Ulu öndərin
informasiya-kommunikasiya texnologiyaları
sahəsində rolu
Mayın 10-da
müstəqil Azərbaycan dövlətinin banisi Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN)
geniş qeyd olunmuşdur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov parlaq və təkrarsız şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, onun xalqımız qarşısında misilsiz xidmətlərindən danışmışdır. Nazir demişdir ki, ümummilli lider informasiya-kommunikasiya texnologiyalarının perspektivini daim hiss etmiş və bu sahədə inkişafa nail olmaq üçün ardıcıl səylər göstərmişdir. Azərbaycanda mobil rabitənin bu gün yüksək inkişaf səviyyəsi də məhz Heydər Əliyevin səylərinin bəhrəsidir. 1994-cü ildə "Bakcell" və
1996-cı ildə "Azercell" birgə müəssisələrinin yaradılması Azərbaycanda mobil rabitənin inkişafının əsasını qoymuşdur. Ölkənin rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də ümummilli liderin səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyev Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkili istiqamətində lazım olan bütün tədbirləri görmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş işləri bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün məqsədyönlü işlər aparır.
Ə.Abbasov RİTN tərəfindən "Heydər Əliyev və informasiya-kommunikasiya texnologiyaları siyasəti" adlı kitabın yenicə nəşr olunduğunu bildirmişdir. Natiq kitabda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən çox müddətdə respublikada rabitənin, elektron avadanlığının, informasiya texnologiyaları və telekommunikasiyanın inkişafı və müasir səviyyəyə yüksəlməsi üçün gördüyü işlərin xülasəsi verildiyini qeyd etmişdir.
Tədbirdə iştirak edən akademik İsmayıl İbrahimov ulu öndərin bənzərsiz tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyinin təşəkkülündə əvəzsiz xidrnətlərin, onun dövlət quruculuğu sahəsində təcrübəsinin ölkəmizin davamlı inkişafını daim himayə etdiyini vurğulamışdır.
"Heydər Əliyev və informasiya-kommunikasiya texnologiyaları siyasəti" adlı kitab tədbir iştirakçılarına paylanmışdır.
Kitaba rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov ön söz yazmışdır. Toplu üç bölmədən ibarətdir. I bölmədə fərmanlar, sərəncamlar, qərarlar və protokollar verilmiş, II bölmədə Heydər Əliyevin rabitə xidməti ilə əlaqədar tədbirlərdə çıxışları, nitqləri, III bölmədə isə Heydər Əliyevin Azərbaycanın rabitə sistemi ilə əlaqədar söylədiyi fikirlər, dediyi sözlər toplanmışdır. Kitabda Heydər Əliyevin rabitə ilə bağlı tədbirlərdə çəkilmiş fotoşəkilləri və ulu öndərə həsr olunmuş poçt markaları əks olunmuşdur.
İki sahil.- 2007.- 11 may.- S. 6.