Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin doğum günü onun
şəxsiyyətinin, qeyri-adi bacarığının və
bənzərsiz insani keyfiyyətlərinin miqyası
barədə bir daha dərindən düşünmək
üçün fürsətdir. Dövlət xadimi və
siyasi xadim istedadı, parlaq zəka və fenomenal yaddaş,
geniş ürək, ədalətlilik, sədaqət,
uzaqgörənlik, sevmək qabiliyyəti və bir çox
digər mənəvi xüsusiyyətlər bir insanın —
Heydər Əliyevin simasında cəmləşmişdi.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
nəvəsi, Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəsi, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutundakı Azərbaycan klubunun
prezidenti Leyla Əliyeva AzərTAc-ın müxbirinə
məxsusi müsahibəsində demişdir: “Babam haqqında
xatirələrim o qədərdir ki, sözlə demək
mümkün deyildir. Biz Moskvada görkəmli
siyasətçi və dövlət xadimi Heydər Əliyevin
xatirəsinə həsr olunmuş gecə keçirdik. Mən
Heydər Əliyevin xatirə gecəsini məhz Moskvada,
Rusiyada təşkil etmək istəyirdim.
Düşünürəm ki, gecə yaxşı keçdi,
mən onun fəaliyyəti barədə, ən əsası
isə babam, doğma, yaxın və sevimli insan haqqında
danışdım. O, məni çox istəyir və
həmişə deyirdi ki, nənəmə çox
oxşayıram. Biz onunla saatlarla çox şey barədə
söhbət edirdik. O, həqiqətən, qeyri-adi və
valehedici insan, mənim üçün həm dost, həm
baba, həm dəstək və həm də dayaq idi. Bir
sözlə, o, mənim üçün hər şey idi
və çox təəssüflər olsun ki, indi o,
bizimlə deyildir. Ancaq onun, əslində, xilas etdiyi və
yenidən yaratdığı Azərbaycan, onun bütün
xeyirxah işlərini davam etdirən Heydər Əliyev Fondu
yaşayır”.
Leyla Əliyeva Heydər Əliyev Fondunun Moskvada necə
fəaliyyət göstərəcəyi barədə də
danışmışdır: “Biz xalqlarımız arasında
dostluğun möhkəmləndirilməsi işinə
hərtərəfli kömək edəcək, habelə
Azərbaycanın mədəniyyətini, tarixini təbliğ
edəcək, Rusiya cəmiyyətinə müasir
Azərbaycanın reallıqlarını
göstərəcəyik. Bizim gənclərimiz çox
fəaldırlar, mən onlarla işləməyimə
çox şadam, çünki hiss edirəm ki, onların
ürəyi Azərbaycan xalqı üçün, doğma
Azərbaycan üçün döyünür. Bu, çox
xoşdur. Düşünürəm ki, biz birlikdə
çox şeyə nail olacağıq”.
Leyla Əliyeva vurğulamışdır ki, Heydər
Əliyevin fəaliyyətindən bəhs edən bir çox
kitablar yazılmışdır, lakin bu böyük
şəxsiyyət barədə bir kitabda söhbət
açmaq mümkün deyildir. O demişdir: “Biz xatirə
gecəsinə gələnlərə ”Görkəmli
insanların həyatı” seriyasından “Heydər Əliyev”
kitabını payladıq. Düşünürəm ki,
qonaqların əksəriyyəti Moskvada işlədiyi
dövrdə böyük nüfuza malik olmuş və xeyirxah
işlər görmüş Heydər Əliyev
haqqındakı bu kitabı artıq oxumuşlar. Bu kitabda
Heydər Əliyev, əsasən, siyasi xadim və
dövlət xadimi kimi təqdim olunur. Mənim isə öz
ideyam var, ola bilsin, gələcəkdə Heydər Əliyev
haqqında öz kitabımı yaza biləcəyəm. Onu
baba, ailə başçısı kimi təqdim etmək,
uşaqları ilə necə ünsiyyət
bağlamasından söhbət açmaq istəyirəm.
Çünki bu ayrıca tarix, onun qeyri-adi insan olmasını
göstərən ayrıca böyük bir aləmdir. Bu
barədə az adam bilir. O, çox xeyirxah, düzgün,
ədalətli və güclü insan idi. O, bizimlə olanda
elə bilirdik ki, arxamızda dağ var. Onunla
ünsiyyətdən alınan zövqü sözlə izah
etmək mümkün deyil, çünki bu insanla istənilən
mövzuda danışmaq olurdu. Nə qədər
məşğul olsa da həmişə mənim
məktəb, universitet işlərimlə, dostlarımla
maraqlanırdı. O, hər şeyi, hətta mənim
dostlarımın, tanışlarımın adlarını da
bilirdi. Bəzən deyirlər ki, əvəzedilməz adamlar
yoxdur, mən bu fikirlə razı deyiləm, Heydər
Əliyev əvəzolunmaz insan idi.
Xalq qəzeti.-2007.-12 may.-S.3.