön planda daim gülüş doğuran, düşündürən maqamlar olub. Son illər öz taleyini bizim teatra bağlamış akytorun bu teatra da bir sıra yaddaqalan rolları var. “Durnalar qayıdanda”da hamamçı Mirzəqulu Qulamoviç, “Müqəddəs Valentin günü”ndə bəstəkar Qudyalsoy, “Bu dünyanın adamları”nda Səkinənin əri, “Dan yeri söküləndə”də Dursun, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”unda Hambal və bir çox digər rolları misal çəkmək olar. Onun səhnəyə hər çıxışı, oynadığı rolların xoş təəssüratı yəqin ki, tamaşaçıların uzun müddət yadından çıxmayacaq.
Digər aktorlarımız — əməkdar artistlərdən Vidadi Əliyev, Süleyman Nəcəfov, Elmira Əliyeva, Tamilla Abdullayeva və başqalarının da adını çəkməyə bilmərəm. Ümumən aktyorların hamısı bu gün bütün ağırlığı öz çiyinlərində çəkirlər. Daha əlamətdar məqamlardan biri də möhtərəm Prezidentimiz İlham Əliyevin sənət adamlarına göstərdiyi diqqət və qayğıdır. Sevimli aktyorumuz Arif Quliyev Prezident təqaüdünə layiq görülüb. Elə bilirəm, Prezidentin bu sərəncamı Arif Quliyevin bu günlərdə qeyd oluacaq ad gününə ən layiqli töhfədir.
Dövlət başçımızın sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə bütün sənətçilər adından və öz adından təşəkkürünü bildirən Arif Quliyev bundan sonra da daim xalqa gülüş bəxş edəcəyini dedi.
Biz də sevimli aktyorumuzu bu yüksək mükafat və ad günü münasibətlə ürəkdən təbrik edir, ona cansağlığı və işlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

 

Xalq qəzeti.-2007.-16 may.-S.6.