"Heydər Əliyev irsinin tədqiqinin təbliği" mövzusunda
kitab sərgisi
Mayın 8-də Vergilər
Nazirliyi yanında iri vergi ödəyiciləri
ilə iş üzrə departamentdə
Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü
münasibətilə "Heydər
Əliyev irsinin tədqiqinin təbliği"
mövzusunda kitab sərgisi keçirilmişdir.
Sərgidə ulu öndərin həyat və fəaliyyətini, zəngin
idarəçilik təcrübəsini,
respublikamızın sosial-iqtisadi
inkişafı və beynəlxalq aləmdəki
nüfuzunun artırılması
məqsədilə apardığı
ardıcıl, məqsədyönlü
siyasəti, elm, təhsil,
mədəniyyət sahəsindəki
xidmətini əks etdirən 500-dən çox
kitab nümayiş olunmuşdur.
Açılış mərasimində çıxış edən kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz Kəngərli bildirmişdir ki, 2003-cü ildə Mərkəzi Elmi Kitabxanada "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev" kitabxanası yaradılmış və bu fondda ən müxtəlif yazıçıların, alimlərin və siyasətçilərin Heydər Əliyevlə bağlı 2500-dən çox əsəri toplanmışdır. Natiq qeyd etmişdir ki, Mərkəzi Elmi Kitabxana ulu öndərin siyasi irsinin təbliği məqsədilə Azərbaycanın bütün regionlarına səfər etmək, ictimaiyyətlə görüşmək, bu dahi insanın gördüyü işlərin mahiyyətini onlara açıqlamaq niyyətindədir. Bu məqsədlə belə sərgilərin ilboyu müxtəlif bölgələrdə, dövlət müəssisələrində, elm və təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulur.
Ümummilli liderin müasir Azərbaycan dövlətinin banisi olduğunu bir daha vurğulayan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Qasımov hər bir Azərbaycan vətəndaşının Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk etdiyini diqqətə çatdırmışdır.
N.Qasımov qeyd etmişdir ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət-cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Nazir müavininin sözlərinə görə, bu gün əsas məqsədlərdən biri də köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Bu baxımdan, N.Qasımov vurğulamışdır ki, ulu öndər Heydər Əliyev bütün həyatını, ömrünü, zəkasını məhz böyük milli məqsədlərə sərf etmişdir. Heydər Əliyevin dövlətçiliyə sonsuz sədaqəti və millətsevərliyi sözün həqiqi mənasında nəsillərə örnəkdir. Bu səbəbdən, nazir müavini belə sərgilərin digər vergi orqanlarında, o cümlədən ərazi vergilər idarələrində də keçirilməsinin zəruriliyini qeyd etmişdir.
Sonra tədbir iştirakçıları sərgiyə
baxış keçirərək
nümayiş olunan kitablarla yaxından tanış olmuşlar.
Respublika.- 2007.- 9 may.- S. 7.