Şirvanşahlar Sarayı ilə tanışlıq

 

Mayın 11-də Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyində olmuşdur.
XV əsr memarlıq sənətimizin nadir nümunəsi olan bu kompleks barədə hörmətli qonağa ətraflı məlumat verildi.
Kompleksi maraqla gəzən xanım Tülay Tuğcunun sualları cavablandırıldı, bildirildi ki, bu tikinti Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar inşa olunmuşdur. 1420-60- illərdə ovaxtkı Bakının ən hündür sahəsində ucaldılmış saray relyefə uyğun olaraq 3 qatda tikilmişdir. Üst qatda saray binası ona bitişik divanxana, aşağı həyətdə minarəli Şah məscidi türbə, böyük din xadimi Seyid Yəhya Cəlaləddin Bakuvinin türbəsi Keyqubad məscidi yerləşir. Şimaldan giriş qapısı yaxınlığında hamam, Şah kəhrizi 500 min litr su tutan ovdanın qalıqları da durur. Burada şahın ailə üzvlərinin məzarları da saxlanılır. Kompleksi memar Əli tikmişdir.
Tarix, etnoqrafiya, memarlığa dair zəngin məlumatlılığı, marağı dərhal hiss olunan xanım Tülay Tuğcu qardaş Azərbaycan Bakı haqqında oxuyub eşitdiklərinin bir daha əyani şahidi olduğunu, xalqımızın dini tolerantlığını, Qərb-Şərq sivilizasiyasının, islam-xristian dinlərinin qovuşduğu çox nadir bir məkanda yerləşdiyini xüsusi vurğuladı. Tanışlıqdan sonra xanım Tülay Tuğcu Şirvanşahlar Sarayının xatirə kitabına yazdığı ürək sözlərində Bakını, xalqımızı həmişə böyük məhəbbətlə xatırlayacağını bildirdi.
Türkiyənin Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu, müavini Haşim Kılıc məhkəmənin hakimi Alparslan Altan sarayın əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.
Qonaqlar Bakı rəsm qalereyasının eksponatlarına da baxdılar.

Xalq qəzeti.-2007.-12 may.-S.4.