Strasburqdakı
“Azərbaycan Evi” Fransa Universiteti ilə
əməkdaşlıq edir
Azərbaycanla bağlı həqiqətlərin, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın Fransada təbliği sahəsində uğurlu fəaliyyət göstərən Strasburqdakı "Azərbaycan Evi" cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurmuşdur. Cəmiyyət və universitet Azərbaycanla bağlı bir neçə maraqlı tədbir həyata keçirmişdir.
Bu əlaqələrin daha da inkişaf etdirilməsi yolunda yeni bir təşəbbüs göstərilmişdir. Universitetin Türk dili departamenti ilə "Azərbaycan Evi" arasında əldə olunmuş razılığa əsasən, universitet kitabxanasının Azərbaycana və ümumən türk dünyasına dair şöbəsinin "Azərbaycan Evi"nin kitabxanasında filialı fəaliyyət göstərəcəkdir. Departamentin direktoru Stefan Detapia və cəmiyyətin sədri Mustafa Alınca bu barədə müqavilə imzalamışlar.
Müqaviləyə əsasən, ilkin olaraq, universitet kitabxanasının türkdilli xalqlara dair ədəbiyyatının bir hissəsi "Azərbaycan Evi"nin kitabxanasına verilir. Bu siyahıya müxtəlif lüğətlər, arxiv sənədləri, Qarabağın, Qacarlar sülaləsinin tarixinə dair ayrı-ayrı illərdə çap edilmiş kitablar və digər əsərlər daxildir. Həmin ədəbiyyatdan sərgilərin təşkil olunması, türk dünyasının, o cümlədən Azərbaycanın tarixinə, ədəbiyyatına, iqtisadiyyatına və digər sahələrə maraq göstərən tələbələrin və tədqiqatçıların istifadəsi nəzərdə tutulur.
S.Detapianın Azərbaycan diasporuna dair sənədlər əsasında silsilə məqalələr hazırlayaraq, elmi məcmuələrdə dərc etdirməsi barədə də razılaşma əldə olunmuşdur. Məqalələrdə Azərbaycan diasporunun tarixi, Azərbaycan dövlətinin diasporun təşkilatlanması istiqamətindəki fəaliyyəti öz əksini tapacaqdır. Xatırladaq ki, "Azərbaycan Evi"nin yeni yaradılmaqda olan kitabxanasına son zamanlar Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti və siyasi həyatına dair müxtəlif kitablar daxil olmuşdur. Kitabxana Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun bütün ölkələrə, o cümlədən Fransaya göndərdiyi ədəbiyyat və digər vəsaitlər hesabına daha da zənginləşmişdir.
Ədəbiyyat qəzeti.- 2007.- 4 may.- S. 1.